Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-130/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınaın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1971-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1971-ci ildən xx.xx.1997-ci ilədək Ağstafa rayonu S.Vurğun adına üzümçülük sovxozunda işlədiyi illərin iş stajı kimi bərpa edilərək hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 1971-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi illərin onun iş stajı kimi bərpa edilərək əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tanınmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)-2002/2021 saylı qərardad ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Qazax rayonu, Eynallı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1971-ci ildə Ağstafa rayonu S.Vurğun adına üzümçülük sovxozunda inşaat briqadasında fəhlə olaraq başlamış, 1987-ci ildə həmin sovxozda avtoqaraja sütrücü kimi təyin edilmiş, 1990-cı ildə S.Vurğun adına sovxozun bazasında yeni yaradılmış Eynallı üzümçülük sovxozuna keçirilmiş, 1990-cı ildə maşın-traktor parkına sürücü təyin edilmiş, xx.xx.1997-ci ildə Aqrar İslahatla əlaqədar olaraq sovxoz xitam edildiyinə görə işdən azad edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı şifahi məhkəmə baxış iclasına gəlməmiş və iddiaçı məhkməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq sağ bud sümüyündə yaranmış sınıq səbəsi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin olunması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, ********** nömrəli etiraz məktublarının əsli; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti; - Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 71 nömrəli məktubunun əsli və məhkəmə sorğusuna cavab olan xx.xx.2021-ci il tarixli, 57 nömrəli məktub ; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin maddəyə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsin əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2021-ci il tarixli imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixində tərtib edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçası və H3 ******* nömrəli hərbi biletinin surətinə əsasən İddiaçı sığorta stajı 4 il 10 ay təşkil etməklə tələb olunan (25 il) müddətdən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına (4 il 10 ay) uyğun olaraq 2853,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, 20 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli aktına əsasən S.Vurğun adına Üzümçülük Sovxozunun 1986-cı ilədək əmr və əmək haqqı kitabları Ağstafa rayon Dövlət Arxivində mühafizə olunmadığı üçün və 1997-ci il əmr kitabında iddiaçının adı aşkar edilmədiyindən xx.xx.1971-ci il tarixdən xx.xx.1997-ci il tarixədək İddiaçı həmin sovxozda işlədiyi dövrün araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. İddiaçıya yaşa görə pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün ona xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə cavabdehin imtinasını qanunauyğun hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək ası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2016-cı il tarixdə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının 1971-ci ildən xx.xx.1997-ci il tarixədək Ağstafa rayon “S.Vurğun sovxozu”nda işlədiyi illərlə bağlı əmək kitabçasındakı qeydlər tam deyil. Belə ki, əmək kitabçasında həmin illərə dair qeydlərdə işə daxil olma əmrinin nömrəsi və işə daxil olduğu ay və gün qeyd olunmamışdır. Həmçinin, həmin illərə dair işə daxil olma, işdən azad olma, əmək haqqı cədvəlləri, ümumiyyətlə müəssisənin mövcudluğuna dair arxiv sənədləri həm inzibati icraat zamanı müəyyən olunmamışdır. Ağstafa rayon Dövlət Arxivinin məhkəməyə ünvnaladığı məktubunda iddiaçıya S.Vurğun adına üzümçülük sovxozunun xx.xx.1986-cı ilə qədər olan əmr və əmək kitabları Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1953-cü il təvəllüdlü İddiaçı 1971-1986-cı illərdə işləməsi haqında məlumatın olmadığı və qeyd hissəsində S.Vurğun adına sovxozun xx.xx.1987-ci il tarixli 28 saylı protokol aktındakı siyahıda iddiaçının 1971-ci ildə fəhlə təyin edildiyi qeyd olunsa da, 1997-ci ilə aid sovxozun əmr kitabında İddiaçı işdən çıxma əmrinin aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ona məxsus ИТ1543978 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, onun 1971-ci ildə Ağstafa rayonunun “S.Vurğun” adına üzümçülük sovxozuna işə girməyi barədə əmək kitabçasında qeyd aparılsa da iddiaçının həmin idarəyə hansı tarixdə, yəni ay və gün, həmçinin hansı əmr əsasında daxil olması qeyd edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması məqsədilə Ağstafa rayon Dövlət Arxivinə sorğu edilmiş və Arxivinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 1971-1986-cı illərdə işlədiyi haqqında məlumat aşkarlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir, bu səbəbdən də iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1971-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1971-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev prospekti, bina 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-130/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-130/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver