Məhkəmə qərarları › İş №2-1(114)-1285/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1285/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1285/2024 30.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehna qarşı travmanın hərbi xidmət dövründə alınma hissəsində dəyişdirilərək travmanın "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 dekabr 2016-cı il tarixli 206 nömrəli qərarında travmanın hərbi xidmət dövründə alınma hissəsində, travmanın "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1285/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 373 nömrəli qərarında travmanın hərbi xidmət dövründə alınma hissəsində, travmanın "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1285/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-1998-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olaraq ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1996-cı ilin dekabr ayında torpaqların müdafiəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək kəllə beyin travması almışdır. .Həmin vaxt özünü hiss etmədən səhra hospitalına təxliyyə edilmişdir. Bir müddət müalicə aldıqdan sonra məzuniyyətə buraxılmış və müalicəni ev şərditində davam etdirmişdir. Müalicədən sonra hərbi xidmətə qayıtmışdır. 1997-ci ilin avqust ayında baş ağrıları ilə bağlı N saylı hərbi hissədə müayinə və müalicə olmuşdur. Ehtiyata buraxıldıqdan sonra 2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinə müraciət edərək MN MHK-na göndəriş almışdır. Onun sərha hospitalında yatdığı ilkin yaralanma sənədi tapılmadığından xx.xx.2016-cı il torixdə MHK-nin 206 nömrəli qərarı ilə ona travmadır, hərbi xidmət dövründə almışdır kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2-1(83)-1499/2018 nömrəli qərarından məlum olur ki, həmin qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Cavabdeh) qarşı qərarın ləğv edilməsi tələbi təmin edilmiş və Cavabdeh xx.xx.2016-cı il tarixli, 206 nömrəli qərarı ləğv edilmiş, iddiaçının xəstəliyinin səbəbli əlaqəsinin "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" qeyd edilməklə yeni qərarın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 7 nömrəli etirazdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-108/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-1499/2018 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Həmin qərar icra olunaraq İddiaçı təyin edilmiş "Keçirilmiş qapalı kəlləbeyin travmasından sonrakı serebrosteniya, asteno-nevrotik sindrom" və "Keçirilmiş qapalı baş-beyin travmasının qalıq əlaməti, asteno-nevrotik sindromla" diaqnozları ilə olan xəsarətlərin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən almışdır" kimi təyin edilmiş və ona xx.xx.2019-cu il tarixli 373 nömrəli qərar verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli 373 nömrəli qərarında qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmət dövründə 1996-cı ildə aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı serebrosteniya, asteno-nevrotik sindrom” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı serebrosteniya, astenonevrotik sindrom” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu tavmanın nəticələri - diaqnoz: “Keçirilmiş qapalı baş-beyin travmasının qalıq əlaməti, asteno-nevrotik sindromla” “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlik - diaqnoz: “Qoturluq, streptodermiya, hər iki baldırın xora piodermiyası, soltərəfli üçlü sinirin nevralgiyası”, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin bronxit” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu xəstəlik - diaqnoz: “Sol ağ ciyərin aşağı payının ocaqlı kəskin pnevmoniyası” (N nömrəli hərbi hissədən verilmiş çıxarış epikrizləri ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-1499/2018 nömrəli qərarı qüvvədə olduğuna görə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı travmanın hərbi xidmət dövründə alınma hissəsində dəyişdirilərək travmanın "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar