Məhkəmə qərarları › İş №2-1(114)-128/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-128/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-128/2024 10.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli verilmiş imtinanı ləğv edərək onun barəsində Həkim Məsləhət Komissiyasının rəyinə uyğun olaraq əlilliyin bərpa edilərək yenidən pensiya təyin edilməsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4972/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı doğuş travması, ətraf porezi ilə andan olmuşdur. Sağ yuxarı ətrafında hərəkət məhdudiyyəti vardır, gücü aşağıdır, əl tutumu zəifdir, intelektual cəhətdən geri qalır. Qeyd olunan xəstəliklərlə bağlı iddiaçıya 2010-cu il tarixdən əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə növbəti dəfə 28 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinədən keçərək əlilliyi təsdiq edilmiş, növbəti müayinə xx.xx.2020-ci il təyin edilmişdir. 2020-ci ilin aprel ayından pensiyası kəsilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı "Tovuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestiri"nə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina cavab verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi; Əsas diaqnoz və ağırlaşmaların insturimental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tələb olunur. Yenidən xx.xx.2021-ci il tarixdə İddiaçı "Tovuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestiri"nə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yenə imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi, mütəxəsislərin rəyləri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dədiqləşdirilsin və ətraflı qeyd edilsin. Əsas diaqnoz və ağılaşmaların insturimental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tələb olunur. Yenidən iddiaçı səhiyyə müəssisəsinin Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş müvafiq reyestirə daxil edilmişdir. Tibbi-sosial ekspert komissiyasına xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yenə də imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Kefiyyətsiz doldurulma- müayinələr diaqnozu təsdiqləmir. Yenidən iddiaçı səhiyyə müəssisəsinin Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş müvafiq reyestirə daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yenə imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən insturimental müayinələrin nəticələri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti ətaraflı qeyd edilsin. Göründüyü kimi Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş TSEK tərəfindən hər bir halda imtina ilə nəticələnmişdir. Qeyd olunan imtina nə tibbi, nə də ki hüquqi cəhətən əsaslandırılmamış, yalnız iki cümlə ilə tamamlanmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmiyərək bildirmişdir ki, iddiaçının sağlamlıq durumu əlillik təyinatına əsas vermədiyinə görə təyinatdan imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AASBA nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Göndərişin natamam doldurulması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti ətraflı qeyd edilsin". Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0321003AASBA nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Göndərişin natamam doldurulması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (P14.3 bazu kələfinin digər doğuş travmaları, doğuş travmasının qalıqları, Ağırlaşma G83.8 digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ yuxarı ətrafın parezi yanaşı xəstəliklər,F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, asten-nevrotik hal, intellektin enməsi. Yanaşı xəstəliklər F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, MSS-in orqanik xəstəliyi) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı qoyulmuş « Doğuş zədəsinin davamlı qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması » diaqnoza əsasən xx.xx.2012-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2017-ci il tarixdə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixli, 09.12. 2021-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinələr nəticəsində İddiaçı “Mərkəzi sinir sisteminin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sağ yuxarı ətrafın parezi. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, yüngül dərəcədə ifadə olunmuş dissosiativ pozuntu, primitiv şəkildə.” diaqnozu qoyulmuş, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin 621/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiyməyləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Perinatal dövrdə meydana çıxan xüsusi hallar => P10-P15 – doğuş travması => P14 – periferik sinir sisteminin doğuş travması =>P14.3 – bazu kələfinin digər doğuş travmaları. Diaqnozun mətni: P14.3 – bazu kələfinin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Ağırlaşma: G83.8 – digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ yuxarı ətrafın parezi. Yanaşı xəstəliklər: F48.8 – digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar asteno-nevrotik hal, intellektin enməsi. F71.1 – qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, MSS-nin orqanik xəstəliyi” diaqnoz şəxsin hazırki səhhətini əks etdirir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “doğuş travmaları, doğuş travmasının qalıqları. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sağ yuxarı ətrafın parezi və.s” diaqnozuna əsasən xx.xx.2012-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2017-ci il tarixdə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli, 09.12. 2021-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinələr nəticəsində ona “Mərkəzi sinir sisteminin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sağ yuxarı ətrafın parezi və.s” diaqnozu qoyulsa da, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə ona qoyulmuş müvafiq diaqnoza əssasən xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -6.5.1.1 bəndinə əsasən ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddəti 1 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş « Doğuş zədəsinin davamlı qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması» diaqnoza əsasən onun 2012-ci ildən 2020-ci ilə qədər sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya əlillik təyinatı ilə bağlı qoyulmuş diaqnozlarla 2021-2022-ci illərdə təkrar müayinə nəticəsində qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq, eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində “Göndərişin natamam doldurulması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 1 il müddətinə müəyyən edilməsinə əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 40 faizinin itirilməsinə görə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar