Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1287/2021 23.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, “Əmrin dəyişdirilməsi və öz ərizəsinə əsasən işdən azad olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cavabdeh başçısının 01.03.2021-ci il tarixli, 36 nömrəli əmrinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı qeyri-qanuni olaraq işğaldan azad olunmuş ərazilərə keçdiyi və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq 01 mart 2021 -ci il tarixdən dövlət qulluğuna xitam verilərək tutduğu vəzifdən azad edilmişdir. «Cinayət işi başlanmasının rədd edilməsi barədə» 15 aprel 2021-ci il tarixli qərardan məlum olur ki, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh başçısının 19.05.2021-ci il tarixli, 1319 nömrəli arayışından məlum olur ki, İddiaçı 15.10.2016-cı il tarixdən 01.03.2021-ci il tarixədək Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçı Cavabdehnə qarşı 22.05.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının 01 mart 2021-ci il tarixli, 36 nömrəli əmrinin ləğv edilməsi və 01 mart 2021-ci il tarixli ərizəsinə əsasən öz xahişi ilə işdən çıxarılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh başçısının 01 mart 2021-ci il tarixli, 36 nömrəli əmrinin dəyişdirilməsi və ərizəsinə əsasən öz xahişi ilə işdən çıxarılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 yanvar 2013-cü il tarixdə Cavabdeh başçısının 06 nömrəli əmri ilə 6 ay sınaq müddəti müəyyən edilməklə Tərtər rayonu, Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi və baş mühasib vəzifəsinə təyin edilmiş, 18 sentyabr 2013-cü il tarixli, 177 nömrəli əmr ilə həmin vəzifə üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. 07 fevral 2014-cü il tarixli 12 nömrəli əmr ilə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi almış, 04 fevral 2015-ci il tarixli 26 nömrəli sərəncam ilə Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi və baş mühasib vəzifəsindən həmin nümayəndəliyin müavini vəzifəsinə təyin edilmişdir. 01 mart 2016-cı il tarixli 36 nömrəli sərəncam ilə həmin vəzifədə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. 15 oktyabr 2016-cı il tarixli, 187 nömrəli sərəncam ilə tutduğu vəzifədən öz istəyi ilə azad edilərək eyni tarixli 128 nömrəli sərəncam ilə Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə əsassız olaraq azad edildiyi 01 mart 2021-ci il tarixədək işləmişdir. İşlədiyi müddət ərzində daim nizam-intizamlı olmuş, işində heç bir nöqsanı olmamış və barəsində intizam məsuliyyəti tədbirlərindən heç biri tətbiq edilməmişdir. 01 mart 2021-ci il tarixdə Cavabdeh başçısının 36 nömrəli əmri ilə heç bir əsaslı səbəb olmadan tutduğu vəzifədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi rəhbər tutulmaqla azad edilmişdir. O, 24 fevral 2021-ci il tarixdə Tərtər rayon, Talış kəndində, münasibətdə olduğu hərbi hissənin zabitləri tərəfindən həmin ərazilərdən “Kamaz” markalı maşınlarla metal daşındığı məlumatını almış, bu məlumatı dəqiqləşdirmək və müvafiq orqanlara düzgün məlumat vermək üçün hadisəni yerinə getmək qərarına gəlmişdir. İş yoldaşları ilə birlikdə Talış kəndi ərazisinə gedərkən havanın qarlı və buzlu olmasını, həmin vaxt maşınla yolu gedə bilməyəcəklərini görüb geri qayıtmaq qərarına gəlmişlər. Tərtər rayon, Seydimli kəndi istiqamətində olan zaman qarşısına bir anda at çıxmış və nə qədər çalışsa da atı vurmaqdan yayına bilməmişdir. Atı vurduqdan sonra idarəetməni itirmiş və maşın aşmışdır. O, və avtomobildə olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanası aparılmışdır. Hadisədən 2 gün sonra Cavabdeh başçısının birinci müavini Ramiz Şabanov və Ərazi İdarəetmə şöbəsinin müdiri Fizuli Əliyev evinə gələrək İcra başçısının onları göndərməsini bildirərək hadisə barədə izahat istəmişlər. Həmin tarixlərdə isə o, məzuniyyətdə olmuşdur. Belə ki, İcra başçısının 22 yanvar 2021-ci il tarixli 04 saylı əmri ilə 26 yanvar 2021-ci ildən 28 fevral 2021-ci ilədək, yəni 34 gün müddətinə əmək məzuniyyəti verilmişdir. Məzuniyyəti bitdiyi gün, yəni 01 mart 2021-ci il tarixdə ona bildirilmişdir ki, 01 mart 2021-ci il tarixli 36 nömrəli əmr ilə işdən azad edilmişdir. Səbəbini soruşduqda, qeyri-qanuni olaraq işğaldan azad olunmuş ərazilərə keçdiyi deyilmiş, o isə bununla razılaşmamışdır. Cavabdeh onu işdən azad edərkən onu iş yerinə çağırmamış, işdənçıxma əmrinin surətini, əmək kitabçasını ona təqdim etməmiş və hər hansı sənədi almağı ilə bağlı imza etdirməmişdir. Bugünə kimi də ona rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Rəsmi müraciətindən sonra ona yalnız Cavabdehndə işlədiyini təsdiq edən 19 may 2021-ci il tarixli, 1319 nömrəli arayış verilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh onu işdən azad edərkən onu iş yerinə çağırmamış, rəsmi sənədlərdən (işdənçıxma əmri, əmək kitabçası və s.) heç birinin surətini ona təqdim etməmiş və hər hansı sənədi almağı ilə bağlı imza etdirməmişdir. Bugünə kimi də ona rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Rəsmi müraciətindən sonra ona yalnız Cavabdehndə işlədiyini təsdiq edən 19 may 2021-ci il tarixli, 1319 nömrəli arayış verilmişdir. Məhkəməyə müraciət edərkən lazım olan sənədlərdən bəzilərinin surətlərini tanışları vasitəsilə 19 may 2021-ci il tarixdə yuxarıda göstərdiyi arayışla birlikdə almış və Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinin tələblərinə uyğun olaraq iddia müddətini buraxmamışdır. Belə ki, həmin maddələrin tələblərini rəhbər tutduqda onun iddia müddətinin axımı 19 may 2021-ci il tarixdən hesablanmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, 01.03.2021-ci il tarixdə ona işdən azad olunmasına dair əmr şifahi qaydada elan edilsə də, hazırki tarixədək rəsmi qaydada verilməmiş, 04.03.2021-ci ildə iştirakı ilə akt tərtib edilərək möhür və digər sənədlər ondan təhvil alınmışdır. Məhkəməyə gec müraciət etməsinə səbəb əmrin, əmək kitabçasının ona təqdim edilməməsi və cinayət işinn başlanmasının rədd edilməsinə dair qərarın qəbul edilməsini gözləməsidir. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verdi, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı qeyri-qanuni olaraq işğal olunmuş ərazilərə keçmiş və orada avtomobil ilə qəza törətmişdir. Bu səbəbdən o, 01 mart 2021ci il tarixli 36 nömrəli əmr ilə işdən azad edilmiş və işdən azad edilməsi ilə bağlı iddiaçıya həmin gün rəsmi qaydada məlumat verilmişdir. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 da digər nümayəndə ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 01 mart 2021-ci il tarixli, 36 nömrəli əmr və işdən çıxma səbəbi iddiaçıya rəsmi qaydada 01.03.2021-ci il tarixdə elan edilmiş və həmin tarixdən sonuncu əmrdən məlumatlı olmuşdur. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Belə ki, iş materiallarında olan, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilən 04.03.2021-ci il tarixli aktdan görünür ki, Tərtər RİHB aparatının ərazi idarəetmə və yerli özünüidarə etmə orqanları ilə iş şöbəsinin müdiri F.B.Əliyevin, Tərtər RİHB aparatının ərazi idarəetmə və yerli özünüidarə etmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi E.B.Bağırovun, Talış kənd İƏD üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İddiaçı, Talış kənd İƏD üzrə nümayəndəliyinin müavini Z.M.Kərimovun, Talış kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi – baş mühasib V.U.Ələsgərovanın iştirakları ilə Tərtər RİHB-nın 01.03.2021-ci il tarixli 36 saylı əmri ilə işdən azad edilmiş, Talış kənd İƏD üzrə nümayəndə İddiaçı işdən azad olunduğundan onun üzərində olan sənədlər və mal-materiallar Talış kənd İƏD üzrə nümayəndəliyinin müavini Z.M.Kərimova təhvil verilmiş, həmin akt İddiaçı tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin əsaslandırma hissəsinin 5-ci abzasında qeyd olunmuşdur ki, «məzuniyyətim bitdiyi gün, yəni 01.03.2021-ci il tarixdə mənə bildirildi ki, sən 01.03.2021-ci il tarixli, 36 nömrəli əmr ilə işdən azad edilmisən. Səbəbini soruşduqda, qeyri-qanuni olaraq işgal olunmuş ərazilərə keçdiyim deyildi». Göründüyü kimi, iddiaçıya hazırda mübahisələndirdiyi əmr iddia ərizəsində də qeyd olunduğu kimi 01.03.2021-ci il tarixdə elan edilmiş, 04.03.2021-ci ildə özünün iştirakı ilə tərtib edilmiş işdən azad olunduğundan üzərində olan sənədlərin və malmaterialların Talış kənd İƏD üzrə nümayəndəliyinin müavini Z.M.Kərimova təhvil verilməsinə dair 04.03.2021-ci il tarixli aktı imzalamış və həmin aktın məzmununda onun Tərtər RİHB-nın 01.03.2021-ci il tarixli 36 saylı əmri ilə işdən azad edilməsi qeyd edilmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulan müddətinin ötürülməsini üzürlü hesab edərək əsas kimi işdən çıxarılma əmrini, əmək kitabçasını və s. almamasını göstərmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi qeyd etdiyi 01.03.2021-ci il tarixli əmrin ona təqdim edilmədiyinə, habelə sənədlərin surətini 19.05.2021-ci il tarixdə aldığına görə müddət axımının həmin tarixdən hesablanmasına dair dəlillərinə münasiət bildirərək hesab edir ki, iddiaçı həmin əmrdən ən geci 04.03.2021-ci il tarixdə akta imza edən zaman məlumatlı olmuş, işdən azad edildiyi gündən isə əmr ona elan edilmişdir. Bu da ona dəlalət edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən birbaşa elan edilməklə Tərtər RİHB-nın 01.03.2021-ci il tarixli 36 saylı əmrinin qəbul edilməsi haqqında iddiaçıya dərhal rəsmi məlumat verilmiş, iddiaçı həmin əmrdən-inzibati aktdan məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin dəyişdirilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, ərizəsinə əsasən öz xahişi ilə işdən çıxarılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı əmrin dəyişdirilməsi və öz ərizəsinə əsasən işdən azad olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1287/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1287/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver