Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1281/2023 20.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödəncin əvəzinə aylıq kompensasiyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istehsalat qəzası nəticəsində itirdiyi peşə əmək qabiliyyətini 80 faizi miqdarında təyin edilmiş aylıq ödəncin (xx.xx.2010-cu ildən aylıq kompensasiyanın) düzgün hesablanmaması nəticəsində xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək 120 aylıq dövr üçün ödənilməmiş qalan 16710 manat 72 qəpik (on altı min yeddi yüz on manat yetmiş iki qəpik) və həmin pul vəsaitinin gecikdirilməsinə görə 5000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ilin sonunda Bərdə rayonunun sabiq C.Cabbarlı adına kolxozda sahə mexaniki vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş və AR ƏƏSMN-nin 18 saylı zona tibbi-sosial ekspert komissiyasının xx.xx.2010-cu il tarixli 904630 nömrəli müayinə aktına əsasən, peşə əmək qabiliyyətinin 80 faizinin itirilməsi müəyyən edilərək aldığı əmək zədəsinə görə ona 2-ci qrup ömürlük əlillik təyin edilmişdir. Əmək qabiliyyətini itirmiş şəxs kimi ona müvafiq olaraq xx.xx.2010-cu ildən aylıq kompensasiya verilir. Belə ki, əvvəl ödənc şəklində verilirdi, Dövlət Statistika Komitəsi Respublikada iqtisadi fəaliyyət növləri üzrə çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqına əsasən müəyyən edilərək müvafiq qaydada artırılırdı. Həmin orta aylıq nominal əmək haqqı barədə rüblük məlumat DSK tərəfindən AR DSMF-na (xx.xx.2010-cu ildən isə ƏƏSMN-nə) verilirdi. Belə ki, bundan əvvəl də o ödəncin (kompensasiyanın) qanunsuz verilməməsi barədə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə iddiası təmin edilmiş və 2009-2012-ci illər üzrə ödənilməmiş ödənc (kompensasiya) verilmişdir lakin, 2013-cü ildən başlayaraq aylıq kompensasiyalar artım olmadan verilmişdir. 2012-ci ildən ona 2011-ci il üzrə təyin olunmuş orta aylıq nominal əmək haqqının 80 faizi miqdarında aylıq kompensasiya 291 manat 36 qəpik verildiyindən, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər ərzində qanunvericiliyin ziddinə olaraq artırılmamış və bu isə onun mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, bununla da ona mənəvi zərər dəymişdir. AR DSK tərəfindən verilən rəsmi məlumata əsasən Respublikada çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2012-ci ildə 398 manat 40 qəpik olduğundan 2013-cü ildə mənə 318 manat 72 qəpik, 2013-cü ildə 425 manat 10 qəpik olduğundan 2014-cü ildə 340 manat 8 qəpik, 2014-cü ildə 444 manat 50 qəpik olduğundan 2015-ci ildə 355 manat 60 qəpik, 2015-ci ildə 466 manat 90 qəpik olduğundan 2016-cı ildə 373 manat 52 qəpik, 2016-cı ildə 499 manat 80 qəpik olduğundan 2017-ci ildə 399 manat 84 qəpik, 2017-ci ildə 528 manat 50 qəpik olduğundan 2018-ci ildə 422 manat 80 qəpik, 2018-ci ildə 544 manat 60 qəpik olduğundan 2019-cu ildə 435 manat 68 qəpik, 2019-cu ildə 635 manat 10 qəpik olduğundan 2020-ci ildə 508 manat 8 qəpik, 2020-ci ildə 707 manat 70 qəpik olduğundan 2021-ci ildə 566 manat 16 qəpik, 2021-ci ildə 732 manat 10 qəpik olduğundan 2022-ci ildə 585 manat 68 qəpik aylıq kompensasiya verilməli idi. Lakin qeyd etdiyi kimi 2013-2022-ci illər ərzində 291 manat 36 qəpik aylıq kompensasiya verildiyindən, 2013-cü ilin hər ayı üçün 27 manat 36 qəpik (318.72-291.36=27.36), 2014-cü ildə hər ay üçün 48 manat 72 qəpik ( 340.08-291.36=48.72), 2015-ci ildə hər ay üçün 64 manat 24 qəpik (355.6- 291.36=64.24), 2016-cı ildə hər ay üçün 82 manat 16 qəpik (373.52-291.36= 82.16), 2017-ci ildə hər ay üçün 108 manat 48 qəpik (399.84-291.36=108.48), 2018-ci ildə hər ay üçün 131 manat 44 qəpik (422.8-291.36=131.44), 2019-cu ildə hər ay üçün 144 manat 32 qəpik (435.68-291.36=144.32), 2020-ci ildə hər ay üçün 216 manat 72 qəpik (508.08- 291.36=216.72), 2021-ci ildə hər ay üçün 274 manat 80 qəpik (566.16-291.36=274.80), 2022-ci ildə hər ay üçün 294 manat 32 qəpik ( 585.68-291.36=294.32) az aylıq kompensasiya hesablanıb verilmişdir. Bu da 2013-cü il üzrə 328 manat 32 qəpik (27.36*12ау), 2014-cü il üzrə 584 manat 64 qəpik (48.72*12 ay), 2015-ci il üzrə 770 manat 88 qəpik (64,24*12ay), 2016-cı il üzrə 985 manat 92 qəpik (82.16*12 ay), 2017-ci il üzrə 1301 manat 76 qəpik (108.48*12 ay), 2018-ci il üzrə 1577 manat 28 qəpik (131.44*12 ay), 2019-cu il üzrə 1731 manat 84 qəpik (144.32*12 ay), 2020-ci il üzrə 2600 manat 64 qəpik (216.72*12 ay), 2021-ci il üzrə 3297 manat 60 qəpik (274.8*12 ay) və 2022-ci il üzrə 3531 manat 84 qəpik ( 294.32*12 ay) cəmi 16710 manat 72 qəpik pul vəsaitinin illər üzrə (2013- 2022) kompensasiyanın qanunsuz olaraq ona ödənilməməsi deməkdir. Qeyd olunan aylıq kompensasiyaların, eləcə də həmin vəsaitin müəyyən artım halında vaxtında ona verilməməsi ilə daxilən çəkdiyi mənəvi iztirablar və sarsıntılar hesabına ona 5000 manat mənəvi zərər vurulduğundan həmin zərər də 16710 manat 72 qəpiklə birlikdə 21710 manat 72 qəpik pul vəsaitinin dövlət büdcəsi hesabına birdəfəyə ona ödənilməlidir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 20 iyun 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı 1985-ci il tarixdə Bərdə rayon “Cəfər Cabbarlı” adına kolxozda sahə mexaniki vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 80 faizini itirmişdir. Həmin tarixdən kolxoz ləğv edilənə qədər ona aylıq ödənc təyin edilmiş, xx.xx.2010-cu il tarixdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ödənc əvəzinə aylıq kompensasiya təyin edilərək ödənişi davam etdirilir. İddiaçıya xx.xx.2010-cu il tarixdən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Həmçinin xx.xx.2010-cu il tarixdən komensasiyaların məbləğində artımlarla bağlı normativ akt qəbul olunmadığı üçün iddiaçıya təyin olunmuş aylıq kompensasiyanın artırılması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan əlavə təqdim edilən sübutlardan cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Eyni zamanda iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti və ya hərəkətsizliyi ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baş verməsi sübut olunmur. Odur ki, cavabdehin mülki hüquqi məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi qanuna uyğun deyildir. Qeyd olunanlara əsasən iddiaçının tələbi əsassız hesab edilməlidir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2010-cu il tarixli məlumatın surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 68/4455 nömrəli arayışı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubu, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 02/2-436 nömrəli məktubu və ona qoşmanın surətləri, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-3(84)22-2013 nömrəli qərarının surəti, Tərtər rayon Dövlət Arxivinin xx.xx.2018ci il tarixli, 326 nömrəli arxiv arayışının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli və xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı 1985-ci ilin sonunda istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ömürlük ikinci dərəcəli əlil olmuş, xx.xx.2010-cu il tarixdən isə ona Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq 291,36 manat kompensasiya verilir. İddiaçı hazırda sözügedən kompensasiya məbləğinin müvafiq artımların nəzərə alınmadan hesablandığını, nəticədə ona 10 il üzrə ümumilikdə 16.710,72 manat az ödənişin edildiyini, bununla da 5.000 manat məbləğində mənəvi zərərə məruz qaldığını iddia etməkdədir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”-nin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. -2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. -3.2-ci bəndinə əsasən zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. -3.3-ci bəndinin birinci, ikinci və üçüncü hissələrinə müvafiq olaraq Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. -3.7-ci bəndinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. (xx.xx.2010-cu il tarixdən qüvvədən düşmüş) -3.8-ci bəndinə əsasən ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. (xx.xx.2010-cu il tarixdən qüvvədən düşmüş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi” qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkən işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir. Məhkəmə qeyd edir ki, yaranmış mübahisə ləğv edilmiş kolxozda əmək xəsarəti nəticəsində zərərçəkənə dəymiş zərərə görə ödənilən aylıq kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, xx.xx.2010-cu il tarixədək bu sahədə münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” adlı aktla tənzimlənir və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə aylıq ödənc verilirdi. Hazırda isə sözügedən münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları” ilə tənzimlənir. xx.xx.2010-cu il tarixli qərarla 03 saylı xx.xx.2003-cü il tarixli qərar ilə təsdiq edilmiş Qaydaların 3.7-ci və 3.8-ci bəndləri qüvvədən düşmüşdür. xx.xx.2010-cu il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmş Qaydaların 1-ci bəndinə görə bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. Bu Qaydalar ləğv olunmuş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə şamil olunduğundan bu qaydalar iddiaçıya da şamil olunmalıdır. İş üzrə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya hər ay 291,36 manat məbləğində kompensasiya hesablanıb ödənilir. Hazırda iddiaçı ona ödənilən kompensasiyanın Dövlət Statistika Komitəsinin əmək haqqının illik artımı barədə məlumatlarına uyğun olaraq illik artım nəzərə alınmaqla hesablanmasını tələb edir. İddiaçının tələb etdiyi hesablama qaydası, yəni ödənclərin miqdarının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən olunması, Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.7-ci bəndində nəzərdə tutulurdu. Həmin bənddə deyilirdi ki, Ermənistan Resupblikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Qeyd olunduğu kimi artıq bu bənd Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə qüvvədən düşmüşdür. Bundan başqa, həmin bənd yalnız Ermənistan Resupblikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanması qaydalarını müəyyən edirdi və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə aid edilmirdi. Ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiyanın məbləği xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarla təsdiqlənmiş Qaydaların 3-cü bəndi ilə müəyyən edilərək göstərilir ki, bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 01 yanvar vəziyyətinə təyin olunmuş aylın ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir. Göründüyü kimi hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən qanunvericiliyə əsasən, aylıq kompensasiya verilən zaman hər il Dövlət Statiska Komitəsinin məlumatına uyğun olaraq hesablanması nəzərdə tutulmamışdır. Sözügedən 3.8-ci bənddə ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən respublikada kənd təsərrüfatı sahəsi üzrə mövcud olan orta aylıq əmək haqqından müəyyən edilib, keçən ilin orta aylıq əmək haqqı əsasında yenidən hesablanması barədə heç bir göstəriş yoxdur. Həmçinin iddiaçı dəymiş mənəvi zərərin əvəzi kimi 5.000 (beş min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia edir. Qeyd edilməlidir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən müdaxilə nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Bu baxımdan hazırki iddia üzrə inzibati orqanın hərəkətləri qanuni olduğundan, həmçinin iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, eləcə də özünün hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilmədiyindən məhkəmə tələbi həmin hissədə də əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödəncin əvəzinə aylıq kompensasiyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1281/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1281/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver