Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1273/2023 23.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1993-94-95-ci illərdə əmək haqqının hesablanmadığı 1 il 11 ay iş müddətinin sosial sığorta stajına daxil olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2022-ci tarixdə 65 yaşı tamam olduğu üçün cavabdeh tərəfindən yaşa görə 180 manat müavinət təyin olunmuşdur. Cavabdehə ona yaşa görə əmək pensiyasının təyin olunmasını bildirdikdə ümumilikdə 23 il 7 ay 7 gün sığorta stajının olduğunu, belə ki, Fondun Gəncə-Daşkəsən Regional filialının X5 Filialı ilə xx.xx.2022-ci il tarixdə tərtib etdiyi akta əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti dövründə 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay əmək haqqı hesablanmayan aylar sığorta stayına daxil edilmədiyi üçün əmək pensiyası yox, yaşa görə müavinət təyin edilmişdir. Cavabdehin imtinasında qeyd edilmişdir ki, cəmi 1 il 11 ay əmək haqqı hesablanmadığını göstərən məlumat olmadığı üçün sığorta stajına daxil olmamışdır, yəni tələb olunan 25 il tamam buna görə olmamışdır. Cavabdehin imtina cavabından görünür ki, əslində onun 25 il sığorta stajı tamam olub, amma 1 il 11 ay müddətində əmək haqqlarının hesablanmadığına görə 1 il 11 ay staja daxil olmamış, 25 il tamamlanmamışdır. Qeyd olunan əmək haqqının hesablanaraq əmək haqqı kitabının arxivə təhvil verilməsi onun vəzifəsi deyil. Belə ki, əmək haqqı işəgötürən tərəfindən hesablanır, verilir. O, həmin illər (1993-94-95) əmək haqqı almışdır. Amma əmək haqqının hesablanması haqqında məlumatın olmamasının səbəbi ona aydın deyil, bu dövlət orqanının öz-vəzifəsini düzgün icra etməməsindən irəli gəlmişdir, məhz bu səbəbdən ona yaşa görə müavinətin təyin edilməsi cavabdeh tərəfindən qanunsuzdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və digər sənədlərin surətlərinə əsasən sığorta stajı xx.xx.1973-сü il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-сi il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 23 il 7 ay 7 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim olunan əmək kitabçasında qeyd olunmuş xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılmasına zərurət yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional fillalının X5 Filialı ilə xx.xx.2022-ci il tarixdə tərtib etdiyi akta əsasən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövründə 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay əmək haqqı hesablanmayan aylar sığorta stajına daxil edilməmişdir. Odur ki, iddiaçının mübahisəsiz iş stajı cəmi 23 il 7 ay 7 gün təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci madəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Daşkəsən Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli arayışı, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-439/2023 nömrəli arxiv arayışı, Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-34-23/2- 60/2023 nömrəli məktubu, iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, AT-İİİ ******* nömrəli əmək kitabçasının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunun surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1993cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqeni əmək haqlarının hesablanması kitablarının arxivə mühafizə olunması üçün təhvil verilməməsi ilə əsasladırmışdır. Halbuki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASCdə fasiləsiz işləməsi əmək kitabçasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli, 3-34-23/2-60/2023 nömrəli arxiv arayışında xx.xx.1993-cü il tarixli 81 nömrəli əmrdən çıxarışda iddiaçının avtobus sürücülüyündən kənar olunması qeyd olunsa da bu fakt iddiaçının işdən azad olunması kimi qiymətləndirilməməlidir. Belə ki, həmin arayışdan da görünür ki, iddiaçı sözügedən müəssisədə fasiləsiz işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, belə ki, sözügedən məsələlərin işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 01 iyul 2020-ci il tarixdən kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 23 il 7 ay 7 gün olması qeyd edilmişdir. İddiaçının 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay "xxxx" ASC işlədiyi dövr, ümumilikdə 1 il 11 ay müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 25 il 6 ay 7 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının "xxxx" ASC-də 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995ci ildə 12 ay işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov