Məhkəmə qərarları › İş №2-1(114)-13/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-13/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-13/2025 23.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Nizami küçəsi, 9 (Yeni qaydalarla Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 133) ünvanında 0.008 ha torpaq sahəsində yerləşən mağaza binasının yenidən qurulmasından sonrakı vəziyyəti üzrə mülkiyyət hüququnun ½ paylarla İddiaçı1 və İddiaçı2 adına qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2006-cı il tarixli Qeyri-yaşayış fondunun qəbulu aktına əsasən Gəncə şəhəri, Nizami küçəsi, 11 ünvanında yenidənqurma işlərinə icazə verilmiş mağazaya yerində baxış və ölçmə nəticəsində müəyyən olunmuşdur ki, inşası başa çatmış mağaza 66,0 kv.m satış zalından; 15,8 kv.m sərgi salonundan; 19,1 kv.m ofisdən; 11,9 kv.m mətbəxdən; 3,1 kv.m sanitar qovşağından; 11,4 kv.m dəhlizdən və 60,0 kv.m zirzəmidən ibarətdir. Mağaza karkas konstruksiyalı olmaqla “kubik” daşından inşa olunmuşdur. Mərtəbəarası örtük monolit dəmir-betondan, dam örtüyü isə metal fermalardan ibarətdir. Tavan asma olub, lambrin lövhələrindəndir. Döşəmə metlaq tavaları və parketdəndir. Mağaza dxildən gəc, xaricdən isə sement məhlulu ilə suvanmışdır. Çardaq örtüyü 4 (dörd) enişli olub, sinklənmiş, metal təbəqələrdəndir.

2. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 155 nömrəli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 13 yanvar 2005-ci il tarixli 10-10 saylı icazəsi əsasında ünvan 2 ünvanda yenidən qurulmuş 66,0 kv.m satış zalından; 15,8 k.m sərgi salonundan; 19,1 kv.m ofisdən, 11,9 kv.m mətbəxdən; 3,1 kv.m sanitar qovşağından; 11,4 kv.m dəhlizdən və 60,0 kv.m zirzəmidən ibarət mağazanın istismara qəbul edilməsi və İddiaçı1 adına rəsmiləşdirilməsi qərara alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 56.32 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsi üzərində İddiaçı1 və ½ hissəsi üzərində İddiaçı2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 1399 nömrəli müqaviləyə əsasən icarəyəverən – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 78.6 kv.m torpaq sahəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək icarəçilər İddiaçı1 və İddiaçı2 icarəyə vermişdir.

5. İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********03 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin 6.6 kv.m hissəsinin icarədə olan torpaq sahəsindən kənarda yerləşdiyi və qeyri-yaşayış binasının faktiki ölçüləri ilə layihədə qeyd olunan ölçülər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Həmçinin, tikiliyə dair təqdim edilmiş “Qeyri-yaşayış fondunun qəbul aktı” xx.xx.2006-cı ildə tərtib edilməsinə baxmayaraq, Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2000-ci ildən qüvvəyə minmiş formaya uyğun tərtib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1501/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən İddiaçı1 tərəfindən yenidən qurulmuş qeyriyaşayış binasının 1-ci mərtəbədə yerləşən satış zalının naturada sahəsi 66.3 kv.m, 2-ci mərtəbədə yerləşən sərgi salonu 16 kv.m, ofis otağı 18.7 kv.m, mətbəx 11.7 kv.m, sanitar qovşağı 3.2 kv.m, dəhliz 10.6 kv.metrdən ibarətdir. 60 kv metrdə zirzəmidə ölçü işləri aparmaq mümkün olmamışdır. Naturada mövcud olan 5.1 kv.m (tikinti altı sahəsi 6.3 kv.m) pilləkən sahəsi qanuni istifadədə olan torpaq sahəsinin hüdudları daxilindən kənarda inşa edilib, hüquqmüəyyənedici sənədlərdə əksini tapmayıb, həmçinin eskiz layihədə sahəsi göstərilməyib.

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7818 nömrəli ekspert rəyi ilə ünvan 5 ünvanda İddiaçı1 tərəfindən yenidən qurulmuş 66.0m kv.m satış zalından, 15.8 kv.m sərgi salonundan, 19.1 kv.m ofisdən, 11,9 kv.m mətbəxdən, 3.1 kv.m sanitar qovşağından, 11.4 kv.m dəhlizdən və 60.0 kv.m zirzəmidən ibarət mağazanın mövcud vəziyyəti layihədə göstərilən sahələrə uyğun gəldiyi müəyyən edillmişdir.

8. Məhkəmənin qərardadı əsasında əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, **********73-06301 reyestr nömrəli çıxarışa əsasən, texniki pasport sənədi tərtib olunmamışdır. Odur ki, araşdırma zamanı, sözügedən tikilinin faktiki yerləşmə vəziyyətinə və arxiv materiallarında mövcud olan ilkin sənədlərə istinad edilmiş, eyni zamanda qanuni istifadə sahəsinin **********73-06301 reyestr nömrəli çıxarışa əsasən 0.0073 ha (73.0 kv.m) olduğu əsas götürülmüşdür. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sözügedən tikilinin faktiki yerləşdiyi sahə 80.2 kv.m təşkil edir. Qeyd edilir ki, mağazanın zirzəmisinə giriş üçün inşa edilmiş tikilinin (pilləkənin) yerləşdiyi 6.3 kv.m sahə, arxiv materiallarına istinadən ilkin sənədlərə qeyd olunmamışdır.

9. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 8620/1399 nömrəli müqaviləyə əsasən icarəyəverən – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 80.2 kv.m torpaq sahəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəçilər İddiaçı1 və İddiaçı2 icarəyə vermişdir.

10. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixdə yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlak qeyri-yaşayış sahəsi olmaqla, birinci mərtəbəsi ayaqqabı mağazası kimi fəaliyyət göstərir. Hansı ki, layihə və istismara qəbul aktında 66 kv.m ibarət satış zalı kimi qeyd edilmişdir. Sərgi salonu, ofis, mətbəx və sanitar qovşaq isə ikinci mərtəbədə yerləşir. Dəhliz isə birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkənin yerləşdiyi hissədir, hansı ki, birinci mərtəbənin sağ hissəsində qapı açılır, ordan həm ikinci mərtəbəyə, həm də mağazanın yan tərəfindən çölə çıxış vardır. 60 kv.m ibarət zirzəmi isə mağazanın birinci mərtəbəsinin altında yerləşir, lakin zirzəminin girişi mağaza daxilindən deyil, çöl tərəfdəndir. X1 zirzəmiyə düşən pilləkənin nə köhnə sənədlərdə, nə də yeni layihədə öz əksini tapmadığını və pilləkənin yerləşdiyi sahə istisna olmaqla mağazanın altında yerləşən sahənin 80.2 kv.m, pilləkənin yerləşdiyi sahənin isə 6.3 kv.m təşkil etdiyini bildirmiş və ortofoto görüntülər təqdim etmişdir. İddiaçılar yenidənqurma zamanı tərtib olunmuş layihədə zirzəmi öz əksini tapsa da, zirzəmiyə düşən pilləkənin yəqin ki texniki səhv olaraq nəzərdə tutulmadığını, zirzəmidən istifadə etmədiklərini, illərdir yararsız sahə kimi qaldığını, lazım gələrsə beton tökərək bu hissəni bağlaya biləcəklərini bildirmişlər.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11282/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı1 qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə daxil olmuş müraciətinin araşdırılması zamanı, ərizəyə əlavə edilmiş xx.xx.2006-cı il tarixli “Qeyri-yaşayış fondunun qəbulu” aktının forması qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilib və 1 yanvar 2000-ci ildən qüvvəyə (AzDTN 1.6-1) minmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na riayət olunmamışdır. Həmin qaydaların 5 saylı əlavəsində Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının akt forması müəyyən olunmuşdur. Lakin vətəndaş tərəfindən təqdim olunmuş istismara qəbulu aktı yuxarıda göstərilən qaydalara riayət olunmamışdır.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 2711/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3031/2025 cavab məktublarında bildirilmişdir ki, ərizəçi İddiaçı1 tikiliyə dair təqdim edilmiş əlavə edilmiş “Qeyri-yaşayış fondunun qəbulu” aktı xx.xx.2006-cı il tarixdə qəbul edilməsinə baxmayaraq, Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilib və 1 yanvar 2000-ci ildən qüvvəyə (AzDTN 1.6-1) minmiş formaya uyğun tərtib edilməmişdir.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yeni qaydalarla: AZ 2000, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 133 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2025ci il tarixli **********73 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. II. Məhkəmədə icraat

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 6 ünvanında yerləşən istifadə hüququ ilə 0,0073 ha ölçüdə torpaq sahəsinin üzərindəki xüsusi mülkiyyət hüququ ilə (1/2 payla) onlara məxsus 56.32 kv.m qeyri yaşayış binasının yenidən qurularaq 66,0 kv.m satış zalından, 15,8 kv.m sərgi salonundan, 19,1 kv.m ofisdən, 11,9 kv.m mətbəxdən, 3,1 kv.m sanitar qovşağdan, 11,4 kv.m dəhlizdən və 60 kv.m zirzəmidən ibarət mağazaya dair mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 2006-cı il tarixli 155 nömrəli sərancamına əsasən, Gəncə şəhəri, Nizami küçəsi, 11 (9) ünvanda yerləşən istifadə hüququ ilə 0.0073 ha ölçüdə olan torpaq sahəsinin üzərindəki xüsusi mülkiyyət hüququ ilə (1/2 payla) ona və qardaşı İddiaçı2 məxsus 56.32 kv.m qeyri-yaşayış binasının (reyestrdən çıxarış nömrəsi **********73-06301) yenidən qurularaq 66.0 kv.m satış zalından,15,8 kv.m sərgi salonundan 19.1 kv.m ofisdən, 11.9.kv.m mətbəxdən, 3.1 kv.m sanitar qovşağdan, 11.4. kv.m dəhlizdən və 60.0 kv.m zirzəmidən ibarət mağaza istismara qəbul edilmiş və müvafiq sənədlərlə təmin olunması cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə tapşırılmışdır. Bu əsasla cavabdeh DƏDRX-inin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək qeyd olunan əmlakın mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi öz "ənənəsinə" sadiq qalaraq müraciətinə mahiyyəti üzrə baxmaqdan yayınmış və absurd bəhanələrlə imtina vermişdir. Yenidən qurulmuş binanın guya ki, torpaq sahəsindən kənara çıxması fiziki olaraq mümkün deyil. Çünki hər tərəfi tikililərlə əhatə olunub və ön hissəsi (fasad) piyada səkisindəki xəttin daxilində qalmışdır. Cavabdeh DƏDRX-inin 3 saylı Gəncə Ərazi İdarəsinin qanunazidd hərəkəti yalnız bir məqsədə xidmət edir-reyestrdə mülkiyyət hüququnu qeydiyyata almayaraq sahibkarların hüquqlarını pozmaq. Nəticə etibarilə cavabdeh DƏDRX-inin 3 saylı Gəncə Ərazi İdarəsi 18 iyul 2021-ci il tarixli **********03 saylı məktubunda ifadə edilmiş mücərrəd cavabla, əsassız olaraq, xidməti vəzifəsi olan inzibati aktın qəbul edilməsindən imtina etmişdir. Bu da öz növbəsində onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, qeyd olunan əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq DƏDRX-dən çıxarış verilməsi üçün qanuni əsaslar mövcuddur və bu səbəbdən hesab edir ki, cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin əmlaka mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməlidir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Gəncə şəhəri, Nizami küçəsi, 9 (Yeni qaydalarla Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 133) ünvanında 0.008 ha torpaq sahəsində yerləşən mağaza binasının yenidən qurulmasından sonrakı vəziyyəti üzrə mülkiyyət hüququnun ½ paylarla İddiaçı1 və İddiaçı2 adına qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

24. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə İddiaçı2 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

26. İddiaçı2 məhkəmə iclasına gəlmiş, digər iddiaçı və cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

28. İddiaçı2 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2006-cı il tarixli Qeyri-yaşayış fondunun qəbulu aktı; - Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 155 nömrəli sərəncamı; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 1399 nömrəli müqavilə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********03 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1501/2023 nömrəli məktubu; - xx.xx.2023-cü il tarixli 10/7818 nömrəli ekspert rəyi; - xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi; - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 8620/1399 nömrəli müqavilə; - xx.xx.2024-cü il tarixli yerində baxış protokolu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11282/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 2711/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3031/2025 cavab məktubları; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 2006-cı il tarixli 155 nömrəli sərancamına əsasən, Gəncə şəhəri, Nizami küçəsi, 11 (9) ünvanda yerləşən istifadə hüququ ilə 0.0073 ha ölçüdə olan torpaq sahəsinin üzərindəki xüsusi mülkiyyət hüququ ilə (1/2 payla) ona və qardaşı İddiaçı2 məxsus 56.32 kv.m qeyri-yaşayış binasının (reyestrdən çıxarış nömrəsi **********73-06301) yenidən qurularaq 66.0 kv.m satış zalından,15,8 kv.m sərgi salonundan 19.1 kv.m ofisdən, 11.9.kv.m mətbəxdən, 3.1 kv.m sanitar qovşağdan, 11.4. kv.m dəhlizdən və 60.0 kv.m zirzəmidən ibarət mağaza istismara qəbul edilmiş və müvafiq sənədlərlə təmin olunması cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə tapşırılmışdır.

32. İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********03 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin 6.6 kv.m hissəsinin icarədə olan torpaq sahəsindən kənarda yerləşdiyi və qeyri-yaşayış binasının faktiki ölçüləri ilə layihədə qeyd olunan ölçülər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Həmçinin, tikiliyə dair təqdim edilmiş “Qeyri-yaşayış fondunun qəbul aktı” xx.xx.2006-cı ildə tərtib edilməsinə baxmayaraq, Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2000-ci ildən qüvvəyə minmiş formaya uyğun tərtib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır.

33. Məhkəmə cavabdehin ilk dəlilinə münasibətdə qeyd edir ki, mağazanın mövcud vəziyyəti ilə eskiz layihə arasında uyğunsuzluğun olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş və əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanda İddiaçı1 tərəfindən yenidən qurulmuş 66.0m kv.m satış zalından, 15.8 kv.m sərgi salonundan, 19.1 kv.m ofisdən, 11,9 kv.m mətbəxdən, 3.1 kv.m sanitar qovşağından, 11.4 kv.m dəhlizdən və 60.0 kv.m zirzəmidən ibarət mağazanın mövcud vəziyyəti layihədə göstərilən sahələrə uyğun gəlir.

34. Göründüyü kimi, ekspert rəyi ilə qeyri-yaşayış binasının faktiki ölçüləri ilə layihədə qeyd olunan ölçülər arasında hər hansı uyğunsuzluğun olması dəlili təkzib olunmuşdur.

35. Məhkəmə “Qeyri-yaşayış fondunun qəbul aktı”nın Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2000-ci ildən qüvvəyə minmiş formaya uyğun tərtib edilməməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh orqanın bu əsasla hüquqların qeydə alınmasında imtina əsassızdır.

36. Belə ki, “Qeyri-yaşayış fondunun qəbul aktı”nın Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2000-ci ildən qüvvəyə minmiş formaya uyğun tərtib edilməməsi iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən qəbul aktı həmin dövrdə buna səlahiyyətli olan orqanların səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sənədə etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).

38. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər.

39. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir.

40. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

41. İddia tələbinin predmetini və tələbin hədlərini nəzərdən keçirərək məhkəmə qeyd edir ki, iddiaçılar məhz xx.xx.2006-cı il tarixli Qeyri-yaşayış fondunun qəbulu aktında qeyd olunan göstəricilərlə bağlı əmlak kompleksi üzərində hüquqlarının qeydiyyatına dair çıxarışın verilməsini tələb etmişdir. Təqdim olunan xx.xx.2006-cı il tarixli Qeyri-yaşayış fondunun qəbulu aktında da qeyri-yaşayış binalarının sahəsi və bütün texniki göstəriciləri qeyd olunmuş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə də əmlakın faktiki vəziyyəti müəyyən edilmişdir.

42. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

44. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.

45. Cavabdehin sonuncu imtina dəlili qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 6.6 kv.m hissəsinin icarədə olan torpaq sahəsindən kənarda yerləşməsi ilə bağlıdır.

46. Əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, sözügedən tikilinin faktiki yerləşdiyi sahə 80.2 kv.m təşkil edir. Hansı ki, iddiaçılar həmin halı bildikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 8620/1399 nömrəli müqavilə bağıayaraq, ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 80.2 kv.m torpaq sahəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəyə götürmüşlər və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

47. Həmçinin, mübahisə predmetinə xx.xx.2024-cü il tarixdə yerində baxış zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlak qeyri-yaşayış sahəsi olmaqla, birinci mərtəbəsi ayaqqabı mağazası kimi fəaliyyət göstərir. Hansı ki, layihə və istismara qəbul aktında 66 kv.m ibarət satış zalı kimi qeyd edilmişdir. Sərgi salonu, ofis, mətbəx və sanitar qovşaq isə ikinci mərtəbədə yerləşir. Dəhliz isə birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkənin yerləşdiyi hissədir, hansı ki, birinci mərtəbənin sağ hissəsində qapı açılır, ordan həm ikinci mərtəbəyə, həm də mağazanın yan tərəfindən çölə çıxış vardır. 60 kv.m ibarət zirzəmi isə mağazanın birinci mərtəbəsinin altında yerləşir, lakin zirzəminin girişi mağaza daxilindən deyil, çöl tərəfdəndir. X1 zirzəmiyə düşən pilləkənin nə köhnə sənədlərdə, nə də yeni layihədə öz əksini tapmadığını və pilləkənin yerləşdiyi sahə istisna olmaqla mağazanın altında yerləşən sahənin 80.2 kv.m, pilləkənin yerləşdiyi sahənin isə 6.3 kv.m təşkil etdiyini bildirmiş və ortofoto görüntülər təqdim etmişdir. İddiaçılar yenidənqurma zamanı tərtib olunmuş layihədə zirzəmi öz əksini tapsa da, zirzəmiyə düşən pilləkənin yəqin ki texniki səhv olaraq nəzərdə tutulmadığını, zirzəmidən istifadə etmədiklərini, illərdir yararsız sahə kimi qaldığını, lazım gələrsə beton tökərək bu hissəni bağlaya biləcəklərini bildirmişlər.

48. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Nizami küçəsi, 9 (Yeni qaydalarla Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 133) ünvanında 0.008 ha torpaq sahəsində yerləşən mağaza binasının yenidən qurulmasından sonrakı vəziyyəti üzrə mülkiyyət hüququnun ½ paylarla İddiaçı1 və İddiaçı2 adına qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri, Nizami küçəsi, 9 (Yeni qaydalarla Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 133) ünvanında 0.008 ha torpaq sahəsində yerləşən mağaza binasının yenidən qurulmasından sonrakı vəziyyəti üzrə mülkiyyət hüququnun ½ paylarla İddiaçı1 və İddiaçı2 adına qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar