Məhkəmə qərarları › İş №2-1(114)-1287/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1287/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1287/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Birinci Vətən müharibəsində iştirak etmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda N () saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən rəsmi məktub və Müdafiə Nazirliyi N saylı hərbi hissədən arayış da mövcuddur. Həmçinin döyüş yoldaşları da bu faktı təsdiq edirlər. Lakin iddiaçı veteran adını hələ də ala bilməmişdir. O, bununla əlaqədar Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən iddia ərizəsinə qarşı etiraz məhkəməyə daxil olmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsi mümkün sayılmamalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansısa imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. “Müharibə veteranı” adı müvafiq komissiyanın rəyi əsasında verilir. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 1422 nömrəli məktubuna əsasən 709(181) nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 133 nömrəli əmri ilə (əsas:§-8, səh-21, sıra-57, əmrdə hərbi rütbəsi “siravi” yazılmışdir) siravi İddiaçı xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq mühafizə və xidmət bölüyünə təyin olunmuşdur. 709(181) nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 10 nömrəli əmri ilə (əsas §-1, səh-81,sıra-77) yefreytor İddiaçı xx.xx.1993-cü il tarixdən komendant bölüyündə baş tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. 709(181) nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti, yaralanması və 230 nömrəli hərbi hospitala müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. 230 nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün onun sənədləri komissiyanın icraatına qəbul edilmiş və sənədlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaqdır. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsinə əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. İddiaçı Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsinə əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı hazırkı tələblə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə hazırkı tələblə cavabdeh orqana müraciət etməsini və (və ya) cavabdeh orqanın tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətanın aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla bağlı vaxt verilmişdir. İddiaçı məhkəmənin hüquqi yardımından sonra ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciət məktubunu məhkəməyə təqdim etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün onun sənədləri komissiyanın icraatına qəbul edilmiş və sənədlərə baxıldıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir. Yenidən məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək cavabdeh tərəfindən müraciətə imtina edildiyi təqdirdə imtinanın məhkəmə təqdim edilməsinin zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xəta aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi, cavabdeh orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. Məhkəmənin hüquqi yardımından sonra cavabdehə müraciət etmiş, hazırda müraciət Müdafiə Nazirliyi tərəfindən baxılmaqdadır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar