Məhkəmə qərarları › İş №2-1(114)-1294/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1294/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1294/2025 23.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Gəncə Bazar Store MMC-yə qarşı «sərəncamın ləğvi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Gəncə Bazar Store MMC-yə qarşı «sərəncamın ləğvi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 377 saylı sərəncamının qanunsuzluğunun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 377 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlilləri ilə bağlı nümayəndəsi olan vəkilinin izahat verəcəyini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə göstərdi ki, tələbin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edirlər. Belə ki, iddia ərizəsində qeyd etdikləri sərəncamın ləğv olunmasını istəyirlər. Kassasiya instansiyası məhkəməsi qərarında inzibati aktın qanunsuzluğunun tanınması barədə iddia qaldırılmalı olduğunu göstərsə də, məhkəmənin sərəncamı ilə iddia tələbini hazırki iddia ilə əvəz etmişlər. Hazırda da, verdikləri tələb üzrə işə baxılmasını istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxsin nümayəndəsi lazimi qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 3.1, 3.2 və 3.3-cü bəndləri). İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilk növbədə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 377 saylı sərəncamının qanunsuzluğunun tanınması barədə qərar çıxarılmasını xahiş etmiş, daha sonra isə tələbini dəyişərək sərəncamın ləğvini xahiş etmişdir. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın 38-ci bəndində qeyd olunmuşdur: «Bununla bağlı iddiaçıya izah olunmalıdır ki, artıq icra olunduğuna (tikinti obyekti artıq tikilib qurtarmış və həmin obyektə münasibətdə hüququn qeydiyyatı barədə hətta çıxarış da verilmişdir) və bu səbəbdən hüquqi qüvvəsini itirdiyinə görə (hüquqi qüvvəsini itirmiş inzibati aktın yalnız qanunsuzluğu tanına bilər), iddiaçı tikintiyə icazənin (əgər belə icazə mövcuddursa), belə icazə olmadığı təqdirdə isə xüsusi nişanın verilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması barədə İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən tanınma haqqında iddia qaldırmaq və həmin iddia ilə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini də irəli sürmək hüququna malikdir. Həmin maddəyə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Bu baxımdan iddiaçı bu qərarın 37-ci bəndində məhkəmə baxışında olduğu qeyd edilən iddia tələbini iqtisadi xarakter daşıyan hüquqi marağına uyğun dəqiqləşdirə və ya iddianın predmetini dəyişdirə bilər.» Göründüyü kimi iddiaçının hazırda sərəncamın ləğvini tələb etməsi yolverilməzdir. Çünki, mübahisələndirilən inzibati akt artıq icra edilmişdir. Bir sözlə həmin inzibati akt hüquqi qüvvəsini itirmişdir. Hüquqi qüvvəsini itirmiş inzibati aktın isə məhkəmə qaydasında yalnız qanunsuzluğu tanına bilər. Məhkəmə tərəfindən bu hallar İnzibati Prosessual Məcəllənin 13 və 48-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasında iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. Lakin iddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsi üzrə ərizəyə baxılmasının davam etdirilməsini arzu etmişdir. Ona görə də məhkəmə verilən tələb üzrə işə baxmağa davam etmişdir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Gəncə Bazar Store MMC-yə qarşı «sərəncamın ləğvi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar