Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1288/2021 12.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 13.04.2013-cü il tarixli sərəncamı ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində 400 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən üçüncü şəxsin adına sərəncam verilmişdir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən üçüncü şəxsi adına verilmiş torpaq sahəsinin ayrılması ilə bağlı 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncam ləğv edilməlidir. Məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi inzibati aktdan şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət təqdim edərək bildirdilər ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncamını 2018-ci ildə əldə etmişlər, lakin qanunu bilmədikləri üçün məhkəməyə gec müraciət etmişlər. Odur ki, prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçı «şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair» vəsatətində müddətin buraxılmasını onunla izah edir ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncamını 2018-ci ildə əldə etmiş, lakin qanunu bilmədiyi üçün məhkəməyə gec müraciət etmiş və ərizə verərkən müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, bu hal ötürülmüş müddətin üzürlü səbəbdən baş verməsi üçün əsas vermir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayıt verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd edilənlər məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. İddiaçı müddətin ötürülməsini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə qarşı 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncamın ləğv edilməsi barədə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilməməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 24 və 80-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı 15.08.2017-ci il tarixli 1495 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilsin və iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1288/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1288/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver