Məhkəmə qərarları › İş №2-1(114)-1280/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1280/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1280/2024 21.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İclas katibi Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2010-cü il tarixdə ona verilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verildiyi tarixi nəzərə alıb həmin tarixdən əvvəlki 3 (üç) ilə görə sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

3. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.

4. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdirlər.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-101383/2024 nömrəli vəsatətini təqdim edərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini bildirməklə, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəsatəti müdafiə edərək, onun təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, sosial müavinət ödənildiyi üçün hal-hazırda onun cavabdeh orqandan heç bir tələb olmadığını və iş üzrə icraata xitam verilməsi etiraz etmədiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-101383/2024 nömrəli vəsatətini və ona əlavə edilmiş sosial müavinət təyin edilməsi barədə qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

10. Belə ki, iddiaçının tələbi müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin onun müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2010-cü il tarixdən əvvəkli 3 (üç) ilə görə sosial müvainətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 272379/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cü il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, sosial müavinət ödənildiyi üçün hal-hazırda onun cavabdeh orqandan heç bir tələb olmadığını və iş üzrə icraata xitam verilməsi etiraz etmədiyini bildirmişdir.

12. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

13. Beləliklə, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar