Məhkəmə qərarları › İş №2-1(114)-1276/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1276/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1276/2024 17.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinin enerji təchizatına qoşulması üçün texniki şərtin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinə dair AA № 615637 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı xx.xx.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və sonuncu tərəfindən fərdi yaşayış evinin 35 kV-luq “Qazdoldurma” adlanan yarımstansiyadan çıxan 35 kV-luq xəttin mühafizə zonasında yerləşdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndinin tələblərinə əsasən həmin fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinin enerji təchizatına qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nətavan qəsəbəsində mülkiyyətində olan torpaq sahəsində tikilmiş yaşayış evinin enerji təhcizatı şəbəkəsinə qoşulması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 06 fevral 2023-cü il tarixli məktubu ilə müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, "ASAN xidmət” mərkəzinə daxil olmuş müraciəti əsasında "xxxx" ASC tərəfindən tikilinin 35 kv-luq hava xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilərək fərdi yaşayış evinin şəbəkəyə qoşulmasından imtina edilmişdir. Bundan sonra qeyd edilir ki, "Elektrik qurğularının quraşdırılması" haqda Qaydalara əsasən elektrik xətlərinin mühafizə sahələrində ev və digər tikintilərin aparılması qadağan edilir. Ancaq həmin qaydalarda elektrik şəbəkələrinin mühafizə zolağında yerləşən tikinti obyektlərinin elektrik enerji təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də tikintinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkələrinə qoşulmasından imtina edilməsinə əsas ola bilməz. Ancaq "xxxx" ASC gələcəkdə yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması, məsuliyyət məslələrinin ortaya çıxa biləcəyini nəzərə alaraq mühafizə zonalarında tikilmiş obyektlərin enerji təchizatına qoşulması yolverilməz hesab edilmişdir. O qanuni əsaslarla torpaq sahəsi almış və mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. Aldığı torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası yaşayış məntəqələri torpaqlarına aiddir. Daha sonra iddiaçı cavabdeh qismində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X8 Təchizatı və Satışı İdarəsini qeyd etməklə, Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatına qoşulması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edərək iddia tələbini dəqiqləşdirmiş, ərizə məhkəmənin qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1877/2023 saylı qərarı ilə (hakim Gülşən Əliyeva) iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-718/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1877/2023 saylı qərarının ləğv edilməsi, iş materiallarının birinci instaniya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh orqanın iddiaya qarşı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiiyyətində olan torpaq sahəsində tikilmiş yaşayış evinin enerji təhcizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və bu səbəbdən rədd olunmalıdır. Belə ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı xx.xx.2021-ci il tarixli ATS**********9668 nömrəli" ərizəsinə baxılmışdır və "ASAN xidmət" mərkəzindən imtina cavabı gəlmişdir. İmtina olunması səbəbi məlum olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu Natavan qəsəbəsi ünvanında da yerləşən fərdi yaşayış evi, 35/10kv-luq "Qazdoldurma" adlanan yarımstansiyadan çıxan 35 kv-luq xəttin muhafizə zonasınsında yerləşir. Bununla bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçinin və yaxud istifadəçinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riyat edilməklə, kənd təsərrüfatı və diqər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması , təmiri,yenidən qurulması və sökülməsi qadağandır.Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyildir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatına qoşulması üçün texniki şərtin verilməsi vəzifəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 noyabr tarixli, 399 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları” 1.1. Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt dadaxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin. 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikintiobyektinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar enerji təchizatı layihəsinin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.7. enerji təchizatı şəbəkəsi (bundan sonra – ETŞ) – elektrik enerjisininpaylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən ötürücü şəbəkəyə aid olmayan 110 kV və ondan aşağı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu; 1.2.9. sifarişçi – elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinə və(və ya) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslər; 1.2.10. tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (texnoloji qoşulma) –elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik şəbəkəsinə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət; 1.2.11. fiziki qoşulma – sifarişçinin elektrik qurğularını qidalandırması üçün çəkilmişelektrik veriliş xəttinin texniki şərti verən müəssisənin təyin etdiyi qoşulma nöqtəsinə fiziki olaraq birləşdirilməsi; 1.2.18. məişət abonenti – mənzillərdə, yaşayış evlərində, qarajlarda, habeləAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən fiziki şəxs; 1.3. Hər bir sifarişçinin bu Qaydaya uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. 1.6. Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. 2.1. Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxilolmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikintiobyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);2.2.4. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası;2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). 2.3. Tikinti obyektinin ETŞ-yə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatına qoşulması üçün texniki şərtin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, fərdi yaşayış evinin 35 kV-luq “Qazdoldurma” adlanan yarımstansiyadan çıxan 35 kV-luq xəttin mühafizə zonasında yerləşdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndinin tələblərinə əsasən həmin fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasının mümkün deyildir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda mühafizə zonalarında yerləşən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-718/2023 saylı qərardadında qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən fərdi yaşayış evlərinə müvafiq elektrik sayğaclarının hansı əsaslarla quraşdırılması və həmin fərdi yaşayış evlərinə elektrik sayğacları quraşdırılarkən texniki şərtlərin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-718/2023 saylı qərardadında qeyd edilən göstərişlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qonşuluqda yerləşən fərdi yaşayış evlərinə elektrik sayğacları kütləvi qurşadırma zamanı quraşdırılmış və həmin vaxt evlər hamısı yaşayış mövcud olan fərdi yaşayış evləri olmuşdur. Eyni zamanda məhkəmənin yerli baxışı zamanı məlum olmuşdur ki, qonşuluqda yaşayan X3 məxsus olan fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuşdur və bununla bağlı cavabdeh tərəfindən X3 məxsus olan fərdi yaşayış evinə dair 64070 nömrəli texniki şərt məhkəməyə təqdim edilmişdir. Daha sonra məhkəmənin yerli baxışı zamanı qonşuluqda mövcud olan yaşayış evlərinin birində tikinti işlərinin getdiyi müəyyən olunmuşdur və iddiaçının iştirakı ilə həmin ərazidə tikilidə elektrik sayğacının mövcud olub-olmadığı soruşulduqda ev sahibi tərəfindən bildirilmişdir ki, bəli elektrik sayğacı mövcuddur və əvvəldən bura da fərdi yaşayış evi mövcud olub elektrik sayğacı da onda qoşulub, indi sadəcə həmin fərdi yaşayış evi sökülüb yenisi inşa edilir. Beləliklə iddiaçının qonşuluğunda sadəcə 1 ədəd tikilməkdə olan tikili mövcud olmuş həmin tikilinin də yerində əvvəllər fərdi yaşayış evi mövcud olmuş və elektrik sayğacı həmin fərdi yaşayış evinə qoşulmuşdur. Məhkəmə qeyd edir ki, əgər məhkəmə araşdırması zamanı qonşuluqda yerləşən fərdi yaşayış evlərinə və yaxud fərdi yaşayış evi mövcud olmadan torpaq sahəsi üzərində iddiaçının yarımtikilisi kimi tikiliyə elektrik sayğacının quraşdırılması mövcud olsa idi bu halda cavabdeh tərəfindən qonşuluqda yaşayan digər şəxslərə məxsus fərdi yaşayış evlərinin, yarımtikililərin enerji təchizatı ilə təmin edilməsi, iddiaçıya məxsus yarımtikiliyə münasibətdə isə qeyd edilən əsasla imtina olunması, eyni mühüm faktiki hallara malik olan işlər üzrə fərqli yanaşmanı əks etdirərdi və bu mənada konstitusion bərabərlik hüququnun, eləcə də “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsində təsbit olunmuş bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilə bilərdi. Belə ki, istinad olunan normaya görə, cavabdeh eyni mühüm faktiki hallara malik olan işlər üzrə eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının enerji təchizatı şəbəkəsinə qoşulmasını istədiyi torpaq sahəsinə dair mülkiyyət hüququ qeyd alınmış olsa da, həmin torpaq sahəsində yerləşən iddiaçının “ inşa edilmiş fərdi yaşayış evi adlandırdığı” tikinti hazır ev deyil, yarımçıq tikili olmaqla, evin yalnız bünövrəsi qoyulmuş və divarları hörülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən yarımtikili nə fərdi yaşayış evi, nə də tikinti obyekti deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinə əsasən: 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndində də qeyd edildiyi kimi tikinti obyektləri tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır, iddiaçının mülkiyyətində olan yarımçıq tikili isə tikinti obyekti də hesab edilə bilməz, belə ki, tikilinin yalnız bünövrəsi qoyulmuş və divarları hörülmüşdür. İddiaçı “ inşa edilmiş fərdi yaşayış evi adlandırdığı” tikinti ( yarımtikili) üzərində hüququna dair hər hansı hüquqmüəyyənedici sənədi və ya onun hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair müvafiq çıxarışı təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin mahiyyətinə görə, inzibati orqanların inzibati praktikası qanunauyğun olmalıdır. Eləcə də, həmin norma baxımından, inzibati orqanların yalnız qanunauyğun inzibati praktikasına etimad hüququ qorunur. Belə yanaşma qanunun düzgün tətbiqi ilə bağlı ictimai maraqdan irəli gəlir. Nəzərə almaq lazımdır ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin sözügedən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasını təmin etmək öhdəliyi bu qərarın 25-ci bəndində qeyd edilən məlumatların (sənədlərin) sifarişçi tərəfindən təqdim olunduğu təqdirdə yaranır. İddiaçı həmin sənədləri təqdim etmədiyi üçün hazırkı iddia tələbində haqlı sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2023-cü il tarixli, 399 nömrəli qərarı ilə yeni Qaydalar – “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları” təsdiq olunmuşdur. Həmin Qaydaların 2.1 və 2.2-ci bəndlərinə əsasən, mövcud tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi digər məlumatlarla yanaşı həmçinin müvafiq tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatları (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surətini (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda) təqdim etməlidir. Əslində, qeyd edilən tələblər, əvvəlki, yəni artıq ləğv olunmuş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda “sifarişçi”yə verilmiş normativ anlayışda da ehtiva olunmuşdur. Belə ki, həmin Qaydaların 1.2.4-cü bəndinə əsasən, sifarişçi – ETM-in ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçıdır. Nəzərə almaq lazımdır ki, əvvəlki Qaydalar iddiaçının müraciət etdiyi və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunan dövrdə qüvvədə olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının enerji təchizatı şəbəkəsinə qoşulmasını istədiyi fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallardan görünmür. İddiaçı özü də həmin fərdi yaşayış evi üzərində hüququna dair hər hansı hüquqmüəyyənedici sənədi və ya onun hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair müvafiq çıxarışı təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1467/2024 nömrəli qərarında da eyni mövqeni nümayiş etdirmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar