Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1280/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1965-ci ildə Daşkəsən rayonun Dəstəfur kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01.11.1965-ci il tarixdə 57 nömrəsi ilə qeyd aparılmış, atası X2, anası X1r. İddiaçı Cavabdehndə soyadını “Mürsəlova”dan “Babazadə”yə, adını isə “Məlahət”dən “Gülşən”ə dəyişdirmiş və bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 22.07.2014-cü il tarixdə 13 nömrəsi ilə qeyd aparılmışdır. İddiaçı dəyişdirilmiş adının və soyadının yenidən əvvəlkilərinə dəyişdirilməsi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin inzibati orqanın iddiaçıya ünvanladığı 19.05.2021-ci il tarixli, 05/Q-122/76 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 6.3-cü müddəasına uyğun olaraq adın, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsi mümkün deyildir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adının və soyadının “İddiaçı”dən “Mürsəlova Məlahət”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Nijnivortovski şəhərində yaşayır. Həyat yoldaşı və uşaqları Rusiya Federasiyasının vətəndaşlarıdır. 02.02.2013-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən Rusiya Federasiyası tərəfindən 3 illik məhdudiyyət qoyulmuşdur. Ailə üzvləri Rusiya Federasiyasında olduğu üçün ora qayıtmalı idi, bu səbəbə görə də, ad və soyadını dəyişdirərək adını Gülşən, soyadını isə Babazadə qoymuşdur. Hazırda Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək istəyir. Bunun üçün isə əvvəlki soyadını və adının bərpa edilməsinə zərurət vardır. Ona görə də əvvəlki soyadını və adını bərpa etmək istəyir. Bununla bağlı 19.05.2021-ci il tarixdə cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Buna görə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək ərizəsində göstərilənlərlə eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Rusiya Federasiyasından deportasiya olduğu üçün ad və soyadını dəyişdirərək yenidən Rusiya Federasiyasına getmişdir. Hazırda Rusiya Federasiyasının vətəndaşlığın qəbul etməsi üçün əvvəlki ad və soyadına qayıtmaq istəyir. Heç bir banka borcu yoxdur, cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmənin 27.05.2021-ci il tarixli sərəncamı ilə iddiaya dair yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunsa da, bildirməmiş, şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus doğum haqqında şəhadətnamə, adı, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə, cavabdehin imtinası, Dövlət Miqrasiya Xidmətinin 07.06.2021-ci il tarixli, 02/44 nömrəli məktubu, Daşkəsən rayon Polis şöbəsinin 04.06.2021-ci il tarixli 199-6464-1221 nömrəli məktubu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 23.06.2021-ci il tarixli 33/2084 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən hallardan hər hansı biri bu işdə mövcud deyildir. Ona görə də Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı soyadının və adının “İddiaçı”dən “Mürsəlova Məlahət”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1280/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1280/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver