Məhkəmə qərarları › İş №2-1(114)-128/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-128/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-128/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu Sofular kəndində yerləşən 1198,85 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 nömrəli qərarı ilə Tovuz rayonu Sofular kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün 1198.85 kv.m torpaq sahəsi verilmiş, sonuncunun adına xx.xx.2009-cu il tarixli 16 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

2. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-5352/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə əlaqədar qeyd olunan ünvana baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərindən gərginliyi 35000 voltdan yuxarı olan yüksək gərginlikli hava elektrik xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarına əsasən gərginliyi 35000 voltdan ******* volta qədər olan elektrik xətlərinin mühafizə zonası elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində mühafizə zolağı 15 metr müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

3. “X6 Təchizatı və Satışı İdarəsi”nin X2 xx.xx.2023-cü il tarixli 1/969 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Sofular kəndində yerləşən İddiaçı məxsus 1198,85 kv.m torpaq sahəsinin hava məkanından keçən 1964-cü ildə çəkilmiş 35 kv.luq 35/10 kv-luq Qandallar y/st-nı enerji ilə təchiz edir.

4. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki olaraq 2123 kv.m torpaq sahəsindən istifadə edir. Torpaq sahəsinin 1198.85 kv.m-ə qədər hissəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, nömrəli qərarı ilə ona verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ilə müəyyən edilmiş torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları daxilində yerləşir. Torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir və 1198.85 kv.m hissəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsidir. Qalan 924.15 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, nömrəli qərarı ilə ona verilmiş, Tovuz rayon, Sofular kəndində yerləşən və koordinatları A141168 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə müəyyən edilmiş 1198.85 kv.m torpaq sahəsinin daxilindən UN 35 kV yüksək gərginlikli hava elektrik ötürücü xətti keçir. Rəyin tərtib edilməsi "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin ( TEKUİS) məlumatlarına istinad edilmişdir.

5. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2- 2503/2024 nömrəli cavab məktubundan və ona əlavə edilmiş Tovuz rayonu, Sofular kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) çıxarışlardan görünür ki, Mərkəzin arxivində saxlanılan Tovuz rayonu, Sofular kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adına 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1198,85 kv.m həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 26 saylı qərarı ilə Tovuz rayonunun Sofular kəndi ərazisindən ona fərdi ev tikdirmək üçün 1198.85 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında 26 mart 2009-cu il tarixdə A № 141168 qeydiyyat 16 nömrə ilə Torpaq sahəsinin planı və ölçüsünü almışdır. 25 ildir ki, Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş həmin torpaq onun istifadəsindədir. O, ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək Tovuz rayonunun Sofular kəndi ərazisindən ona fərdi ev tikdirmək üçün verilmiş 1198.85 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə ona 3-21-3-37/25352/2023 saylı məktubla imtina cavabı vermişdir. Həmin imtina cavabında göstərilir ki, ərizəyə əlavə etdiyi ilkin torpaq ayırma sənədlərinə baxılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin üzərindən gərginliyi 35000 voltdan yuxarı olan yüksək gərginlikli hava elektrik xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 saylı qərarına əsasən gərginliyi 35000 voltdan, 110000 volta qədər olan elektrik xəttinin mühafizə zonası elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində mühafizə zolağı 15 metr müəyyən edilmişdir. Bu səbəbdən də üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə müraciət olunan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunur. İddiaçı kimi o, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, həmin torpaq üzun illərdir ki istifadəsindədir. Cavabdeh orqanın imtinasının heç bir hüquqi əsası yoxdur. Həmin ərazidə bələdiyyəyə məxsus torpaqlar vardır. Əvəzində həmin torpağın axırında 0.12 ha torpaq sahəsi vardır, həmin torpağı əvəzləşdirməyə, yaxud da ona əvəzində kompensasiya verilməsinə də razıdır. Bu şərtlə ki, aralarında razılıq olsun.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Tovuz rayonu Sofular kəndində yerləşən 1198,85 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh orqanın yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 nömrəli qərarı; - xx.xx.2009-cu il tarixli 16 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-5352/2023 nömrəli imtina məktubu; - “X6 Təchizatı və Satışı İdarəsi”nin X2 xx.xx.2023-cü il tarixli 1/969 nömrəli məktubu; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2- 2503/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş Tovuz rayonu, Sofular kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 nömrəli qərarı ilə Tovuz rayonu Sofular kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün 1198.85 kv.m torpaq sahəsi verilmiş, sonuncunun adına xx.xx.2009-cu il tarixli 16 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Tovuz rayonu, Sofular kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarında da (əlyazma və elektron) İddiaçı adına 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-5352/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə əlaqədar qeyd olunan ünvana baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərindən gərginliyi 35000 voltdan yuxarı olan yüksək gərginlikli hava elektrik xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarına əsasən gərginliyi 35000 voltdan ******* volta qədər olan elektrik xətlərinin mühafizə zonası elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində mühafizə zolağı 15 metr müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

24. Belə ki, cavabdeh inzibati orqan imtinasını torpaq sahəsinin üzərindən gərginliyi 35000 voltdan yuxarı olan yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə əsaslandırmışdır.

25. Məhkəmə həmin halın aydınlaşdırılması üçün mütəxəssis rəyi təyin etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki olaraq 2123 kv.m torpaq sahəsindən istifadə edir. Torpaq sahəsinin 1198.85 kv.m-ə qədər hissəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, nömrəli qərarı ilə ona verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ilə müəyyən edilmiş torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları daxilində yerləşir. Torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir və 1198.85 kv.m hissəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsidir. Qalan 924.15 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli nömrəli qərarı ilə ona verilmiş, Tovuz rayon, Sofular kəndində yerləşən və koordinatları A141168 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə müəyyən edilmiş 1198.85 kv.m torpaq sahəsinin daxilindən UN 35 kV yüksək gərginlikli hava elektrik ötürücü xətti keçir.

26. Məhkəmə cavabdeh orqanın sözügedən torpaq sahəsinin daxilindən UN 35 kV yüksək gərginlikli hava elektrik ötürücü xətti keçməklə, mövcud elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir.

27. Belə ki, cavabdehin həmin dəlili mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, yəni Tovuz rayonu, Sofular kəndində yerləşən 1198.85 kv.m torpaq sahəsinin daxilindən UN 35 kV yüksək gərginlikli hava elektrik ötürücü xəttinin keçməsi müəyyən edilsə də, hüquqmüəyyənedici sənədin verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan normaların məzmunu ilə müəyyən edilir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.

28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na görə: Bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

29. Göründüyü kimi, Qaydaların tələblərinə əsasə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır və hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

32. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Tovuz rayonu, Sofular kəndində yerləşən 1198.85 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar