Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-130/2021 05.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər, Nizami rayon şöbəsi və X2 İdarəsi) qarşı əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq 15 il ərzində aylıq əmək haqqından tutulmuş gəlirdən vergi məbləğinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək Gəncə şəhəri Nizami rayonu Dövlət Sosial Müdafiə Fondunda məsləhətçi vəzifəsində işlədiyi 15 il ərzində hər ay aylıq əmək haqqından 150 manat gəlirdən vergi tutulmuşdur. Qarabağ müharibəsi veteranı olduğu üçün ondan işlədiyi 15 il ərizində qanunsuz olaraq tutulmuş 30.000 manat məbləğində gəlir vergisinin qaytarılmasını xahiş etmiş, lakin cavabdeh onun ərizəsinə cavab olaraq müharibə veteranı vəsiqəsini və digər zəruri olan sənədləri işlədiyi dövrdə təqdim etmədiyindən gəlir vergisindən azad edilmədiyini bildirmişdir. Lakin o, işə qəbul olunan zaman Qarabağ müharibəsi veteranı olması barədə məlumat vermiş və zəruri sənədləri kadrlar şöbəsinə təqdim etmişdir. Çoxsaylı müraciətlərindən sonra iki ay ərzində əmək haqqından gəlir vergisi tutulmadan 590 manat əmək haqqı almış, həmin vaxta qədər isə aylıq əmək haqqı 355 manat olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə DSMF publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialı və xx.xx.2020-ci il tarixli qərardadı ilə X2 İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, hazırki iddiaya münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh ola bilməz. Ona görədə iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər, Nizami rayon filialı iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, İddiaçı müharibə veteranı vəsiqəsini 2019-cu ilin sentyabr ayında şöbənin mühasibat sektoruna təqdim etdiyi üçün onun güzəşt hüququ həmin tarixdən yaranmışdır. Şöbədə əvvəlki illər üzrə əmək haqqı arxiv sənədlərinə baxılmış, əmək haqqı hesablamaları yenidən yoxlanılmış və məlum olmuşdur ki, iddiaçı işlədiyi ötən illər ərzində müharibə veteranı olması barədə şöbəyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi filialı xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubla İddiaçı 2-1(114)-1527/2020 nömrəli inzibati iş üzrə üçüncü şəxs kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi filial olduğunu nəzərə alaraq, həmin işə dair sənədlərin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi iddiaçının qeyd etdiyi müddətdə əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 019240 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı həmin tarixdən müharibə veteranı vəsiqəsi almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- - 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. - 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması» Qaydalarının:- - 1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. - 3.1-ci bəndinə görə vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan «Qaydalar»ın şərh olunan müddəalarının tələbinə əsasən cavabdeh inzibat orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər, Nizami rayon şöbəsi və X2 İdarəsi) qarşı əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-130/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-130/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver