Məhkəmə qərarları › İş №2-1(114)-1301/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1301/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1301/2025 08.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, Allahverdiyeva (Quliyeva) Svetlana Rəşid qızı və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X9) “ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin 16 fevral 1982-ci il tarixli, 135 nömrəli orderi ilə X1 istifadəsinə verilmişdir. Orderdə onunla birlikdə aşağıdakı ailə üzvləri qeyd olunmuşdur:

1. Allahverdiyev Rəşid (əsas kirayəçi); 2. Allahverdiyeva Nazirə (arvadı); 3. Allahverdiyev Səyyub (oğlu); 4. Allahverdiyeva Svetlana (qızı). İddiaçının həyat yoldaşı Allahverdiyev Rəşid 1993-ci ildə şəhid olmuşdur. Mənzildə əsas kirayəçinin ailə üzvləri kimi, o və övladları yaşayır. Mənzildə qeydiyyatda olanlar X20 (keçmiş gəlin), X13 (nəvə) və X21 (nəvə) 2009-cu ildən həmin mənzildə yaşamırlar. Beləliklə, iddiaçı mənzilin öz adına özəlləşdirilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli imtinada qeyd etmişdir ki, əmlaka dair arxiv qovluğu mövcud deyil, həmçinin, özəlləşmə üçün razılıq ərizələri təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən mənzilin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə imtinası əsassızdır. Belə ki, mənzilin özəlləşdirilməsi üçün iddiaçı orderin əslini, Milli arxiv idarəsinin arxiv arayışını, qeydiyyat barədə arayışı və övladlarının razılıq ərizələrini təqdim etmişdir. Digər şəxslərin razılıq ərizələri almaq mümkün olmamışdır, çünki onlar həmin mənzildə çoxdan yaşamırlar və harada yaşamaları barədə iddiaçının məlumatı yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1301/2025 nömrəli qərardadı ilə, X6 və Allahverdiyeva (Quliyeva) Svetlana Rəşid qızı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X9 adi cəlb etmə qaydasında cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1301/2025 nömrəli qərardadı ilə, iddia tələbi “ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospekti, 254 ünvanında yerləşən 1 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarında əmlaka dair arxiv qovluğunun mövcud olmadığı, həmçinin özəlləşmə üçün razılıq ərizələrinin təqdim edilmədiyi və mənzilin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamış və vətəndaşa xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-7044/2024 nömrəli cavab məktubu ünvanlanmışdır. Ərazi İdarəsi hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatı

Üçüncü şəxslər X6 və Allahverdiyeva (Quliyeva) Svetlana Rəşid qızı məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X9 nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi.

İşin halları

X1 adına olan Orderə əsasən, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 135 nömrəli sərəncamı ilə X4 dörd nəfərdən ibarət ailə tərkibi ilə birlikdə Kirovabad şəhəri, Əzizbəyov küçəsi, bina 254-də yerləşən 1 nömrəli mənzil verilmişdir. Ailə tərkibi arvadı - Allahverdiyeva Nazilya, qızı - Allahverdiyeva Svetlana, oğlu - Allahverdiyev Səyubdan ibarət olmuşdur. xx.xx.2001-ci il tarixli Vİİ-ЖГ 411464 №-li Nikah haqqında Şəhadətnaməyə əsasən, X7 ilə X5 xx.xx.1955-ci il tarixdə nikahı bağlanılmış, ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. xx.xx.2001-ci il tarixli, AZ 052610 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1993-cü ildə 47 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ilin dekabr ayının 22-də 981 № ilə qeyd edilmişdir. Ölüm səbəbi: Bədənin çoxlu sayda qəlpə yarası. Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 135 nömrəli sərəncamı ilə X4 dörd nəfərdən ibarət ailə tərkibi ilə birlikdə Kirovabad şəhəri, Əzizbəyov küçəsi, bina 254-də yerləşən 1 nömrəli mənzil verilmişdir. Ailə tərkibi arvadı - Allahverdiyeva Nazilya, oğlu - Allahverdiyev Səyub və qızı - Allahverdiyeva Svetlanadan ibarət olmuşdur. Gəncə şəhər 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-6913, 8İ-6917 reyestr nömrələri ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, X6 və X12 (onun əvəzinə X6) Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254-də yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, ev 254 ünvanında yerləşən 1 saylı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, özəlləşmə üçün lazımi sənədlər təqdim edilməmiş və mənzil hal-hazırda qeyri-yaşayış binası kimi istifadə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarında əmlaka dair arxiv qovluğunun mövcud olmadığı, həmçinin, özəlləşmə üçün razılıq ərizələrinin təqdim edilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı mənzilin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən, Gəncə şəhəri, Atatürk prospekti, ev 254 ünvanında yerləşən 1 saylı mənzilə dair heç bir hüquqmüəyyənedici və texniki sənəd aşkarlanmamışdır. Bu səbəbdən Gəncə şəhəri, Atatürk prospekti, ev 254 ünvanında yerləşən 1 saylı mənzilin texniki pasportunun göndərilməsi mümkün olmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 254 saylı bina Gəncə şəhər Mənzil Kommunal X2 balansına aiddir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2024-cü il tarixli, **********226 nömrəli şəxsi hesabdan çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi İddiaçıdır. Ailə tərkibi oğlu - X6, gəlini - X20, nəvəsi - X22 və nəvəsi - X8 ibarətdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X11 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi

3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan X1 adına olan Orderə əsasən, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 135 nömrəli sərəncamı ilə X4 dörd nəfərdən ibarət ailə tərkibi ilə birlikdə Kirovabad şəhəri, Əzizbəyov küçəsi, bina 254-də yerləşən 1 nömrəli mənzil verilmişdir. Ailə tərkibi arvadı - Allahverdiyeva Nazilya, qızı - Allahverdiyeva Svetlana, oğlu - Allahverdiyev Səyubdan ibarət olmuşdur. Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 135 nömrəli sərəncamı ilə X4 dörd nəfərdən ibarət ailə tərkibi ilə birlikdə Kirovabad şəhəri, Əzizbəyov küçəsi, bina 254-də yerləşən 1 nömrəli mənzil verilmişdir. Ailə tərkibi arvadı - Allahverdiyeva Nazilya, oğlu - Allahverdiyev Səyub və qızı - Allahverdiyeva Svetlanadan ibarət olmuşdur. Hazırkı iş üzrə iddiaçı qeyd olunan mənzilin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Görünüyü kimi Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 135 nömrəli sərəncamı əsasında Kirovabad şəhəri, Əzizbəyov küçəsi, bina 254-də yerləşən 1 nömrəli mənzilə dair X7 və onuna ailə üzvlərinə (Allahverdiyeva Nazilya, qızı - Allahverdiyeva Svetlana, oğlu - Allahverdiyev Səyub) verilmiş Order həmin mənzilin iddiaçının adına özəlləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş, imtinanın əsası kimi qeyd etmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında əmlaka dair arxiv qovluğu mövcud deyil, həmçinin, özəlləşmə üçün razılıq ərizələri təqdim edilməmiş, aparılan araşdırma zamanı mənzilin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinası ilə bağlı əvvəla qeyd edir ki, qeyd olunan mənzilə dair order həm iddiaçı tərəfindən təqdim edilmiş, həm də X26 Filialı tərəfindən verilmiş arxiv arayışında Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 135 nömrəli sərəncamı ilə X4 dörd nəfərdən ibarət ailə tərkibi ilə birlikdə Kirovabad şəhəri, Əzizbəyov küçəsi, bina 254-də yerləşən 1 nömrəli mənzil verildiyi, ailə tərkibinin arvadı - Allahverdiyeva Nazilya, oğlu - Allahverdiyev Səyub və qızı - Allahverdiyeva Svetlanadan ibarət olduğu göstərilmişdir. Ərazi İdarəsinin arxiv məlumatlarında əmlaka dair arxiv qovluğunun olmaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Bundan başqa işdə olan Gəncə şəhər 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-6913, 8İ-6917 reyestr nömrələri ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, X6 və X12 (onun əvəzinə X6) Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254-də yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. xx.xx.2001-ci il tarixli, AZ 052610 nömrəli ölüm haqqında şəhadətnamədən isə görünür ki, X7 xx.xx.1993-cü ildə 47 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ilin dekabr ayının 22-də 981 № ilə qeyd edilmişdir. Göründüyü kimi order əsasında qeyd olunan mənzilə hüquqları olan 3 şəxsdən 2 nəfəri razılıq ərizəsi vermiş, digər 1 şəxs isə ölmüşdür. Məhkəmə hesab edir ki, orderdə adları qeyd olunmuş şəxslər mənzilə hüququ olan şəxslərdir, həmin şəxslərdən əlavə (mənzildə qeydiyyatda olan) başqa şəxslərin razılıq ərizələrinə ehtiyac yoxdur. Mənzilin təyinatı üzrə istifadə edilməməsinə gəldikdə isə qeyd olunmalıdır ki, hazırda mənzilin təyinatı üzrə istifadə edilməməsi həmin mənzilin iddiaçının adına özəlləşdirilməsini istisna etməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına özəlləşdirilməklə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına özəlləşdirilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar