Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1303/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində doğulmuşdur. Müddətli həqiqi hərbi xidməti xx.xx.1992-ci ildən xx.xx.1996-cı il tarixə olmuşdur. Sejant rütbəsi ilə tərxis edilmişdir. Birinci daxil olduğu hərbi hissə N nömrəli hərbi hissə olmuşdur. Həmin hərbi hissəyə məxsus olan Ural markalı nəqliyyat vasitəsini komandir idarə etmək üçün ona vermiş və avtomat əlində avtomobilin qarşısında çəkdirdiyi fotoşəkli sübut kimi idda ərizəsinə əlavə etmişdir. Adıçəkilən hərbi hissənin tərkibində Ağdərə, Laçın və Kəlbəcər rayonlarında döyüşlərdə iştirak etmişdir. Laçın rayonu Sarıbaba dağının geri alınması əməliyyatında iştirak etmişdir. N nömrəli hərbi hissədən sonra 410, N və N nömrəli hərbi hissələrdə xidmət etmişdir. Cavabdeh inzibati orqan ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir ki, guya xidməti və qanuni əsaslarla ehtiyata buraxılması arxiv sənədləri ilə təsdiq edilmir. Həmin imtina məktubunu qanunsuz hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, Komissiyanın xx.xx.2024-cü il tarixli, 7424/2024 saylı məktubunda iddiaçının N nömrəli hərbi hissədə hərbi xidmətdə olmağı (şəxsi heyətin siyahısına daxil olmağı, xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı ) barədə hərbi biletində olan qeydlər arxiv sənədləri ilə təsdiqlənmədiyindən ona müharibə veteranı adının verilməsindən imtina edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 422 saylı Qərarına görə hərbi biletdə olan yazılan əmrlərlə və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla bilər. Daha sonra etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə əsaslandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Proses iştirakçıları məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli imtina məktubu, iddiaçıya məxsus H3 616197 nömrəli hərbi biletin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iddiaçının xidmətini əks etdirən arayış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 141 nömrəli əmri və N nömrəli Hərbi Hissə komandirinin xx.xx.1996-cı il tarixli, 174 nömrəli əmri təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı tələbi ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat cavabdeh inzibati orqanın özü tərəfindən verilmiş arxiv arayışı və ona əlavə edilmiş əmrlər ilə təsdiqin tapır. Lakin buna baxmayaraq cavabdeh orqan tərəfindən ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2-839/2025 nömrəli arayışından məlum olur: N nömrəli hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında vardır. Həmin hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 118 nömrəli əmrində Goran döyüş əməliyyatları rayonundan gəlmiş hesab edilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. Daha sonra İddiaçı xidməti 410, N və N nömrəli hərbi hissələrdə davam etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən, aerodrom tağımının hərbi qulluqçusu, sürücü, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən tərxis olunduğundan N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 174 No-li əmrilə (əsas: $-9, səh-37, sıra- 1, əmrdə hərbi rütbəsi «çavuş» yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xx.xx.1996-cı ildən qeydiyyata düşmək üçün Goranboy RHK-na göndərilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Göründüyü kimi İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, daha sonra digər hərbi hissələrdə xidmətini davam etdirməsi və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması iş materialları ilə təsdiq edilir. Hansı ki, Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman bu kimi hallar geniş şəkildə araşdırılma aparılmaqla müəyyən edilməmiş və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə müşahidə edilən bir nəticəyə gəlinmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab etməklə iddia tələbinin təmin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1303/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1303/2025
12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver