Məhkəmə qərarları › İş №2-1(114)-1307/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1307/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1307/2025 13.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «qeydə düzəliş edilməsi və plan-ölçü sənədinin işlənilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «plan və ölçü sənədinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan **********75 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli çıxarışda əks olunan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin faktiki sərhədlərini özündə əks etdirən yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsini 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında almış və ona **********75 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Eyni zamanda AA 002883 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin plan və ölçü sənədi faktik istifadəsində olan torpaq sahəsini deyil də, başqa torpaq sahəsini əks etdirir. Bununla bağlı cavabdeh orqana müraciət edib yeni plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ərizəsinin icrasından imtina etmişdir. Cavabdehin bu imtinasını əsassız hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən 143 metr məsafədə yerləşdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daha sonra etiraz Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Torpaq islahatı haqqında» və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunları ilə əsaslandırılmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli qeydə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 287,6 kv.m. qeyd edilməsi və həmin qeydə əsasən faktiki istifadəsində olan 287,6 kv.m. torpaq sahəsinə dair plan və ölçü sənədinin hazırlanıb ona verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, mübahisəli torpaq sahəsini 2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı predmeti onun hazırda faktiki sahibliyində olan torpaq sahəsi olmuşdur. Həmin tarixdən bu yana da torpaq sahəsi onun sahibliyindədir və üzərində heç kimlə mübahisə yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ümumiyyətlə həmin ərazidə sürüşmələr mövcuddur. Əgər həmin sürüşmələr aradan qaldırılacağı halda faktiki istifadələri uyğunlaşdırmaq olar. İddiaçıya verilən plan və ölçü sənədi bölgü planı üzrə hazırlanmışdır və iddiaçının özü buna imza etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X2 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən 01 hektar torpaq sahəsi xüsusi mülkiyyət üzrə oğlu Vüsala məxsusdur. Onun tərəfindən torpaq sahəsi hissələrə bölünərək satışı həyata keçirilir. Yəni torpaq sahəsinin faktik alqı-satqısı onun tərəfindən edilmişdir. İddiaçını tanıyır və 2013-cü ildə alqı-satqı yolu ilə ona 0,03 hektar torpaq sahəsi satmışdır. Satılan torpaq sahəsi hazırda faktiki iddiaçının sahibliyində olan torpaq sahəsi olmuşdur. İddiaçı həmin ərazini görüb bəyənmiş və alqı-satqı ilə oranı almışdır. Alqı-satqı edildikdən sonra torpaq sahəsinin dəyişdirilməsi olmamışdır. Məhkəmə araşdırmasının predmetini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********75 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli çıxarış, AA 002883 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi», cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu, xx.xx.2013-cü il tarixli bölgü planı, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, mütəxəssis rəyi və ortofoto görünrü təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə X4 mülkiyyətində olan 01 hektar torpaq sahəsinin 0,043 ha hissəsini almışdır. Torpaq sahəsinin ayrılması üzrə bölgü planı tərtib edilmişdir. Alqı-satqı müqaviləsi əsasında iddiaçının adına cavabdeh orqan tərəfindən xx.xx.2014-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********75 reyestr və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda AA 002883 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi»də iddiaçıya təqdim edilmişdir. Lakin sənəd üzrə qeyd olunan torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluq olduğu üçün iddiaçı cavabdeh orqana müraciət edərək faktiki istifadəsinə uyğun plan və ölçü sənədinin verilməsini tələb etmişdir. Cavabdeh orqan isə iddiaçının müraciətini uyğunsuzluq olduğu üçün müsbət yöndə həll etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»: Bənd 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ............... 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ............... 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi»: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: ............... 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; .............. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə dair çıxarış, habelə, torpaq sahəsinin ölçüsü və planı verilsə də, plan və ölçü sənədində göstərilən torpaq sahəsi faktiki istifadədə olan torpaq sahəsindən kənarda yerləşir. Belə ki, iş üzrə alınmış müətəxssis rəyində qeyd olunmuşdur: xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa və həmin çıxarışın AA 002883 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə, İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti üst-üstə düşmür. Naturada faktiki istifadə sahəsi olaraq təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. AA 002883 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi isə, başqa şəxslərin faktiki istifadə sahələri ilə üst-üstə düşür. xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa və həmin çıxarışın AA 002883 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və İddiaçı iddia edərək naturada təqdim etdiyi 287,6 kv.m. torpaq sahəsinin elektron kadastr məlumat bazası və arxiv sənədlərinə istinadən başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmadı. Göründüyü kimi iddiaçının adına işlənmiş AA 002883 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi» onun alqı-satqı yolu ilə aldığı faktiki torpaq sahəsinə uyğun deyil. Hansı ki, torpaq sahəsini satan şəxs də məhkəmə iclasında şahid qismində ifadə verən zaman naturada təqdim edilən torpaq sahəsinin alqı-satqı predmeti olmasını təsdiq etmişdir. Eyni zamanda AA 002883 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi»ndə göstərilən torpaq sahəsi faktiki başqa şəxslərin sahibliyindədir. Bütün bunlar torpaq sahəsinin planı və ölçüsü sənədinin qüsurlu işlənilməsinə dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»: Bənd 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Bənd 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, mərzçəkmə qaydalarını müfəssəl tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olmadan faktiki satılan torpaq sahəsinin hüdudlarını və koordinatlarını müəyyən etməmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini Əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

1. «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

1. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;... Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Gəncə şəhəri, Qırmızı kənd ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********75 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli qeyddə düzəliş edilərək torpaq sahəsinin 287,6 kv.m. göstərilərək həmin qeydə əsasən faktiki istifadəsində olan 287,6 kv.m. torpaq sahəsinə dair plan və ölçü sənədinin hazırlanıb İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar