Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1291/2020 04.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı vəsiqəsi verildiyi gündən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavimnətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi almış və hal-hazırda Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialı tərəfindən müharibə veteranı kimi müavinət (Prezident təqaüdü) alır. O, xx.xx.2019-cu il tarixdən əvvəlki illər üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı X4 şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialı isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildiyi gündən yarandığından ona sosial müavinətin imkan xaricində olduğu bildirilərək müraciəti şöbə tərəfindən təmin edilməmişdir. - 086164 nömrəli xx.xx.2019-cu il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X3 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, işin hallarından müəyyən olunduğu kimi iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixindən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericilikdə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsinin qərara alınması qanuni və əsaslı deyildir. Bununla bağlı olaraq məhkəmə ilk növbədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin oxşar işlər üzrə mövcud məhkəmə təcrübəsini xatırlatmağı zəruri hesab edir. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Ali Məhkəmə bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik" prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. xx.xx.2019-cu il tarixindən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti deyil, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişdir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı xx xxxxx 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün sosial müavinət almaq hüququ istisna edilir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından iddiaçı X1 iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 X9 Qazax rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1291/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1291/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver