Məhkəmə qərarları › İş №2-1(114)-1271/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1271/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1271/2020 09.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(112)- 697/2020 nömrəli qərardad ilə iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə dəftərxanasına xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, cavabdehin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi ilə əvəz olunmasının məhkəmədən xahiş etmişdir. İş üzrə hazırlıq icraatı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Gəncə İnzibati Məhkəməsi iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsini təmin edərək, cavabdehi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi ilə əvəz etmiş və bu barədə xx.xx.2020-ci il tarixli, 2- 1(114)-1271/2020 nömrəli qərardad qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddiaçı hazırki tələblə müvafiq orqana Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə müraciət etməli və sonuncu 30 gün müddətində bundan imtina etdikdə və inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilmədikdə bu tələblə məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı cavabdeh orqana müraciət etməmişdir. Beləliklə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, onun tərəfindən həmin Məcəllənin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçıın hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir ki, bu hal da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar