Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1291/2023 06.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********491200 nömrəli qərarın ləğv edilməklə hesablanmış 122.338 manat məbləğində mənfəət vergisinin silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2019-cu il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsində (bundan sonra mətndə - cavabdeh) vergi ödəyici kimi qeydiyyata alınmış, qanuni təmsilçisi X2r. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********491200 nömrəli qərarı ilə İddiaçı 2021-ci il üzrə 122.338,00 manat mənfəət vergisi hesablanmışdır. Qərar cavabdeh tərəfindən elektron poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 12:05də göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 14:46-da həmin sənəd oxunmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********757200 nömrəli qərarı ilə iddiaçının xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********491200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar xx.xx.2022-ci il tarixli, **********029400 nömrəli müşayiət məktubu ilə iddiaçıya göndərilmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixdə saat 14:50-də İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Namazlı tərəfindən ASAN imza ilə imzalanmış, xx.xx.2022-ci il tarixdə, saat 14:50:47-də iddiaçının elektron poçtuna göndərilmiş, xx.xx.2022-ci il tarixdə, saat 19:56:59-da oxunmuşdur. İddiaçının qanuni təmsilçisi X3 məxsus PC tipli, C01759551 nömrəli pasportun surətindən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə (xx.xx.20222-ci il tarixdə poçta təqdim edilmişdir) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********491200 nömrəli qərarın ləğv edilməklə hesablanmış 122.338 manat məbləğində mənfəət vergisinin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə “müddətin bərpa edilməsinə dair” ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********491200 nömrəli Qərarı ilə 122338,00 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmin qərardan iddiaçının inzibati qaydada verdiyi şikayət xx.xx.2022-ci il tarixli **********757200 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarla təmin edilməmiş və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********491200 nömrəli Qərarı qüvvədə saxlanılmışdır. Qərar qəbul edildikdən sonra cəmiyyətin direktoru X4 xx.xx.2022ci il tarixdə ölkə ərazisini tərk etmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycana geri dönmüşdür. Həmin müddət ərzində qərarın mövcudluğundan xəbərsiz olmuşdur. Geri döndükdən sonra elektron vergi idarəsinin onlayn kargüzarlıq bölməsində həmin qərarla tanış olmuş və qərarın poçt vasitəsilə təqdim olunması barədə şifahi formada vergi orqanına müraciət etmişdir. Lakin hal-hazıradək qərar rəsmi qaydada cəmiyyətə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən mübahisələndirilən qərardan iddia ərizəsi ilə məhkəməyə şikayət verilməsi müddətin bərpa olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili ərizədə qeyd olunanları müdafiə edərək iddia qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2022-ci il tarixli, **********491200 nömrəli qərarının ləğvini məqsəd güdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf inzibati aktın poçt vasitəsilə göndərilmədiyini bildirmiş, elektron formada təqdim edilməsini mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə ona təqdim edilən qərarı xx.xx.2022ci il tarixdə yuxarı vergi orqanında, xx.xx.2022-ci il tarixdə, yəni 02 ay 10 gün sonra (xx.xx.2022-xx.xx.2022 tarixləri üzrə 01 gün, xx.xx.2022-xx.xx.2022 tarixləri üzrə 02 ay 09 gün) isə məhkəmədə mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, iddiaçının qanuni nümayəndəsi xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə ölkədə olmamış, həmin müddət ərzində isə qərarın mövcudluğundan xəbəri olmamış, geri döndükdən sonra elektron vergi idarəsinin onlayn kargüzarlıq bölməsində qərarla tanış olmuşdur. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı əvvəla qeyd edir ki, yuxarı vergi orqanının qərarı xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının qanuni təmsilçisinin ölkəni tərk etməmişdən 9 gün əvvəl onun elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 19:56:59da, başqa sözlə qanuni təmsilçisinin ölkəni tərk etməmişdən 9 gün əvvəl oxunmuşdur. Digər tərəfdən isə nümayəndənin ölkədən xaricdə olması üzürlü – istisna hal hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********491200 nömrəli qərarın ləğv edilməklə hesablanmış 122.338 manat məbləğində mənfəət vergisinin silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1291/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1291/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver