Məhkəmə qərarları › İş №2-1(114)-1286/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1286/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1286/2022 24.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi illərin sosial sığorta (iş) stajına daxil edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə keçmiş Özbəkistan SSR-nin Fərqanə vilayətinin Frunze rayonunda anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Fərqanə vilayətində müxtəlif təşkilatlarda işləmişdir (əmək kitabçasında bu barədə qeydlər aparılmışdır). Milli münasibətlər zəminində 1989-cu ildə Fərqanə vilayətində baş vermiş hadisələrlə əlaqədar yaşadıqları yerdən qovulmuşlar. Həmin vaxtdan digər məhsəti türkləri kimi Azərbaycanda məskunlaşmışlar. Azərbaycana gələndən müxtəlif təşkilatlarda işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işləmişdir (bu barədə də əmək kitabçasında qeydlər aparılmışdır). O, həmin illərdə qeyd olunan müəssisədə işləməyinə dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən verilmiş xx.xx.2022-ci il tarixli (sənəd № 146862) arxiv arayışını və həmin illərə dair qeyd olunan tarixli və nömrəli əmək haqqı cədvəlini cavabdeh təşkilata təqdim etsə də, həmin illər sosial sığorta stajına daxil edilib ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, ona ancaq məhkəmə qətnaməsinə əsasən yaşa görə əmək pensiyası təyin oluna bilər. O, cavabdeh təşkilatın müraciətinə verdiyi imtina cavabını tamamilə əsassız və qanunsuz hesab edir. Bununla cavabdeh təşkilat tərəfindən onun yaşa görə pensiya almaq hüquqları pozulmuşdur. Ona görə də cavabdehin üzərinə onun xx.xx.1995ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi illərin sosial sığorta stajına hesablanması vəzifəsi qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 24 avqust 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) ayrı-ayrılıqda iddia tələbini müdafiə etdiklərini bildirmişlər və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional filialına xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “3 saylı Gəncə mülki tikinti xidmətləri distansiyasında işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Qeyd etmək lazımdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək vətəndaşın fərdi hesabının sığorta hissəsində heç bir sığorta kapitalı mövcud deyildir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmasına baxmayaraq tələb olunan 3 il 13 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 22 il 6 ay 16 gün əmək fəaliyyəti dövrü daxil olmaqla onun ümumi iş stajı 25 il 6 ay 29 gün təşkil edir. Eyni zamanda bildiririk ki, sözügedən şəxsin xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildiririk ki, tərəflərindən mübahisələndirilən xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (4 il 8 gün) "xxxx" QSC Yükdaşımaları Departamenti Qərb İstiqaməti üzrə arxiv bölməsində vətəndaşın “3 saylı Gəncə mülki tikinti xidmətləri distansivası”nda işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. 18 saylı regional filialının xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən yoxlama zamanı əmr kitabına rast gəlinməmişdir. Əmək haqları barədə məlumatlar 1995-1999-cu illərdə adi vərəqdə yazıldığı qeyd olunmuş və möhürdə latın qrafikalı hərflərlə yazılar olduğundan staj yoxlanılması mümkünsüz hesab edilmişdir. İddiaçı əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 25 il 6 ay 29 gün iş stajı vardır. İddiaçının qəbul olunan sığorta stajı 21 il 6 ay 21 gün, mübahisələndirilən sığorta stajı isə 4 il 8 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.1973-cü il tarixli, NT ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arxiv arayışı, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayış, iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, QT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubu və iddiaçının işlədiyi illərə dair əmək haqqı cədvəllərinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin dövrdə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi dövr "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arxiv arayışında və iddiaçıya məxsus əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin arxiv arayışının və əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arxiv arayışından və iddiaçıya məxsus əmək kitabçasından məlum olur ki, İddiaçı xx.xx.1995-ci il tarixli, 159 nömrəli əmrlə 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.1999-cu il tarixli, 191 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə iddiaçının 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının və əmək kitabçasında öz əksini tapmış məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Qeyd olunanlara əsasən iddiaçının sosial sığorta stajı 25 il 6 ay 29 gün (3 il 13 gün hərbi xidmət müddəti, 17 il 8 ay 16 gün əmək kitabçasında əks olunmuş iş illəri və 4 il 8 ay 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi müddət) təşkil edir. İddiaçı iddia ərizəsində ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-cu ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi dövr də daxil edilməklə, cəmi 25 il 6 ay 29 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Gəncə Mülki Tikinti Xidmətləri Distansiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar