Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1283/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gəncə rayon Mənzil-İstismar Hissəsi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 və Gəncə rayon Mənzil- İstismar Hissəsinə qarşı hazırda yaşadığı ünvan 1, 65 nömrəli mənzilin özəlləşdirilməsinə dair cavabdehlərin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1, mənzil 65 nömrəli fərdi yaşayış evinin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 (üçüncü şəxs Gəncə rayon Mənzil-İstismar Hissəsi) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1999-cu il tarixli 0128 saylı əmrinə əsasən Gəncə Qarnizonunda yerləşən bütün hərbi şəhərciklər qapalı hərbi şəhərcik statusu almışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli Qanununun 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmir və mənzillərin özəlləşdirilməsi üçün hər hansı sənədləşmənin aparılması Gəncə rayon Mənzil-İstismar hissəsinin səlahiyyətində deyildir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinə tərəfindən verilmiş ərizəyə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzilin qapalı hərbi şəhərciyin evlərinə aid olduğu müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Mənzil Fondunun özəlləşdirilməsinin ümumi qaydaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmir. O, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzildə yaşayış hüququnu 1996-cı ildə Gəncə qarnizonu hərbi prokurorluğunda işlədiyi müddətdə əldə etmişdir. Həmin vaxtdan da verilmiş xidməti order əsasında ailəsi ilə birlikdə halhazıra kimi yaşayır. Yaşayış mənzilini xx.xx.2020-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta etdirmişdir. Hazırda Prokurorluq orqanlarından təqaüdə çıxmışdır, Qarabağ veteranıdır. Yaşadığı mənzilin özəlləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını qanunamüvafiq hesab edir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzilin qapalı hərbi şəhərciyin evlərinə aid olduğu müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, qeyd olunan mənzil qapalı hərbi şəhərciyin evlərinə aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Gəncə rayon Mənzil-İstismar Hissəsinin etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının Gəncə rayon Mənzil-İstismar hissəsinə ünvanlanmış məktubu aidiyyəti üzrə mənzil fondunda araşdırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli, 1128 saylı əmrinə əsasən Gəncə Qarnizonunda yerləşən bütün hərbi şəhərciklər qapalı hərbi şəhərcik statusu almışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26.01 1993-cü il tarixli qanunun, 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir və mənzillərin özəlləşdirilməsi üçün hər hansı sənədləşmənin aparılması Gəncə rayon Mənzil-İstismar hissəsinin səlahiyyətində deyil. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxslər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan: - xx xxxx 1997-ci il tarixli, 23 nömrəli orderin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 65 nömrəli mənzilin orderi İddiaçı adına qeydiyyata alınmışdır. -Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx xxx 2020-ci il tarixli, 05 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1999-cu il tarixli 0128 saylı əmrinə əsasən Gəncə Qarnizonunda yerləşən bütün hərbi şəhərciklər qapalı hərbi şəhərcik statusu aldığı, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli Qanununun 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmədiyi və mənzillərin özəlləşdirilməsi üçün hər hansı sənədləşmənin aparılmasının Gəncə rayon Mənzil-İstismar hissəsinin səlahiyyətində olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 xx xxxxxx 2017-ci il tarixli, **********26 nömrəli imtina məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilin qapalı hərbi şəhərciyin evlərinə aid olduğu müəyyən olunmuş və bu səbəbdən də iddiaçının müraciətindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını münasibətlərin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsi və xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Belə ki, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin;
6. maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.
48. maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 100.maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.
103. maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və .başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Həmçinin qüvvədə olan Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun;
1. maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
6. maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İş materiallarından məlum olur ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli, 0128 saylı əmrinə əsasən qapalı hərbi şəhərcik statusu almışdır və Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli Qanununun 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzilqapalı hərbi şəhərciyin evlərinə aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gəncə rayon Mənzil-İstismar Hissəsi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova