Məhkəmə qərarları › İş №2-1(114)-1295/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1295/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1295/2022 31.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ünvanlı sosial yardımın bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək, 2016-cı ilin yanvar ayından dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi, sosial yardımı almadığı illərin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, X1 ilə 2001-ci ilin oktyabr ayında faktiki, xx.xx.2005-cı il tarixdə isə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından beş övladları doğulmuşdur. Ailədə işləyən yoxdur. 2016-cı ilin iyun ayında DSMF Şəmkir rayon şöbəsi tərəfindən müraciətləri əsasında onların mal varlığı araşdırılmış və lazımı sənədləri onlara təqdim etdikdən sonra 2016-cı ilin iyul ayından onun adına iki il müddətinə 271 AZN ünvanlı sosial müavinət təyin edilmişdir. Lakin 2017-ci ilin yanvar ayında ona təyin edilmiş sosial müavinət dayandırılmışdır. Dəfələrlə Dövlət Sosial X3 rayon şöbəsinə və aidiyyatı qurumlara müraciət etsə də hər dəfə bəhanə ilə ona təyin edilmiş sosial müavinəti bərpa etməmişlər. Sosial müavinətin hansı səbəbdən, nəyə görə dayandırılması barədə rəsmi məlumat verilmir. Cavabdeh orqan tərəfindən sosial müavinətin ona ödənilməsi ilə bağlı axırıncı dəfə 2021-ci ilin noyabr ayında etdiyi müraciətə 03 fevral 2022-ci il tarixli, **********6 nömrəli imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, müavinət 2017-ci ilin yanvar ayından dayandırılmışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ona ünvanlı sosial yardımın təyin edilməsi üçün 21 dəfə müraciət etmiş, lakin müraciətlərinə imtina cavabı verilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilərək ödənilmişdir. Daha sonrakı müraciətlərdə isə VEMTAS tərəfindən uyğunsuzluq aşkar edildiyi üçün imtina verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli, **********18001 nömrəli müraciətinə Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci yarımbəndinə əsasən, VEMTAS tərəfindən avtomatlaşdıırlmış qaydadda imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımı təyin edilərək ödənilmiş, lakin 2017-ci ilin yanvar ayında ödənilməsi dayandırılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.1-ci bəndinə əsasən, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Məhkəmə cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina bildirişlərində əsaslar müxtəlifdir, bəzilərində isə əsassızdır. Belə ki, hər imtina bildirişində yeni bir qüsur qeyd edilmişdir. İmtinanın əsasları tam dolğun və imtinaya əsas olan bütün səbəblər göstərilmiş olsa idi iddiaçı tərəfindən aradan qaldırılması mümkün ola bilərdi. İmtina bildirişlərinin əsasız olmasına isə misal olaraq göstərilir ki, sözügedən Qaydalarda şəxsin adına olan bütün mobil nömrələrin göstərilməsi zərurəti qeyd olunmasa da, cavabdeh tərəfindən göndərilmiş imtina bildirişlərinin bir neçəsində bu əsasla təyinatdan imtina olunduğu qeyd olunmuşdur(bax: xx.xx.2016 və xx.xx.2017-ci il tarixli müraciətlərə verilmiş imtina bildirişləri). Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, idiaçıya ünvanlı dövlət sosial yardımının ödənilməsinin bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 2017-ci ilin yanvar ayından dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi və hər il üzrə ödənilməmiş məbləğin İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar