Məhkəmə qərarları › İş №2-1(114)-13/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-13/2020

16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-13/2020 16.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati-İqtisadi Məhkəməsin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və məlumat vərəqəsinin təqdim edilməsi tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, nazirliyin Raket və Artilleriya Qoşunları komandanının xx.xx.2018-ci il tarixli, 016 nömrəli əmrinin qismən, yəni iddiaçının 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, 2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)- 4765/2018 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət edərkən xx.xx.2018-ci il tarixdə hərbi hissədə aparılan ümumi yoxlamalar zamanı onun nəzarət etdiyi xidmət üzrə bəzi nöqsanlar aşkar edilmiş və həmin nöqsanlara görə Müdafiə Nazirliyinin Raket və X1 komandanının xx.xx.2018-ci il tarixli, 016 nömrəli əmrinə əsasən ona eyni əmələ görə həm töhmət elan edilmiş, həm də məharət dərəcəsi 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilmişdir. xx xxx 2018-ci il taruxdə iddiaçının xidmət illəri toplanmaqla ona təminat xərcliyinin 89% həcmində pensiya təyin edilmişdir. Təminat xərcliyinin hesablanması zamanı ona verilmiş 2-ci məharət dərəcəsi əsassız olaraq 3cü məharət dərəcəsinə endirildiyindən 2-ci məharət dərəcəsi üçün nəzərdə tutulmuş əlavə pensiyasına hesablanmamışdır ki, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də hesab edir ki, həmin əmr qismən ləğv edilməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və məlumat vərəqəsinin təqdim edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar