Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1306/2021 23.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı uşağın soyadının dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 16.04.2021-ci il tarixli 05/Q-1820/11 nömrəli məktubu ilə İddiaçı1 övladının soyadının dəyişdirilməsi ilə əlaqədar müraciətindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53cü maddəsinə müvafiq olaraq uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. 07.06.2016-cı il tarixdə 1017 nömrəli Cavabdehndə tərtib olunmuş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyad atanın soyadına uyğun olaraq “ Məmmədhəsənov” yazılmışdır. Vətəndaşın hazırkı soyadı atanın soyadına uyğun olduğu üçün onun soyadında düzəliş etmək Cavabdeh imkanı xaricindədir. İmtinanı əsassız hesab edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək övladı 17.05.2016-cı il təvəllüdlü X1 dəyişdirilərək “Etibarlı” kimi qeyd edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 01 sentyabr 2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 17 may 2016-cı il tarixdə Murad adlı uşaqları anadan olmuşdur. Murad anadan olarkən onun soyadı onların soyadına uyğun olaraq “Məmmədhəsənov” kimi qeyd edilmişdir. Hazırda uşağın soyadını atasının adına əsasən “Etibarlı” kimi qeyd etdirmək istəyirlər. İş üzrə tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. İş üzrə iddiaçıların, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı ******** nömrəli İddiaçı1 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZE seriyalı ******** nömrəli İddiaçı2 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZ-İİ 048881 nömrəli İddiaçı1 ilə Şöxlayeva (Məmmədhəsənova) Ziybər Azər qızı arasında 01.09.2015-ci il tarixdə nikahın bağlanmasına dair “Nikah haqqında şəhadətnamə”nin surəti; - AZ-İİİ 781521 nömrəli X3 aid “Doğum haqqında şəhadətnamə”nin surəti; - Cavabdeh 16.04.2021-ci il tarixli 05/Q-1820/11 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçılar İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 birgə nikahından 17.05.2021-ci il tarixdə isə X4 doğulmuşdur. X2 adına 07.06.2016-cı il tarixli, AZ-İİİ 781521 nömrəli “Doğum haqqında şəhadətnamə” tərtib edilmişdir. İddiaçı1 Cavabdehnə ərizə ilə müraciət edərək, övladının soyadının “Etibarlı” kimi qeyd edilməsini xahiş etmiş, şöbə tərəfindən isə 16.04.2021-ci il tarixli, 05/Q-1820/11 nömrəli məktubla uşağın soyadının dəyişdirilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilərək bundan imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mövcud qanunvericilik normasına əsasən (Ailə Məcəlləsinin 54.1-ci maddəsi) uşağın soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınmaqla icazə verilə bilər. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın iddiaçıların müraciətinə münasibətdə qəbul etdiyi imtina aktını əsassız hesab etməklə iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Qeyd olunan Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydiyyata alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 3-cü bəndinin tələblərinə əsasən vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM qeyd etmişdir ki, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olması ilə əlaqədar əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və (və ya) müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələblərini nəzərə almaqla ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər qoyula bilər. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etmişdir ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in (formalaşmış) presedent hüququna görə bu cür müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi də məsələyə eyni cür yanaşaraq konkret olaraq öz qərarlarında «uşağın maraqlarının üstün tutulması» prinsipini əsas götürür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına uyğun olaraq zəruri inzibati icraatın aparılması və icraatın nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilib-edilməməsi barədə məlumatın məhkəməyə göndərilməsinin təmin edilməsi barədə məhkəmənin sərəncamına cavab olaraq Cavabdeh 12.06.2021-ci il tarixli 05/Q-36 nömrəli məktubunda hər hansı inzibati icraatın aparılması haqqında məlumat göstərilməmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Həmin icraatın gedişində cavabdeh həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərindən irəli gələn araşdırmanı aparmalı olduğu halda, bunu da etməmişdir. Belə ki, adıçəkilən Qaydalar cavabdehdən ərizə ilə bağlı araşdırmanın aparılmasını və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən bundan imtina edilməsi barədə Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərar çıxarılaraq, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verilməsini və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 17.05.2016-cı il təvəllüdlü X1 dəyişdirilərək “Etibarlı” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. 17.05.2016-cı il təvəllüdlü X1 dəyişdirilərək “Etibarlı” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1306/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1306/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver