Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-129/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı) əsassız hesablanmış borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 9911,35 manat (7589,25 manat əsas borc, maliyyə sanksiyası 0 manat, faiz borcu 2322,10 manat) əsassız hesablanmış borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" İstehsal Kommersiya Şirkətinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ötürülmüş 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, maliyyə sanksiyası 0 manat və faiz borcu 2322, 10 manat) borcun yarandığını bildirmişdir. 2019-cu ilin 1 yanvarından etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyinin səlahiyyətinə verilməsindən sonra Dövlət Vergi Xidmətinin e-taxes.gov.az elektron portalı vasitəsilə xx.xx.2021-ci il tarixli məktubla 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək yanlış hesablanmış borc məbləğinin silinməsini tələb etmiş, lakin cavabdeh tərəfindən borcun silinməsidən imtina edilmişdir. "xxxx" İKŞ-nin dövlət sosial müdafiə fonduna yaranmış borcu cədvəlin birində 2009-2015-ci illəri, digərində isə 2006-2018-ci illəri əhatə edir. "xxxx" İKŞ-də saxlanılan 2010-cu ilin birinci və dördüncü, 2011-ci ilin 4-cü rübünə dair hesabat sənədlərindən göründüyü kimi ödənilmiş 425 manat əsas borcdan silinmək əvəzinə peniya məbləğindən silinmiş, iki halda isə peniya məbləği rüblük 154,15 manat əvəzinə 275 manatadək şişirdildilmiş, 2014 və 2015-ci ilin yekun hesabatlarında isə hər dəfə 1170 manat, cəmi 2340 manat artıq borc hesablanmışdır. Səhv və şişirdilərək aparılmış hər bir hesablama nəticədə bütünlükdə əsassız borc və peniya məbləği yaranmış, bu halda Vergi Məcəlləsinin 94.0.1.maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşsə də cavabdeh qanunla müəyyən edilmiş sübut etmə vəzifəsini də icra etməmişdir. İddiaçı qeyd olunan əsaslardan əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsini əsas gətirərək cavabdehin iddia müddətini buraxdığını da bildirərək əsassız hesablanmış borcun silinməli olduğunu qeyd etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1975/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialı, 2-1(114)-1975/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi X5 və vəkili X4 iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, "xxxx" İstehsal Kommersiya Şirkəti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2021 -ci il tarixli ərizə ilə müraciət edərək, "xxxx" İstehsal Kommersiya Şirkətinə hesablanmış 9723, 84 manat borcun silinməsini xahiş etmişdir. Müraciətin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 17 avqust 2021 -ci il tarixli **********9 saylı cavab məktubunda "xxxx" İstehsal Kommersiya Şirkətinin 2018-ci ilin 01 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) fəaliyyət növünə görə dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmiş və "xxxx" İstehsal Kommersiya Şirkətinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə kimi məcburi dövlət sosial sığorta haqqı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcları və ödənişləri barədə məlumat təfsilatı ilə həmin məktuba əlavə edilmişdir. Həmin cədvəldən "xxxx" İKŞ-nin xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun 7589,25 manat və borc məbləğinə hesablanmış peniyanın 2322,10 manat, cəmi 9911,35 manat borcu olması görünür. Bundan əlavə "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 aprel 2019-cu il tarixli qərarına əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər tətbiq edilə bilməz. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********678600 nömrəli iddiaya etrazdan görünür ki, iddiaçının müraciətinin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 müraciət olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 17 avqust 2021-ci il tarixli **********9 saylı cavab məktubunda "xxxx" İstehsal Kommersiya Şirkətinin 2018-ci ilin 01 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) fəaliyyət növünə görə dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcu olduğu qeyd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 9/2355 nömrəli rəydən görünür ki, iş materiallarında olan mövcud sənədlər əsasında, yəni «Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar, işə götürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə cədvəllər, "xxxx" İKŞ xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər cədvəli və s.» məlumatlar nəzərə alınmaqla "xxxx" İstehsal Kommersiya Şirkətinə dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləği 9911,35 manat (o cümlədən 7589,25 manat əsas borc, faiz borcu 2322.10 manat) məbləğində müəyyən edilir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" İstehsal Kommersiya Şirkəti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, 9911,35 manat əsassız hesablanmış borcun silinməsini tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli Qanunu ilə “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Eyni zamanda həmin Qanunla “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əlavə edilmiş son abzasa əsasən məcburi dövlət bosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun bibiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanın 4.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində orqan dedikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzərdə tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. “Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. İddiaçının tələbində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli qanunun 2-ci maddəsini əsas gətirərək dövlət sosial sığorta haqqı üzrə 7589,25 manat, maliyyə sanksiyası və penya üzrə 2322,10 manat borcun silinməli olduğunu bildirmişdir. Lakin məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərdən, həmçinin iddia ərizəsindən də görünür ki, iddiaçının borcu 2006-cı ildən sonrakı dövrləri əhatə edir. Bu səbəbdən də həmin norma iddiaçıya münasibətdə tətbiq edilməməlidir. Bundan əlavə ekspert rəyində də "xxxx" İstehsal Kommersiya Şirkətinə dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləğinin 9911,35 manat məbləğində olması müəyyən edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, 100 (bir yüz) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" İstehsal Kommersiya Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. 100 (bir yüz) manat məhkəmə xərci "xxxx" İstehsal Kommersiya Şirkətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-129/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-129/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver