Məhkəmə qərarları › İş №2-1(114)-1305/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1305/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1305/2022 03.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, S.Xasıyev küçəsində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, S.Xasıyev küçəsində iddiaçıya məxsus qeyri-yaşayış binası mövcuddur. Sözügedən obyektə dair tikintinin istismara qəbul edilməsi haqqında xx.xx.2012-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı Gəncə şəhəri, S.Xasıyev küçəsində yerləşən qeyri-yaşayış binasına dair ”Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı” xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. Həmçinin Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ünvan 1 ünvanda tikintisi başa çatmış mağazanın istismara qəbul edilməsi haqqında xx.xx.2012-ci il tarixli 407 nömrəli sərəncam verilmişdir. Lakin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 4.18.2-ci bəndinə əsasən şəhər rayonlarının icra hakimiyyəti başçılarının belə bir səlahiyyəti olmamışdır. Bu səbəbdən də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli 1383 nömrəli müqavilədən görünür ki, ünvan 2 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 91.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 429 nömrəli sərəncamından görünür ki, ünvan 3 ünvanda yararsız vəziyyətdə olan mağazanın 91.0 kv.m torpaq sahəsində yenidən qurulmasına icazə verilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 407 nömrəli sərəncamından görünür ki, ünvan 3 ünvanda inşa edilmiş 82.1 kv.m satış zalından, 44.5 kv.m anbardan və ümumi sahəsi 147.3 kv.m-dən ibarət bir mərtəbəli mağazanın istismara qəbul edilməsi və İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının Aktından görünür ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 407 nömrəli sərəncamı əsasında ünvan 4 ünvandakı mağazanın istismarına icazə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli bildirişinin surətindən görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Beləki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 429 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanda yerləşən mağazanın 91.0 kv.m torpaq sahəsində yenidən qurulmasına icazə verilmiş və yenidənqurma işləri tamamlandıqdan sonra Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 407 nömrəli sərəncamı ilə mağaza istismara qəbul edilmiş, bununla bağlı Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının Aktı tərtib olunmuşdur. İddiaçı hazırki tələblə həmin əmlak üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Cavabdeh orqan isə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 4.18.2-ci bəndinə əsasən şəhər rayonlarının icra hakimiyyəti başçılarının (hazırki halda Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının) tikintiyə icazə vermək səlahiyyətinin olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə cavabdehin imtinasına nəzərən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən istinad edilən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş və həmin tarixdən sonrakı münasibətlərə şamil edilmişdir. İş materiallarına əlavə edilmiş sənəndlərlə müəyyən olunur ki, ünvan 3 ünvanda yararsız vəziyyətdə olan mağazanın 91.0 kv.m torpaq sahəsində yenidən qurulmasına icazə isə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 429 nömrəli sərəncamı ilə verilmişdir və həmin tarixdə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” qüvvədə olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5 və 4.18.2-ci bəndlərinə istinad etməsi əsassız olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.14-cü bəndinə əsasən müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək yerli icra hakimiyyəti başçısının təmirtikinti, memarlıq və şəhərsalma sahələrindəki səlahiyyətləri sırasına aid edilmişdir. Başqa sözlə, Əsasnamənin 4.11.14-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlər Əsasnamənin 4.18-ci bəndində nəzərdə tutulmuş rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər sırasında qeyd edilməmişdir. Göründüyü kimi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli 407 nömrəli sərəncamı ilə iddiaçıya məxsus mağazanın istismara qəbul edilməsi qanunvericiliyin tələbləri daxilində olmuşdur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar