Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-128/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl (Xanlar) bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 65 saylı qərarla ona verilmiş 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Xanlar hazırkı (Göygöl) bələdiyyəsinin 04 iyul 2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktına əsasən Xanlar şəhəri ərazisindən Rövşən Nəsibov məhəlləsi deyilən ərazidən fərdi yaşayış evi tikdirmək üçün 0.04 ha torpaq sahəsi almışdır. Xanlar Bələdiyyəsinin hesabına 11 iyun 2007-ci il tarixdə X4 (Göygöl) filialı vasitəsi ilə 180 manat pul ödəmişdir. Həmin torpağın ona alqı-satqı edilməsinə dair Xanlar şəhər bələdiyyəsinin 04 iyul 2007-ci il tarixli, 65 saylı Qərarı da vardır. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 139 saylı Arxiv arayışında Göygöl (Xanlar) rayon bələdiyyəsinin 04 iyul 2007-ci il tarixli 65 saylı Qərarı əsasında bələdiyyənin perspektiv inkişaf fond torpağından 0.04 ha ayrılıb vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi məqsədi ilə torpaq sahəsinin alqı-satqı yolu ilə satıldığı göstərilmişdir. Bundan başqa, X1 Planının sxemində də ona verilən torpağın yeri göstərilmişdir. İddiaçı ona verilmiş həmin torpaq sahəsinə tikinti aparmaq üçün həmin vaxt daş da tökdürmüş, ayrıayrı ağaclar də əkib beçərmişdir. Ona verilmiş torpaq sahəsinin qarşısına kimi təbii qaz, işıq, su xətti də çəkilmişdir. İddiaçı Göygöl (Xanlar) bələdiyyəsi ilə alqı-satqı yolu ilə aldığı 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə (ictimai tikililərin ərazisi) düşdüyü müəyyən edilmiş, həmçinin döngə nöqtələrinin koordinatları (koordinat arayışı) ilə bağlı sənəd təqdim olunmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş DT və XK-nin Xanlar rayon şöbəsinin rəyindən görünür ki, 38 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, 38 nəfər vətəndaşa hər birinə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarından görünür ki, 38 nəfər vətəndaşa Xanlar bələdiyyəsinin şəhər daxili ərazisindəki R.Nəsibov məhəlləsinin ətrafından 1.52 ha ayrılıb hər birinə 0.04 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 139 nömrəli arxiv arayışında qeyd olunur ki, Göygöl (Xanlar) rayon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarı əsasında bələdiyyənin perspektiv inkişaf fond torpağından 0.04 ha ayrılıb vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 1123 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarına əsasən satılmış 0.04 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 180 manat pul ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il 32 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xanlar bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 180 (bir yüz səksən) manat məbləğində pul ödənilmişdir. -surəti işə əlavə edilmiş Göygöl bələdiyyəsinin “Fərdi yaşayış evi tikintisi üçün ayrılan torpaqdan istifadə hüququna dair” xx.xx.2009-cu il tarixli Aktından görünür ki, Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədi ilə vətəndaş İddiaçı Göygöl şəhəri, R.Nəsibov məhəlləsində 0.04 ha torpaq sahəsi müddətsiz istifadə etmək üçün yerində ölçülüb təhvil verilmişdir. -işə əlavə edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli arayışında qeyd olunur ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 65 nömrəli qərarı ilə İddiaçı satılmış 0.04 ha torpaq sahəsinə dair həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədi mülki iş materiallarında mövcud olmadığından, araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır və İddiaçı naturada təqdim etdiyi 0.04 ha torpaq sahəsi ərazidə aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsidir, hal-hazırda da mövcud xəritə materiallarına istinadən həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarına əsasən ona satılmış Göygöl şəhəri, R.Nəsibov məhəlləsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin dövlət mülkiyyətində olan ərazidə yerləşməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi dövlət mülkiyyətində olan ərazidə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-128/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-128/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver