Məhkəmə qərarları › İş №2-1(114)-1277/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1277/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1277/2022 05.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Göygöl rayonu Aşıqlı Bələdiyyəsinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Göygöl rayonu Aşıqlı Bələdiyyəsinə qarşı Göygöl rayonu, Aşıqlı kəndində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayırlmış 0,08 ha torpaq sahəsinin planı və ölçüsünün üst-üstə düşməsinə şərait yaradan, bunun nəticəsində məhkəmə ekspertiza, bununla bağlı vaxt itgisi üçün Göygöl rayon Bələdiyyəsi 2000 (iki min) manat kompensasiya, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin məsul şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar, mənəvi iztirablar keçirdiyi üçün ona vurduqları mənəvi zərərə görə 1000 (min) manat məbləğində pulun ona ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilin may ayının 06 günündə Göygöl rayonu Aşıqlı Bələdiyyəsinə aid olan perspektiv torpaq sahəsindən alqı-satqı müqaviləsi əsasında, fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi almışdır. Həmin vaxt Göygöl rayonun Aşıqlı Bələdiyyəsinin alqı-satqı müqaviləsi əsasında, Göygöl rayon Torpaq şöbəsinin əməkdaşları tərəfindən, Aşıqlı kəndinin ərazisindən plan-ölçüləri qeyd aparmaqla 0,08 ha torpaq sahəsi ona naturada təhvil verilmişdir. Yuxarıda göstərilən vaxtdan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”, X10 kitabında A № 052251 nömrə ilə uçota alınmışdır. 2018-ci ildə ona məlum olmuşdur ki, ona məxsus yuxarıda göstərilən 0,08 ha torpaq sahəsin 0,04 ha hissəsi, X10 kitabında X7 adına qeydə alınmışdır. O, bununla bağlı Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin sədri X6 müraciət etmişdir, baş vermiş xətanın aradan qaldırılmasını tələb etmişdir, lakin Nemət Ələsgərov bu xətanın aradan qaldırılmasından imtina etmişdir. O, öz hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə baxışında torpaq sahəsinin plan-ölçülərinin müəyyən olunması üçün ekspertiza təyin edilmiş, ekspertiza, torpaq sahəsinin ona aid olmasını müəyyən etmişdir. Bu əsasa görə mübahisəli torpaq sahəsi DƏDRX-də, xx.xx.2021-ci il tarixli, 52032032 qeydiyyat nömrəsi ilə onun adına qeydə alınaraq çıxarış verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın təmin edilvəvəsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, 46761887 nömrəli arayış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********27 nömrəli məktubunun surəti, torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetasının surəti, xx.xx.2006-cı il tarixli, 14 nömrəli qəbzin surəti, “Hüquqların dövlət qeydiyyatı haqqında” xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, xx.xx.2021-ci il tarixli, A 674011 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti, Xanlar rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarının surəti, Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, 710 nömrəli aktın surəti, həyətyanı torpaq sahəsi alan vətəndaşların siyahısının surəti, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 06 nömrəli və xx.xx.2022-ci il tarixli, 63 nömrəli məktubları, xx.xx.2008-ci il tarixli, A 052251 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti, xx.xx.2021-ci il tarixli, 165 nömrəli mütəxəssis rəyinin surəti, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-190/2021 nömrəli qərardadı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********98 nömrəli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xanlar (Göygöl) rayonu Aşıqlı Bələdiyyəsinin 05 iyun 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fond torpağından 0,08 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, baza və xəritə məlumatlarına əsasən torpaq sahəsi X9 məxsus, üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan sonra iddiaçı, X9 qarşı çıxarışın ləğv edilməsi tələbi ilə Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır. İş üzrə mütəxəssis rəyi təyin edilmiş və iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsi ilə X9 məxsus 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsinin üst-üstə düşməsi müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbində cavabdeh inzibati orqandan 2000 (iki min) manat məbləğində maddi zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarında olan torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetasının və xx.xx.2006-cı il tarixli, 14 nömrəli qəbzin surətlərindən görünür ki, Göygöl Rayon Məhkəməsində baxılmış 2(066)-190/2021 nömrəli mülki iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair xərc 311 (üç yüz on bir) manat təşkil etmiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsinə münasibətdə 311 (üç yüz on bir) manat inventarizasiya xərcinin ödənilməsi hissəsində təmin edilməlidir. Bundan başqa, iddiaçı hazırki tələbində 1000 (bir min) manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının stress keçirməsi, psixi gərginlik yaşaması və səhhəti ilə bağlı problemlərin yarana bilməsi mümkün olduğundan, iddiaçıya 300 (üç yüz) manat məbləğində mənəvi zərərin ödənilməsi də məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarında iddia tələbinin dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməsi hissəsində əsaslılığına dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbi qismən təmin edilməli, dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 611 (altı yüz on bir) manat (maddi zərər 311 manat + mənəvi zərər 300 manat) məbləğində kompensasiya cavabdeh Göygöl rayonu Aşıqlı Bələdiyyəsindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Göygöl rayonu Aşıqlı Bələdiyyəsindən dəymiş maddi zərərin əvəzi olaraq 311 (üç yüz on bir) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 611 (altı yüz on bir) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar