Məhkəmə qərarları › İş №2-1(114)-1292/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1292/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1292/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X19, X15, X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi hüquqi şəxsi və Gəncə şəhər 1 nömrəli uşaq xəstəxanası) qarşı müsadirə edilmiş daşınmaz əmlakın sahibinə-qanun üzrə vərəsələrinə geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı, X19, X15, X16 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1931-ci ildə qanunsuz əsaslarla müsadirə olunmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3380 kv.m olan X6 xüsusi mülkiyyətində olmuş və hazırda dövlət mülkiyyətində olan daşınmaz əmlakın sahibinə - qanun üzrə vərəsələri olan iddiaçılara geri qaytarılması ilə cavabdehin üzərinə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3380 kv.m olan mülk təqdim etdikləri rəsmi sənədə əsasən 1931-ci ilədək babaları X12 məxsus olmuşdur. X1 hakimiyyəti dövründə, 1931-ci ildə qanunsuz olaraq repressiya olunaraq əmlakı müsadirə olunmuş, 1941-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilmişdir. X20 1890-cı ildə Gəncə şəhərində anadan olmuş, 11 iyul 1957-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Rəfibəyov Cavadın üç övladı - bir oğlu və iki qızı olmuş, qızlarından biri X2 gənc yaşında Cavad Rəfibəylinin sağlığında vəfat etmiş, X7 adlı bir qızı olmuş, hazırda sağdır və Moskva şəhərində yaşayır. Rəfibəyov Cavad vəfat etdiyi günədək ailəsi - həyat yoldaşı və övladları ilə birlikdə yaşamış, vəfat etdikdən sonra ailəsi tərəfindən dəfn edilmiş və miras əmlakı ailəsi faktiki qəbul etmişdir. Rəfibəyov Cavadın həyat yoldaşı X4 1984-cü ildə Gəncə şəhərində vəfat edib. Qızı, X8 2002-ci ildə Gəncə şəhərində vəfat edib, ailəli olmayıb. Oğlu, X21 16 dekabr 1924-cü ildə Gəncə şəhərində anadan olmuş, 3 dekabr 1996-cı ildə Gəncə şəhərində vəfat etmişdir. Rəfibəyli Hadi vəfat etdiyi günədək ailəsi - həyat yoldaşı və övladları ilə birlikdə yaşamış, vəfat etdikdən sonra ailəsi tərəfindən dəfn edilmiş və miras əmlakı ailəsi faktiki qəbul etmişdir. Rəfibəyli Hadının qanun üzrə vərəsələri olan ailə üzvləri: həyat yoldaşı - X19, oğlu - X17, qızı - X13, qızı - X16 olmuşdur. 03 mart 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, 1931-ci ildə qanunsuz müsadirə olunmuş, ünvan 2 ünvanında yerləşən X12 məxsus olmuş və hazırda dövlət mülkiyyətində olan daşınmaz əmlakın sahibinə - qanun üzrə vərəsələrinə geri qaytarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişlər, lakin Əmlak Məsələləri Dövlət Xidmətindən verilən 13 aprel 2021-ci il tarixli **********02 saylı cavab məktubunda bildirimişdir ki, müraciətinizdə göstərilən məsələnin həlli Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»si ilə müəyyən edilmiş Xidmətin fəaliyyət sahələrinə daxil deyildir. Cavabdeh tərəfindən ona ünvanlanmış həmin məktubu poçtla 27 aprel 2021-ci il tarixdə almışlar. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 2.0.4-cü bəndinə əsasən Xidmətin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etməkdir. Qeyd olunan Əsasnamədən göründüyü kimi Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsi ƏMDX-nin səlahiyyətindədir. Həmin səlahiyyəti çərçivəsində ƏMDX qanunsuz müsadirə olunaraq dövlət mülkiyyətinə keçirilmiş əmlakın sahibinə geri qaytarılması ilə bağlı müraciətlərinə baxaraq müvafiq qərar qəbul edə bilərdi. Rəfibəylilər nəsli Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda, Gəncə şəhərinin ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmiş, Rəfibəyov Cavad dövrünün tanınmış ziyalısı, maarif xadimi olmuş, məhz millətimiz və dövlətimiz qarşısında xidmətlərinə görə ailələri sovet hakimiyyəti dövründə çox ağır, təqib və mərhumiyyətlərlə dolu məşşəqətli həyat yaşamışdır. Yalnız 1989-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yaradılmış Komissiyanın 15.11.1989-cu il tarixli qərarı ilə X20 ailəsi ilə birlikdə bəraət almış, illərlə məruz qaldığı iztirabların, məhrumiyyətlərin qarşısında ailələrinə məxsus qanuni, halal əmlaklarının geri qaytarılması ailələri adına yalnız kiçik bir təsəlli ola bilər. 16 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Gəncə filialından verilən 147 (33)/3 saylı arxiv arayışında bildirilmişdir ki, Kirovabad şəhər X25 İcrayyə Komitəsi arxiv fondunun müsadirə kitablarından məlum olur ki, Əzizbəyov küçəsi, 306 ünvanında yerləşən ev X12 məxsus olmuş və 06.02.1931-ci ildə müsadirə edilərək məktəbə verilmişdir. Qeyd olunan arxiv arayışında müsadirənin əsası olan sənədin 7 saylı fondda, 27 saylı işdə, 154-cü vərəqdə saxlanıldığı bildirilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində törədilmiş siyasi repressiyaların qurbanlarına bəraət verilməsi, onların hüquqlarının bərpa edilməsi, mənəvi itkilərinin əvəzinin ödənilməsi, həmçinin özbaşnalığın başqa nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində tədbirlər görülmüş, qanun və qərarlar qəbul edilmişdir. 06.11.1991 -ci ildə «Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və qanun bu gün də qüvvədədir. Siyasi repressiya nəticəsində müsadirə olunmuş bir çox evlər həmin qanunun əsasında sahiblərinə qaytarılmışdır. 15.03.1996-cı ildə qəbul edilmiş «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən bəraət verilmiş şəxslərin siyasi repressiya ilə əlaqədar dövlət mükafatından, elmi dərəcədən, hərbi rütbədən, pensiyadan və başqa hüquqlardan məhrum edilməsi haqqında qərarlar qüvvədən düşmüş sayılmışdır. Ümumiyyətlə, əmlakın müsadirə olunması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müddəalar, qanuni yolla əldə edilmiş əmlaka münasibətdə, qanunla qorunan mülkiyyət hüquqlarına zidd olduğu üçün qanunvericilikdən çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12.01.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasını nəzərdə tutan müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğun olmayan hesab edilmiş və bu qərar qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq müsadirə edilməsini nəzərdə tutan müddəaları qüvvədən düşmüş hesab edilmişdir. 30.12.1999-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ayrıca cəza növü kimi əmlakın müsadirə olunması ləğv edilmiş, yalnız cinayət yolu ilə əldə edilmiş əmlakın xüsusi müsadirə qaydasında, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulur. 1931-ci ildə X9 əqidəsinə, ictimai fəaliyyətinə, fərqli düşündüyünə görə repressiyaya məruz qalması səbəbi ilə rəsmi sənədlə qanuni olaraq onun xüsusi mülkiyyətində olmuş, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak tamamilə qanunsuz əsaslarla müsadirə olunaraq dövlət mülkiyyətinə keçirilmişdir. 15.11.1989-cu il tarixdə rəsmi qərarla babası X20 ailəsi ilə birlikdə tam bəraət aldığı üçün onun repressiya səbəbi ilə məhrum edilmiş bütün mülki hüquqları, o cümlədən pozulmuş mülkiyyət hüququ da bərpa edilmişdir. Lakin bəraət qərarı olmasaydı belə Azərbaycan Respublikasının Konstitusiyası ilə fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi, mülkiyyətin toxunulmazlığına təminat verildiyi və qanuni yolla əldə edilmiş əmlakın müsadirəsinin qadağan olunduğu üçün babası X6 əmlakının müsadirə edilməsi barədə qərar qanunsuz hesab edilərək ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak sahibinə - qanun üzrə vərəsələrinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, **********25 saylı məktubdan görünür ki, «Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, 162 ünvanında yerləşən əmlak hal-hazırda Azərbaycan Respublikasının dövlət əmlakının Reyestrində Gəncə şəhər Səhiyyə İdarəsinin balansında olan və 1 nömrəli uşaq xəstəxanasının istifadəsində olan əmlak kimi qeydə alınmışdır». Rəsmi sənədə əsasən 1 nömrəli uşaq xəstəxanasının istifadəsində olan əmlak kimi qeydə alınsa da hazırda həmin binada faktiki olaraq 1 nömrəli uşaq xəstəxanası yerləşmir və binada heç bir qanuni əsası olmadan X35 Məntəqəsi yerləşir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə 1931-cü ildə qanunsuz əsaslarla müsadirə olunmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3380 kv.m olan, təqdim etdikləri rəsmi sənədlə X6 xüsusi mülkiyyətində olmuş və hazırda dövlət mülkiyyətində olan daşınmaz əmlakın sahibinə qanun üzrə vərəsələrinə geri qaytarılması ilə bağlı cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, iddia qaldırmaq üçün subyektiv hüquqa malikdirlər və hazırki işdə onların subyektiv hüququ vərəsəlik hüququnu qanunauyğun əldə etmələri ilə yaranıb. Cavad Rəfibəyov sağlığında həmin hüquqdan istifadə edə bilmədiyi üçün onun (miras qoyanın) əmlakına vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ qanuna müvafiq olaraq hüquqi varislərinə keçmiş olub. Rəfibəyov Cavad 11.07.1957-ci ildə Gəncə şəhərində vəfat edib. Rəfibəyov Cavad vəfat edən zaman ondan miras əmlak kimi müxtəlif daşınar ev əşyaları - mebel, xalça və sair qalıb. Rəfibəyov Cavad ölən gününədək həyat yoldaşı X4 və övladları ilə birlikdə yaşayıb, vəfat etdikdən sonra ona məxsus miras əmlakı - ev əşyalarını həyat yoldaşı övladları ilə birlikdə faktiki qəbul edərək həmin əmlaka sahiblik ediblər. X4 1984-cü ildə Gəncə şəhərində vəfat edib. Eyni qaydada Rəfibəyova Zeynəbdən qalan miras ev əşyalarını oğlu X21 ailəsi ilə birlikdə faktiki qəbul edərək həmin əmlaka sahiblik ediblər. X21 03.12.1996-cı ildə Gəncə şəhərində vəfat edib, vəfat etdiyi günədək ailəsi - həyat yoldaşı və övladları ilə birlikdə yaşayıb, vəfat etdikdən sonra miras əmlakı ailəsi faktiki qəbul edib. Əslində ailələrinin miras əşyaları qəbul etməmələri mümkün də deyildi, çünki həmin əşyalar hələ miras açılmamışdan, babalarının, nənələrinin və atalarının ölümündən əvvəl ailənin istifadəsində olan və miras açılan zaman ailənin faktik istifadə etdiyi zəruri ev əşyaları idi. Rəfibəyov Cavaddan qalan miras əşyalar mebel, xalça və sair bu gün də onların mülkiyyətində və istifadəsindədir. Bundan əlavə iddia qaldırılması üçün müddətdə ötürülməmişdir. Mövcud qanunvericiliyə əsasən mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil olunmur. Ona görədə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar X14, X10 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə İddiaçı izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki: mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi məsələsi yoxlanılmalıdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlik daşımasını Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.4-cü bəndi ilə əsaslandırılmışdır. Həmin bəndə əsasən Xidmətin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etməkdir. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən «Əsasnamə»nin həmin bəndi cavabdehə müsadirə edilmiş dövlət əmlakını keçmiş sahibinə geri qaytarılması hüququ vermir. Belə ki, həmin mübahisə digər maddi hüquq normalarına əsasən tənzimlənir. «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Siyasi repressiya ilə bağlı bəraət verilməsi haqqında səlahiyyətli orqanların qəbul etdikləri qərar bu Qanun qüvvəyə mindikdən sonra da qüvvədə qalır. Bəraət verilmiş belə şəxslər bu Qanunda nəzərdə tutulmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən bəraət verilmiş şəxslərin siyasi repressiya ilə əlaqədar dövlət mükafatından, elmi dərəcədən, hərbi rütbədən, pensiyadan və başqa hüquqlardan məhrum edilməsi haqqında qərarlar qüvvədən düşmüş sayılır. Bu Qanunun 3-cü maddəsində göstərilən dövrdə Azərbaycan Respublikası ərazisindən sürgün edilmiş şəxslərin Azərbaycan Respublikası ərazisində yenidən məskunlaşması üçün zəruri tədbirlər dövlət tərəfindən görülür. Məhkəmə həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biridə iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı təxminən 32 il bundan əvvəl, yəni 1989-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yaradılmış Komissiyanın 15.11.1989-cu il tarixli rəyi ilə bəraət almış X5 əmlakının geri qaytarılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, X20 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yaradılmış Komissiyanın 15.11.1989-cu il tarixli rəyi ilə bəraət almışdır. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bundan əlavə iddiaçıların miras qoyana məxsus miras ev avadanlığı və məişət predmetlərini qəbul edib miras qoyanın vərəsələri olmaları barədə göstərdiklərini də məhkəmə aşağıdakılara əsasən mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin vaxt qüvvədə olan 1964-cü il redaksiyalı Mülki Məcəllənin 536-cı maddəsinin tələbinə görə adi ev avadanlığı və məişət predmetləri miras qoyanla birgə yaşayan qanun üzrə vərəsələrə onların növbəsində və miras payından asılı olmayaraq bu şərtlə keçə bilər ki, onlar miras qoyan şəxslə onun ölümünə qədər bir ildən az olmayaraq bir yerdə yaşamış olsunlar. İş materiallarında isə belə sübutlar mövcud deyildir. Bu baxımdan iddiaçıların sözügedən tələb ilə çıxış etmələri subyektiv hüquq cəhətdən də mümkün deyildir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı, X19, X15, X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi hüquqi şəxsi və Gəncə şəhər 1 nömrəli uşaq xəstəxanası) qarşı müsadirə edilmiş daşınmaz əmlakın sahibinə-qanun üzrə vərəsələrinə geri qaytarılması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X19, X15, X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi hüquqi şəxsi və Gəncə şəhər 1 nömrəli uşaq xəstəxanası) qarşı müsadirə edilmiş daşınmaz əmlakın sahibinə-qanun üzrə vərəsələrinə geri qaytarılması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar