Məhkəmə qərarları › İş №2-1(114)-1294/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1294/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1294/2024 27.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********492400 nömrəli və xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********1143000 nömrəli qərarından görünür ki, iddiaçı tərəfindən 7.559,32 əsas, 2.646,14 manat faiz, 180,0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 10.385,46 manat vergi, faiz və maliyyə sanskiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli, xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarlarının xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır.

2. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********769900 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən 191077.65 manat mallar almasına baxmayaraq 2020-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində mallar 1.3.2 4256.80 manat qeyd edilmişdir. Eyni zamanda vergi ödəyicisinin uçotda olan təsərrüfat subyekti (obyekti) və NKA olmadığı nəzərə alınaraq 2020-ci il üzrə 7579.26 manat məbləğində gəlir vergisi əlavə olaraq hesablanmışdır.

3. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanskiyası tətbiq edilmişdir.

4. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən 2020-ci ilin 1-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 2020-ci ilin 4-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona 80 manat maliyyə sanskiyası tətbiq edilmişdir.

5. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********769900 nömrəli qərarı xx.xx.2021-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə oxunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarı həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə oxunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarı həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********1143000 nömrəli qərarı həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur.

6. İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən sonuncunun xx.xx.2023-cü il tarixli **********480400 nömrəli məktubu ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********492400 nömrəli və xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarları ona təqdim edilmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, **********1143000 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 saylı Ərazi Vergilər İdarəsinin 17 mart 2022-ci il tarixli qərarı ilə o, 7.559,32 manat əsas, 2.646, 14 manat faiz, 180,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 10.385,46 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli, xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarların xx.xx.2022-ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. O, həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, adları qeyd edilən qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, həmin qərarlar barədə heç bir məlumatı olmamışdır. Əvvəllər iddiaçının adına VÖEN olmuş, belə ki, şirkətin məhsulları adına vurulurdu və o, həmin məhsulların satışını həyata keçirirdi. Pandemiya və 44 günlük müharibə dövründə məhsulların satışı həyata keçmədiyindən məhsullar geri qaytarıldı, lakin bu barədə heç bir rəsmi sənəd tərtib edilmədi. Yuxarıda da bildirdiyi kimi, ona heç bir qərar göndərilməmişdir. Onun həmin qərarlardan xəbəri olmamışdır. Həmin qərarlardan şikayət vermək hüququ da təmin edilməmişdir. Hazırkı qərar da yalnız icra məmuru tərəfindən iddiaçıya məlumat verildikdən sonra onun rəsmi müraciətinə əsasən 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı inzibati xətanın subyekti olmamışdır. İddiaçı verginin cüzi bir hissəsini ödəmədiyi halda, həmin dövrdə olmuş fövqəladə vəziyyət vergilər idarəsi tərəfindən nəzərə alınmamış, hələ üstəlik ona dəbbə pulu da hesablanmışdır. İddiaçı bildirir ki, qeyd edilən qərarın surəti ona 07 dekabr 2023cü ildə təqdim edilmişdir. O, qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

11. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

12. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********492400 nömrəli, xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

13. Cavabdehin iddiaya qarşı yazılı vəsatəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

14. Vəsatətdə bildirilmişdir ki, iş üzrə iddiaçı tərəfindən düzgün iddia tələbi qaldırılmamışdır. Belə ki, iddiaçının iddia tələbi Tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı olmuşdur. Həmin qərar isə özlüyündə vergi ödəyicisi üçün hər hansı vergi öhdəliyi yaratmır, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki mövcud olan borcun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə qəbul edilən qərardır. Bu baxımdan iddiaçının hazırkı tələblə ləğvini istədiyi qərar onun üçün vergi öhdəliyi müəyyən etmədiyindən inzibati akt kimi mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Həmçinin xx.xx.2022-ci il tarixli **********1143000 nömrəli qərarın nömrəsi də iddiaçı tərəfindən iddia ərizəsində düzgün qeyd olunmamışdır. Belə olan halda da hazırkı vəziyyətdə həmin tələb üzrə yekun xarakterli qərar qəbul edilə bilinmədiyi üçün iddiaçının iddiası mümkün sayılmamalıdır.

15. İddiaçı məhkəmə iclasında məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək bildirmişdir ki, o, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəmədə iddia qaldıra bilməmişdir. Buna səbəb qərardan 2023-cü ildə xəbər tutuması olmuşdur. Odur ki, buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, vergi orqanı sözügedən qərarları ona rəsmi qaydada yalnız onun bu barədə müraciətindən sonra 2023-cü ilin dekabr ayında təqdim etmişdir. 2021-ci ildə kommersiya məhkəməsində onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edildi, o, borcu az-az ödəyəcəyini düşündüyü üçün bununla razılaşdı. Lakin sonradan həmin qərarlar əsasında ona hesablanmış vergi borcu onun əmək haqqının 50 faizinə yönəldilmişdir ki, o, bundan sonra maraqlanmış və müəyyən etmişdir ki, vergi borcuna əlavə faizlər (dəbbə pulu) da hesablanmışdır. O, bununla razılaşmadığı üçün məhkəmədə hazırkı iddianı qaldırmaq qərarına gəlmişdir.

17. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında hazırkı iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyü üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

18. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.

19. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

20. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

22. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı tərəfindən 191077.65 manat mallar almasına baxmayaraq 2020-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində mallar 1.3.2 4256.80 manat qeyd edildiyi və vergi ödəyicisinin uçotda olan təsərrüfat subyekti (obyekti) və NKA olmadığı nəzərə alınaraq 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********769900 nömrəli qərarı ilə 2020-ci il üzrə 7579.26 manat məbləğində gəlir vergisi əlavə olaraq hesablanmışdır. Eyni zamanda, İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanskiyası, həmçinin 2020-ci ilin 1-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 2020-ci ilin 4-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarı ilə 80 manat maliyyə sanskiyası tətbiq edilmişdir.

23. İddiaçı tərəfindən 7.559,32 əsas, 2.646,14 manat faiz, 180,0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 10.385,46 manat vergi, faiz və maliyyə sanskiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********1143000 nömrəli qərarı ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli, xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarlarının xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır.

24. Hazırda iddiaçı həmin qərarları mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır.

25. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ilkin iddia tələbində 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********1143000 nömrəli qərarını mübahisələndirsə də, məhkəmənin hüquqi yardımından sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********492400 nömrəli, xx.xx.2021-ci il tarixli **********769900 nömrəli, xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmiş, yəni həmin tələbə baxılması qərara alınmışdır.

26. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

27. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

28. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

29. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

30. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.

31. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.2-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

32. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

33. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********769900 nömrəli qərarı xx.xx.2021-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə oxunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********492400 nömrəli qərarı həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə oxunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********347700 nömrəli qərarı həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********1143000 nömrəli qərarı həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur.

34. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa əsasən, mübahisələndirilən qərarlar elektron üsulla müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə iddiaçının elektron kabinetinə göndərildiyindən ən geci 3 gün müddətində çatdırılmış hesab olunmuşdur.

35. İddiaçı vergi orqanının sözügedən qərarları ona rəsmi qaydada yalnız onun bu barədə müraciətindən sonra 2023-cü ilin dekabr ayında təqdim etdiyini bildirsə də, əvvəla, bu, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda qeyd edilənlərlə təkzib olunur. İkinci tərəfdən isə, iddiaçının iclas zamanı verdiyi izahatı ilə müəyyən edilir ki, həmin vergi borcuna görə iddiaçının ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması və vergi borcunun ödənilməsinin onun əmək haqqına yönəldilməsi barədə vergi orqanı tərəfindən tədbirlər görülmüş və iddiaçı bunlardan məlumatlı olmuşdur.

36. İddiaçı müddəti ötürdüyünə görə iclasda iclas zamanı müddətin bərpasına dair ərizə təqdim etsə də, lakin müddətin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

39. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

40. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

41. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

43. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

44. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

45. Buna görə də, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiası mümkün sayılmamalıdır

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar