Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1300/2021 24.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı sənəddə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.07.2020-ci il tarixli, 278 nömrəli qərarında Qazax RHK tərəfindən 1991ci ildə hərbi xidmətə çağırılmış X1 25.07.1995-ci ildən 03.08.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu travma-dioqnoz: “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı serebrosteniya, psixopatiyayabənzər davranış”, “Travmadır”, “Hərbi xidmət dövründə alınmış”dır kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 30.04.2021-ci il tarixli, 636 nömrəli məktubundan qeyd olunur ki, iddiaçının hərbi xidmət dövründə aldığı xəsarət və travma ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.07.2020-ci il tarixli, 278 nömrəli qərarı düzgündür və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.07.2020-ci il tarixli 278 nömrəli qərarındakı “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı serebrosteniya, psixopatiyayabənzər davranış”, “Travmadır”, “Hərbi xidmət dövründə alınmış” kimi sözlərində düzəliş edilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi göstərilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.06.1992-ci il tarixdən 15.07.1996-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdə olduğu dövrdə, yəni 11.11.1992-ci ildə Qazax rayonunun Qızıl Hacılı kəndi uğrunda gedən döyüş əməliyyatları nəticəsində baş beyin nahiyəsindən yaralanaraq travma almışdır (əsas: MN-nin N saylı hərbi hissənin 05.09.1995-ci il tarixli 5035 nömrəli travma haqqında arayışı). Hal-hazırda Qarabağ Müharibəsi veteranıdır, o cümlədən İİ qrup ömürlük əlil kimi pensiya alır. 14.01.2020-ci ildə SHXÇÜDX-nin Qazax rayon şöbəsi tərəfindən onun tibbi şəhadətləndirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 10.07.2020-ci il tarixli 278 nömrəli qərarına və xəstəlik barədə çıxarış epikrizlərinə əsasən MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir ki, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və 25.07.1995-ci ildən 03.08.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu travma-diaqnoz: “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı serebrosteniya, psixopatiyayabənzər davranış”, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir ki, "Travmadır, hərbi xidmət dövründə alınmış" kimi qeyd edilmişdir. Həmin qərarla narazı qaldığından, Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək, qərarda göstərilən “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı serebrosteniya, psixopatiyayabənzər davranış”, “Travmadır”, “Hərbi xidmət dövründə alınmış” kimi sözlərində düzəliş edilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd olunmadığını xahiş etmişdir. Lakin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona ünvanlanmış 30.04.2021-ci il tarixli 636 nömrəli məktubla bunu etməkdən imtina olunmuşdur. Hesab edir ki, həmin imtina tamamilə əsassızdır. Çünki, o, həmin xəsarəti faktiki olaraq hərbi xidmət vəzifələrimi yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 01.06.2021-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş, yardıma uyğun nöqsanların aradan qaldırılması, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.07.2020-ci il tarixli, 278 nömrəli qərarının dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin 24.06.2021-ci il tarixədək məhkəməyə təqdim olunması ona təklif olunmuşdur. Məhkəmənin sərəncamı iddiaçı tərəfindən 12.06.2021-ci il tarixdə təhvil alınsa da, sərəncamın tələblərinə riayət edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.07.2020-ci il tarixli, 278 nömrəli qərarı ona qəbul olunduğu tarixdə təqdim edilmişdir və o, həmin qərardan məlumatlı olmuşdur. Lakin hesab edir ki, iddia müddəti qərarın ona təqdim edildiyi tarixdən deyil, inzibati orqanın onun müraciətinə 30.04.2021-ci il tarixli cavab məktubunun təqdim olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı sənəddə düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1300/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1300/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver