Məhkəmə qərarları › İş №2-1(114)-129/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-129/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-129/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nümayəndə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq ödənilmiş 584,18 manat vəsaitin tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Maraqlı şəxs xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 993 nömrə ilə qeyd aparılmış və xx.xx.2020-ci il tarixdə Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı, 133333 nömrəli Ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh (bundan sonra mətndə - cavabdeh) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - iddiaçı) müraciət edərək həyat yoldaşı pensiyaçı Maraqlı şəxs dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarı ilə AZ-İİ 133333 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs əmək pensiyası dayandırılmışdır. 2020-ci ilin dekabr ayı üzrə 1.184,18 manat və 2021-ci ilin 1.184, 18 manat vəsait Maraqlı şəxs “Kapital Bank” tərəfindən verilmiş plastik kartına köçürülmüşdür. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Maraqlı şəxs məxsus kart hesabına xx.xx.2020-ci il tarixdə 1.184,18 manat köçürülmüş, xx.xx.2020-ci il tarixdə 1.184,18 manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə1.184,18 manat köçürülmüş, xx.xx.2021-ci il tarixdə 1.184,18 manat çıxarılmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə **********2 nömrəli və xx.xx.2022-ci il tarixdə **********7 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Maraqlı şəxs 2 dekabr 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin dekabr (vəfat etdiyi gündən ayın sonuncu gününədək) və 2021ci ilin yanvar ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Maraqlı şəxs 2329,48 manat artıq pul vəsaiti ödənilmişdir. Maraqlı şəxs vəfat etməsi ilə əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq sizə ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. Mərhum Maraqlı şəxs müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 2329,48 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 1729,48 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə artıq ödənilmiş 584,18 manat vəsaitin tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək həyat yoldaşı Maraqlı şəxs xx.xx.2020-ci tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh mərhum həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 2329,48 (iki min üç yüz iyirmi doqquz manat, qırx səkkiz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X3 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Rəna Sirinovaya ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2329,48 manat məbləğindən çıxılmış, qalan 1729,48 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış 1729,48 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabma ödəməyi barədə sifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində cavabdehin mərhum həyat yoldaşının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2021-ci ilin yanvar ayı üzrə əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 1184,18 (bir min yüz səksən dörd manat on səkkiz qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Cavabdehin Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1184,18 manat məbləğindən çıxılmış, qalan 584,18 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı etiraf edərək bildirmişdir ki, qanunvericilikdək məlumatı olmadığı üçün sosiala görə ödənilən pul olduğunu hesab edərək həmin vəsaiti götürmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunu 2022-ci ildə almışdır, ancaq maddi imkanı olmadığı üçün birdəfəlik həmin məbləği ödəyə bilməmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehin ərinə əmək pensiyası təyin edilmiş və cavabdehin əri pensiyanı hər ay mütəmadi olaraq almış, 02 dekabr 2020-ci il tarixdə cavabdehin əri vəfat etmiş, iddiaçı qurum bu barədə məlumatlı olmamış, lakin nəticədə 2021-ci ilin yanvar ayının pensiya məbləğı cavabdehin mərhum ərinin bank kartına tam məbləğdə köçürülmüşdür. İddiaçı yalnız 26 yanvar 2021-ci il tarixdə cavabdehin onun ərinin vəfatı ilə bağlı dəfn xərcinin ödənilməsi ilə bağlı müraciətindən sonra bu barədə məlumat əldə etmişdir. “Əmək pensiyaları haqqında” Qanun əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını tənzimləyir. Həmin Qanunun: 37.8.1-ci maddənin tələbinə görə təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə sonrakı ayın 1- dən dayandırılır. 39.1-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, cavabdehin onun ərinin vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin ərinə ödənilirdi. Cavabdehin ərinin vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə ərinin vəfatı barədə cavabehi məlumatlandırmaq əvəzinə, ərinin vəfatından sonra da pensiyanı almaqda davam etmişdir. İddiaçı qurum isə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2021-ci il tarixdə **********2 nömrəli və xx.xx.2022-ci il tarixdə **********7 nömrəli məktublarla artıq ödənilmiş məbləğin könüllü qaydada qaytarılmasını tələb etmiş, ancaq cavabdeh tərəfindən hərəkətsizlik edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilməli, artıq ödənilmiş 584,18 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 584,18 (beş yüz səksən dörd manat on səkkiz qəpik) manat pensiya məbləğinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar