Məhkəmə qərarları › İş №2-1(114)-1308/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1308/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1308/2020 14.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarxli əmrinin ləğv olunub müddətdən artıq hərbi xidmət qulluqçusu kimi həmin korpusun N saylı hərbi hissəsində xidmətə bərpa olunması vəzifəsinin korpus rəhbərinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx xxx N-ci il tarixli əmri əsasında “Hərbi vəzifə xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq ehiyata buraxılmışdır. Hesab edir ki, əmrdə göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur, o, heç vaxt öz xidməti işinə xələl gətirən hərəkət etməmişdir. Belə olan halda onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə onun işdən azad edilməsi qanunsuzdur. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, habelə izahatında bildirmişdir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş əmək rejiminin tətbiq edildiyi günlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xidmətdən azad edilməsi barədə verdiyi əmrin ləğv olunması üçün xx.xx.N-ci il tarixdə verdiyi iddia ərizəsi xx xxx N-ci il tarixdə məhkəməyə daxil olmuşdur, o, həmin əmrdən 1 ay ərzində şikayət verilməli olduğunu bilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş xx.xx.N-ci il tarixli 2768 nömrəli etiraz ərizəsində bildirilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, xx xxxxx 2007- ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin, 2-ci taborunun, maddi-texniki təminat taqımının, avtomobil manqasının sürücü vəzifəsində xidmət etmişdir. Çavuş İddiaçı xidmət etdiyi müddət ərzində üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməmiş, özünü intizamsız, bacarıqsız və öz işinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir, dəfələrlə müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etmişdir və intizam qaydasında cəzalandırılmasına baxmayaraq heç bir nəticə çıxarmamışdır. N nömrəli hərbi hissənin 2-ci tabor komandirinin xx.xx.N-ci il tarixli 257 nömrəli telefonoqramasına əsasən İddiaçı "COVİD-19" pandemiyasına qarşı profilaktik tədbirlər görülməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-ci il tarixli 32 nömrəli əmrinin, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N-ci il tarixli 3 nömrəli sərəncamının və N nömrəli hərbi hissə komandirinin 02. 03.N-ci il tarixli 84 nömrəli əmrinin tələblərini pozaraq özbaşına xidmət yerini tərk etməsi aşkar olunmuşdur. Qeyd olunan səbəbdən o, yuxarıda qeyd olunan sərəncam və əmrlərin tələblərini pozduğuna görə N nömrəli hərbi hissə komandirinin xx xxxx N-ci il tarixli N əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli xx xxxx N-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması qanunidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N-ci il tarixli, 1732 nömrəli məktubundan görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli müvafiq əmri əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. Həmçinin qeyd edilməlidir ki, sərt karantin tətbiq edildiyi dövrdə respublikanın bütün ərazisində poçt xidməti fəaliyyət göstərmiş, eyni zamanda vətəndaşların zəruri hallarda sms icazə vasitəsilə hərəkət etmələrinə şərait yaradılmışdır. Odur ki, iddiaçının karantin rejimi ilə bağlı müddəti ötürməsi üzürlü sayıla bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar