Məhkəmə qərarları › İş №2-1(114)-1278/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1278/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1278/2024 04.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarın ləğv edilməsi və ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli 256 nömrəli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar ilkin olaraq xx.xx.2006-cı il tarixdə 1 il müddətinə ikinci dərəcə, daha sonra təkrar olaraq xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixdə əyani müayinəsi keçirilərək göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinəsi keçirilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinayından imtina edilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Növbəti dəfə İddiaçı xx.xx.2023-cü il və tarixdə əyani müayinəsi keçirilərək göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

6. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilərək, ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir.

7. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişində iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – H52.2 – Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M 8.0 və 7,0; Yanakı xəstəliklər – H53.0 – Anopsiya nəticəsində ambliopiya, Ambliopiya; Ağırlaşma – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş).

8. Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalının 3422 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Sağ tərəfli vertrebroqen lumbioşalqiya, orta ağrı sindromu ilə. (XBT-10-M54.4) L3-L4 f/a disk yırtığının təkrari cərrahi əməliyyatından sonrakı qalıq əlamətləri. ÜİX.Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ. Şəkərli diabet tip 2. Yüngül forma. Xroniki hepatoxolesistikt. İki tərəfli mikroliotaz. Xroniki piyelonefrit. Prostat vəzin hiperplaziyası” kimi qeyd edilmişdir.

9. Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalının 3422 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Sağ tərəfli vertrebroqen lumbioşalqiya, orta ağrı sindromu ilə. (XBT-10-M54.4). ÜİX. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ. mərhələ.Prostat vəzin hiperplaziyası” kimi qeyd edilmişdir.

10. 2 nömrəli Şəhər Xəstəxanasının Nevrologioya şöbəsinin Stasionar xəstənin kartından 0345397/137 nömrəli çıxarış epikrizində diaqnoz “L4-L5 fəqərəarası dik yırtığı, təkrar cərrəhi əməliyyatdan sonrakı vəziyyət, davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə. Sağ pəncənin parezi. L3-L4 və L4-L5 sekvestrləşmiş ektruziyası” kimi qeyd edilmişdir.

11. Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalı Maqnit Rezonans dsy Tomoqrafiya Bölməsində İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli lumbosakral MRT müayinəsində qeyd edilmişdir: Lumbal lordoz düzlənmişdir. Müayinə sahəsində görünən vertebraların cisminin hündürlüyü Pol normal olub, degenerativ dəyişikliklər müşahidə edilmişdir. Aşağı torakal və Jumbal vertebraların ön qonşu künclərində osteofitlər qeyd olunmuşdur. L3 - L4 fəqərəarası məsafə daralmış, bu vertebraların biri-birinə qonşu qapayıcı səthlərində (end plate) Tl və T2 sekanslarında hiperintens görünüşlü İİ tip degenerasiya zolağı izlənmişdir. Kəsiklərə girən digər fəqərəarası məsafələr normal olub, L2 - L3, L3 - L4 və L4 - L5 aralığına aid disklərin siqnal intensivliyi degenerasiya lehinə azalmış faset-oynaq və sarı bağlar hipertrofikdir, L2-L3 aralığına aid diskdə annulyar qabarma (bulging) ilə müşayiət olunan genis əsaslı sağ paramedian protruziya (3mm) mövcuddur. Buna bağlı sağ sinir kökü və dural kisənin sağön yarısı minimal sıxılmış, sol sinir kökünə təmas izlənmişdir. L3-L4 aralığına aid diskdə diffuz annulyar qabarma ilə müşayiət olunan geniş əsaslı posterosentral protruziya (3mm) və sekvestrəolunmuş sağ posterolateral ekstruziya (8mm), hər iki tərəfdə faset oynaq və sarı bağların kobud hipertrofiyası mövcuddur. Sekvestr sağ nevral resessi doldurmuşdur. Buna və zəif stenoza bağlı sağ sinir kökü kəskin sıxılmış, dural kisə önünə (xüsusən sağön yarısına) bir qədər və sol sinir kökünə minimal kompressiya izlənmişdir. L4-L5 aralığına aid diskdə diffuz annulyar qabarma ilə müşayiət olunan geniş əsaslı sol paramedian ekstruziya (4mm) və sekvestrə olunmuş sağ posterolateral ekstruziya (15 mm), hər iki tərəfdə faset oynaq və sarı bağların kobud hipertrofiyası mövcuddur. Sekvestr sağ nevral resessi dolduraraq L5 vertebra korpusunun sağ arxa-yuxarı yarısı səviyyəsinə qədər miqrasiya etmişdir. Buna və zəif stenoza bağlı sağ sinir kökü kəskin sıxılmış, dural kisə önünə (xüsusən sağ ön yarısına) və sol sinir kökünə bir qədər kompressiya izlənmişdir. Görüş sahəsinə girən digər intervertebral disklərin konfiqurasiyası normaldır. Medulla spinalis Thl2-Ll səviyyəsində conus medullaris şəklində sonlamr. Kəsiklər daxilində spinal kanal diametri L3-L5 səviyyəsində bir qədər stenotik olub, qeyd edilən disk patologiyaları səviyyələrində lokal daralmalar müşahidə edilmişdir. L4-L5 intervertebral diski səviyyəsində sağ tərəfli parsial hemilaminektomiya deffekti izlənmişdir. Abbas Səhhət adına 1 №-li şəhər xəstəxanasında İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli bel fəqərələrinin MRT protokolunda qeyd edilmişdir: "bel lordozu bir qədər artmışdır. Fəqərəarası disklərdə dehidratasiya və degenerasiya əlamətləri qeyd olunur. L4 fəqərənin üst tamamlayıcı lövhəsində Smorl yırtığı təyin olunur. Modik 2. Spondilolistez təyin olunmur. L1-L2,L5-S1- fəqərə arası diskdə qabarmalar (bulginq). L2-L3- fəqərəarası diskdə geniş əsaslı arxa mərkəzi sağ sol paramedian ölçüsü 4.87mm ekstruziya. Ön epidural sahə, hər iki sinir kökcüyü kompressiyası, L3-L4- fəqərəarası diskdə geniş əsaslı arxa mərkəzi sağ-sol paramedian, sağ-sol subartikulyar ölçüsü 8.63 mmx 4.89 mm ekstruziya. On epidural sahə kompressiyası. Liq.flava mülayim hipertrofiyalıdır. Spinal kanal mülayim daralmışdır. L4-L5 sağ hemiparsial laminektomiyasından sonrakı vəziyyət, fəqərəarası diskdə geniş əsaslı sol subartikulyar (5mm) sağ subartiklar geniş əsaslı sekvestrasiya olunmuş yırtıqları (15mm) təyin olunur. Sağ və sol sinir kökcüklərinin kompressiyası. Disk degenerasiyalıdır. Paravertebral yumşaq toxumalar intaktdır. Spinal kord lumbar fraqmentində, konus medullarisdə, internal filum terminaledə patoloji forma və struktur dəyişiklikləri izlənilmədi.

12. X5 adına Milli Oftalmologiya Mərkəzində İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5738 saylı tibbi rəydə qeyd edilmişdir: Diaqnoz: "OS-mürəkkəb miopik astiqmatizm, M8,0 və 7,0, ambliopiya".

13. "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsinin endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərovanın tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 88 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.2018-ci ildən Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş xəstəxananın endokrinoloji şöbəsində qeydiyyatdadır. Yanaşı gedən E04.2-qeyri-toksiki çox düyünlü ur. Diaqnoz: “şəkərli diabet 2-ci tip” (tibbi karta 6127).

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə 02 avqust 2022-ci il tarixli 2-1(114)-2552/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı ildə "Hərbi xidmət dövrü ilə əlaqədar" səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə "Əlillik" altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı sorğu ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Növbəti dəfə İddiaçı əlilik vəziyyəti Akademik Z.Məmmədov adına Gəncə Şəhər Xəstəxanasının 0495003AAMXC nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və əsas xəstəliyin ağırlamaşlarını təsdiqləyən müayinələr ətraflı qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə eyni göndəriş əsasında xx.xx.2022-ci ildə Agentlikdə əyani müayinə olunmuşdır. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "İşiasla gedən lümbaqo, L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə. Sağ pəncənin parezi." diaqnozu obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir.

15. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli T544/2022 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş A.Q.Ağabalayevin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X3 adına Gəncə Şəhər Xəstəxanasının 0495003AAMXC nömrəli göndərişdə (088 nömrəli Formada) qeyd edilən “İşlasla gedən lümbaqo, L3-L4 f/a diskdə 15mm sekvestə olunmuş ekstruziya. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L3-L4 f/a disk yırtığına təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət, davamlı sağfərəfli kökcük ağrı sindromu ilə. Digər paralitik sindromlar, sağ pəncənin parezi.” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci 11 tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyerlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci 11 tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”ndə meyarların hər hansı birini aid etmək mümkün olmamışdır.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T113/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı X3 adına Gəncə şəhər Xəstəxana, 0495003AAMXC nömrəli göndərişində qeyd olunan “Əsas diaqnoz: M54.4 - işiasla gedən lümbaqo L3-L4 f/a diskdə 15 mm sekvestə olunmuş ekstruziya, b) Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə, E11.4 insulindən asılı olmayan, şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulinə ehtiyacı olan xəstə, diabetik neyropatiya. R26-hərəkətin və yerişin pozulmaları, yeriş dayaq hərəkət funksiyasının pozulması, G83-digər paralitik sindromlar, sağ pəncənin parezi. c)Yanaşı xəstəliklər: İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, aorta və tac damarlarının aterosklerozu, E04.2-qeyri-toksik çox düyünlü ur, N40-prostat vəzinin hiperplaziyası, İ10- essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, H26.2-ağırlaşmış katarakta, sol gözdə ağırlaşmış katarakta, E11-insulindən asılı olmayan şəkərli diabet İİ tip insulinə ehtiyacı olan xəstə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onun halhazırkı sağlamlıq durumu bərpaedici müalicə tələb etmir.

17. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-1/2-22087/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin əlillik müddətinin bitməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılıb. II. Məhkəmədə icraat

18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci dərəcə əlilliyin və cavabdehin təqsiri üzündən ödənilməmiş müddətlərin - xx.xx.2021ci il tarixdən başlayaraq müəyyən edilən əlillik dərəcəsinə görə pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1966-cı ildə anadan olmaqla uzun müddət X4 xidmət etmişdir. Səhətində problemlər 2004-cü ildən başlamışdır. Dəfələrlə “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyası, sol gözdə şüşəvari cismin bulanması” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2005-ci ildə cərrahi əməliyyat “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyasının çıxarılması” edilmişdir. 19 iyun 2006-cı il tarixdə “L3-L4 fəqərəarası disk protruziyasından sonrakı vəziyyət. L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipotrofiyası. Sol gözdə şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin müddətdən etibarən daima eyni diaqnozlarla ona İİ dərəcəli əlillik təkrar verilmişdir. Göstərilən xəstəliklərdən əlavə o 2012ci ildə yenidən onurğa beynində yaranmış böyük ölçülü yırtıqdan əməliyyat olunmuşdur. Hazırda bu xəstəliklərdən əlavə şəkərli diabet xəstəliyindən, zob xəstəliyindən əziyyət çəkir. Sol gözü ümumiyyətlə görmür. Sonuncu dəfə ikinci dərəcəli əlillik dərəcəsi 06 iyun 2016-cı ildə 5 il müddətində 04 iyun 2021-ci il tarixədək verilmişdir. 04 iyun 2021-ci il tarixdə yenidən sənədlərin əlillik dərəcəsinin verilməsi üçün göndərilmişdir. Lakin 6 aya yaxın müddətə Gəncə şəhəri Səhiyyə İdarəsi sənədləri cavabdehə göndərməmiş, cavabdeh orqan da öz növbəsində heç bir üzürlü səbəb olmadan 9 ay sənədlərini saxlamış, nəticədə ona əlilik dərəcəsinin verilməsindən imtina edilmişdir. O, müayinədə xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə olmuşdur. 23 iyun 2022-ci ildə qiymətləndirmə olmuş, lakin həmin nəticə ona bildirilməmişdir. Sonradan onun cavabdeh orqanla əlaqə qurmağı nəticəsində bilmişdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında ona əlillik dərəcəsi verilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən sonuncu qiymətləndirmə zamanı o bütün xəstəlikləri barədə sənədləri təqdim etsə də, diaqnozlar tam qeyd olunmamışdır. Sol gözünün görməməsi elə təkbaşına əlillik dərəcəsinin yaranması üçün əsas olsa da, lakin bu və digər diaqnozlar qeyd olunmadan, yalnız onurğa sütununda olan xəstəlik qərəzli olaraq yüngül formada qeyd edilməklə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Bu isə təsdiq edir ki, cavabdeh orqan ona qarşı qərəzli mövqedə olmuş və əlilllik dərəcəsi verməkdən qeyri-obyektiv səbəblərdən imtina etmişdir. Hesab edirəm ki, bütün sənədlərinə yenidən qiymət verilərək ona İİ dərəcəli əlillik dərəcəsi təyin edilməli və cavabdehin qanunsuz hərəkətləri nəticəsində təyin edilməmiş müddətdə də ikinci əlillik dərəcəsinə görə pensiya ödənilməlidir.

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-196/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-625/2023 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi A.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-196/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

23. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin adının Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi kimi qeyd olunmasını və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

24. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini “ona müddətsiz orqanizmin funksiyalaraının 50 faiz pozulması barədə cavabdeh orqanın 19 iyul 2023-cü il tarixli, 3-17- 4/3-3-16414/2023 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dəyişdirilməsinə xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

25. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

26. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növlərinə aiddir. Belə ki, iddiaçı iddiasında ona ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərarın ləğvini və ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb edir.

27. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

28. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Belə ki, İddiaçı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixd məhkəməyə müraciət etmiş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı isə məhkəmə icraatı zamanı qəbul edilmişdir.

29. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

30. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

31. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

32. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

33. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

34. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

35. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

36. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********4). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin P00105395RNC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 256 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri bel ağrısından, sol gözünün zəif görməsindəndir. Nevroloji statusu: diz refleksləri D=S canlı çağrılmış, sağ tərəfdə Axil refleksi çağrılmamış. aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmişdir. əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, sol gözünün tamamən görməməsi, bel nahiyəsində ağrılar, aşağı ətraflarının qıcolma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında bir neçə dəfə göz və onurğa xəstəliklərinə görə cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Nevroloji zamanı diz refleksi canlı çağrılmış D=S, sağ aşağı ətrafda axil refleksi alınmamış, aşağı ətraflarda əzələ gücü və tonusu normal, hərəkətlər sərbəst və ağrısız olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 3785 nömrəli Tibbi rəyində diaqnoz "Vis OD=0,8 k/e OS =0,05 k/e. Astiqmatizm" kimi qeyd olunmuşdur ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi "OD=0,5k/etmir, Vis OS=0,02 k/etmir OD-başlanğıc katarakta. OS-mürəkkəb miopik astiqmatizm. Ambliopiya. Bəbək qeyri-düzgün formada, aşağıdadır" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qəran ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barəda gərar qəbul edilmişdir.

37. Yekun məhkəmə qərarının elan olunması xx.xx.2024-cü il tarixə təyin edilmiş və İddiaçı yekun məhkəmə qərarının elan olunmasında iştirak etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli 256 nömrəli xəstəlik haqqında şəhadətnaməsi; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarı; - Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi; - Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalının 3422 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalının 3422 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - 2 nömrəli Şəhər Xəstəxanasının Nevrologioya şöbəsinin Stasionar xəstənin kartından 0345397/137 nömrəli çıxarış epikrizi; - Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalı Maqnit Rezonans dsy Tomoqrafiya Bölməsində İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli lumbosakral MRT müayinəsinin nəticəsi; - X5 adına Milli Oftalmologiya Mərkəzində İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5738 saylı tibbi rəy; - "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsinin endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərovanın tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 88 saylı arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubu; - Tibbi-Sosial Ekspertiza Müayinəsindən Çıxarışlar; - Ekspert rəyləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

39. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

40. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli 256 nömrəli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2006-cı ildə "Hərbi xidmət dövrü ilə əlaqədar" səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə "Əlillik" altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır.

41. Bütün təyinatlar zamanı iddiaçının diaqnozu eyni (L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması) olmuş və həmin xəstəliklə əlaqədar iddiaçıya 15 il davamlı və fasiləsiz olaraq Hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

42. Bundan sonra məhkəmə icraatı gedişində İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə yenidən baxılmış və ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. Hansı ki, sonuncu göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar əvvəllər ona İİ dərəcə əlillik təyinatı zamanı mövcud olmuş və əlillik təyininə əsas olmuş diaqnozlar olmuş, hətta əlavə olaraq yanakı xəstəlik H53.0 – Anopsiya nəticəsində ambliopiya, Ambliopiya və Xəstəliyin ağırlaşması – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş)) da olmuşdur. Buna baxmayaraq, İddiaçı “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir.

43. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə iddiaçıya 9 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunduğu müəyyən edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-22087/24 nömrəli məktubunda da İddiaçı xx.xx.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edildiyi, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırıldığı bildirilmişdir.

44. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyası ödənişinin həyata keçirildiyi müddət xx.xx.2006-xx.xx.2021-ci il tarixləri əhatə etmiş və bu müddət davamlı və fasiləsiz olmuşdur ki, bununla da iddiaçının İİ dərəcə əlilliyinin fasiləsiz 10 ildən artıq olması (15 il) təsdiq olunur.

45. İddiaçının əlilliyinin müddətinin bitdiyi həmin dövrdə (xx.xx.2021-ci il) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olduğundan hazırkı mübahisənin həlli zamanı həmin Əsasnamənin müddəaları tətbiq olunmalıdır.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

47. Məhkəmə qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.

48. Hazırkı işdə iddiaçı ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.

49. İş materialları ilə də iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur.

50. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri pozulmaqla, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş rəsmiləşdirilmədən müddətsiz İİ dərəcə əlillik təyin edilməli olduğu halda, edilməmişdir. Əksinə olaraq, xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçının əliliyinin müayinəsi xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir.

51. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

52. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

53. Göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur

54. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarı ləğv edilməli və İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar