Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1296/2021 02.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı 31.05.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həsənov Akif Salman oğlu ilə 03.07.1973-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Həsənov Akif Salman oğlu 25.09.2004-cü il tarixdə ürək dayanmasından vəfat etmişdir. Mərhum əri Həsənov Akif Salman oğlu 11.10.1967-ci il tarixdə 348 saylı əmrlə Gəncə (Kirovabad) şəhər Ticarət mərkəzinə işə qəbul edilmiş, 14.05.1970-ci il tarixdə 125 saylı əmrlə həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. Həqiqi hərbi xidmətdən qayıtdığı üçün 13.08.1972-ci il tarixdən 74 nömrəli mağazaya kiçik satıcı vəzifəsini müvəqqəti icra edən kimi işə qəbul edilmişdir. 22.07.1974-cü il tarixdə 134 saylı əmrlə işdən azad edilmişdir. 22.09.1974-cü il tarixli 184 saylı əmrlə Gəncə (Kirovabad) şəhəri Ərzaq Malları Ticarət İdarəsinin 14 saylı mağazasının maddi məsuliyyətini aparmaqla kiçik satıcısı vəzifəsinə qəbul edilmiş, 24.02.1995-ci il tarixdə 16 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 02 sentyabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, iddiaçı gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə dair etirazda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 26.02.2021-ci il tarixli imtina məktubunun əsli; - X3 məxsus 15.09.2004-cü il tarixli, 083015 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti; - 392747 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti; - Məhkəmənin sorğusu əsasında alınmış X6 filialının 17.07.2021-ci il tarixli, 777(227)/3 nömrəli arxiv arayışının əsli; - X6 filialının 27.05.2017-ci il tarixli, 622/5 nömrəli arxiv arayışının əsli. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh orqan bundan imtina edərək iddiaçıya 26.02.2021-ci il tarixli imtina məktub ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyası sənədlərinin rəsmiləşdirilşəsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə uyğun olaraq Qanunun qüvvədə olduğu 01 yanvar 2006-cı ilədək, sığortaolunanların qazanılmış əməkpensiyası hüquqlarının nəzərə alınması üçün, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının regiona təqdim etdiyi sənədlərdə mərhum həyat yoldaşı Həsənov Akif Salman oğlunun sığorta stajını təsdiq edən əmək kitabçası olmadıği üçün (arxiv arayışı) iddiaçıya region tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması imkan xaricindədir. İş materiallarında olan 392747 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 ilə İddiaçı 1973-cü il tarixdə nigaha girmişlər. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan 083015 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 15.09.2004-cü ildə 53 yaşında vəfat etmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddəsinə əsasən Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar. 1.0.15 Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 5. Pensiya seçmək hüququ. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 5.3 Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri. 12.1. Əlilliyə görə əmək pensiyası 1-ci dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 35. Əmək pensiyası üzrə payın ayrılması. Maddə 35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci və 17.1ci maddələri təşkil edir. Həmin normaların təhlilindən görünür ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) arvad pensiya yaşına çatmışdırsa, onun arzusu ilə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır. Lakin bu kateqoriya şəxslərə pensiya təyin olunması üçün ölmüş ailə başçısının stajının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün isə, 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə işin hallarını bu normalar əsasında tədqiq edərək müəyyən etmişdir ki, iddiaçının mərhum əri 1951-ci ildə doğulmuş, 15.09.2004-cü ildə ölmüşdür. Ölən zaman onun 53 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 12 il 6 ay stajının olması kifayət edir (53- 15=38, 38*4/12=12 il 6 ay). İddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundan onun 03.03.2013cü il tarixdə 57 yaşı tamam olmuşdur və hal-hazırda məhkəmədə işə baxılan gün 65 yaş 5 ay tamam olmuşdur. Belə ki, vətəndaş İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci ildəki dəyişikliklərədək olan Qanun) 14-cü maddəsinin 14.1.2-ci bəndinə əsasən, ata, ana, ər (arvad) pensiya yaşına – kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud 1-ci vəya 2-ci qrup əlildirsə, ailə başçısını itirməyə görə pensiya hüquu yaranır. Vətəndaş 57 yaşına 03.03.2013-cü il tarixdə çatdığı üçün pensiya təyinatı üçün yaş tələbi ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş X6 filialının 17.07.2021-ci il tarixli, 777(227)/3 nömrəli Arxiv arayışına əsasən iddiaçının mərhum əri Həsənov Akif Salman oğlu 11.10.1967-ci il tarixdə Kirovabad şəhəri Ərzaq Malları Ticarət İdarəsinə kiçik satıcı kimi işə qəbul edilmiş, 17.05.1970-ci il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Həsənov Akif Salman oğlu 13.08.1972-ci il tarixdə 74 nömrəli mağazaya kiçik satıcı vəzifəsini müvəqqəti icra edən kimi Kirovabad şəhəri Ərzaq Malları Ticarət İdarəsinə işə qəbul edilmiş, 25.07.1974-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Həsənov Akif Salman oğlu 27.09.1974-cü il tarixdə Kirovabad şəhəri Ərzaq Malları Ticarət İdarəsinə kiçik satıcı vəzifəsinə qəbul edilmişdir. Məhkəmə həmin məlumat mənbələrini sosial sığorta stajının müəyyən edilməsi üçün mötəbər əsas hesab edir və bu müddətləri ailə başçısının sosial sığorta stajı kimi qəbul edir. Çünki iddiaçının Kirovabad şəhəri Ərzaq Malları Ticarət İdarəsində işlədiyi müddətdə, qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1296/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1296/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver