Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1309/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək “insan immun çatışmazlığı virusu ilə yoluxma”nın səbəb əlaqəsinin “xəstəlikdir - hərbi xidmət dövründə alınmışdır”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinin yekun hissəsində “insanın immun çatışmazlığı virusu ilə yoluxma - ümumi xəstəlikdir” qeydinin əvəzinə, “hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Silahlı Qüvvələrinin “tibb xidməti baş leytenantı” rütbəsində ehtiyatda olan zabitidir. Azərbaycan Tibb Universitetinin Hərbi-Tibb Fakültəsini bitirmişdir. 2018-2023-ci illər ərzində Müdafiə Nazirliyinin hərbi hissələrində “hərbi həkim” kimi həqiqi hərbi xidmət keçmişdir. 44 günlük Vətən Mührabəsinin iştirakçısı və veteranıdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən, “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə və Baş Nazirin müvafiq sərəncamına əsasən, “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli müvafiq əmrinə əsasən, Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılmağına əsas kimi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 20 noyabr 2023-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməsi göstərilmişdir. Həmin şəhadətnamənin yekun hissəsində immun çatışmazlığı ilə bağlı olan xəstəlik “ümumi xəstəlikdir" kimi qeyd olunmuşdur, halbuki o, həmin xəstəliyi məhz hərbi xidmət dövründə almış, hərbi xidmətdən əvvəl onda belə xəstəlik olmamışdır. Bununla bağlı iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyasına müraciət edərək xahiş etmişdir ki, Xəstəlik haqqında Şəhadətnamədə müvafiq dəyişiklik edilərək xəstəliyin hərbi xidmət dövründə alındığı qeyd olunsun. Lakin cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunur ki, “yenidən şəhadətləndirilməsi və ya səbəb əlaqənin dəyişdirilməsi üçün əsas yoxdur”. Göründüyü ki, hazırki vəziyyətdə “ümumi xəstəlikdir” qərarının çıxarılması üçün heç bir hüquqi əsas yoxdur. Belə olduğu təqdirdə də cavabdehin çıxardığı qərar səhvdir, qanunsuzdur, əsassızdır, ədalətsizdir və iddiaçının hüquqlarını kobud şəkildə pozur. Ona görə də, iddiaçı hesab edir ki, məhkəmə tərəfindən pozulmuş hüquqları bərpa olunmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1309/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ilə əvəz edilmiş, iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək “insan immun çatışmazlığı virusu ilə yoluxma”nın səbəb əlaqəsinin “xəstəlikdir - hərbi xidmət dövründə alınmışdır”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1309/2025 nömrəli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək “insan immun çatışmazlığı virusu ilə yoluxma”nın səbəb əlaqəsinin “xəstəlikdir - hərbi xidmət dövründə alınmışdır”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1309/2025 nömrəli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları İ-15032 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-9850 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə İddiaçı “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-82699 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 132331 nömrəli Müharibə Veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının HHKnın xx.xx.2014-cü il tarixli yekun tibbi şəhadətləndirilmənin keçirilməsinə dair qərarına əsasən, İddiaçı Hərbi Tibb Fakültəsinə daxil olmağa yararlıdır. Tibbi şəhadətləndirmə haqqında 2646 nömrəli kartaya əsasən, İddiaçı barəsində müvafiq tibbi müayinələrin nəticələrində normaldır, sağlamdır, yararlıdır qeydləri aparılmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Hərbi Tibb Fakultəsinin hərbi qulluqçusu İddiaçı xx.xx.2023 cü il tarixdən QİÇS diaqnozu ilə (İİV 1207 23, müayinə kodu №111) Respublika QİÇS mərkəzində olunan immunoblot müayinəsinin nəticəsi pozitiv olmuşdur. xx.xx.2023-cü il tarixli Xidməti Xasiyyətnamədən görünür ki, Tibb xidməti baş leytenantı İddiaçı xidmət dövrü ərzində özünü nizam-intizamlı zabit kimi göstərməyə çalışmışdır. Rezidentura proqramına uyğun olaraq nəzəri və təcrübi biliyə yiyələnir, elmitədqiqat işlərində, məqalələrin hazırlanmasında fəaliyyət göstərir. İxtisas hazırlığını artırmağa çalışır, verilən tapşırıqları vaxtında icra etməyə çalışır Silahlı Qüvvələrin Nizamnamələrini bilir və onların tələblərinə riayət etməyə çalışır. 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Mülayimdir, xoş xasiyyətlidir, kollektiv arasında hörmətə malikdir. şəxsi heyyətlə ünsiyyət tapır, dövlət sirrini saxlamağı bacarır, hərbi geyimə hörmət edir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü tarixli müayinə vərəqəsindən görünür ki, Eminov X1, Lor, Nevropatoloq, Psixiatr, Cərrah,Terapevt, Stomatoloq, Dermatoloq, EKQ və DQÜ-nün rentgen müayinələrindən keçmişdir. Tibbi Xasiyyətnaməyə əsasən tibb xidməti baş leytenantı İddiaçı xx.xx.2023-cü il tarixdə “insan immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu təyin edilmişdir. xx.xx.2023-cü il tarixli göndərişə əsasən, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı “İnsan immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə hərbi xidmətə yararlılıq dərəcəsini müəyyən etmək üçün Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. xx.xx.2023-cü il tarixli tibbi şəhadətləndirilmə vərəqindən görünür ki, insanın immun çatışmazlığı virusu ilə yoluxma “ümumi xəstəlikdir”, Sağ gözün sadə miopik astiqmatizmi 1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalma korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla. Vegetativ damar distoniyası. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Həkim-mütəxəssisin qərarı: “Xəstəliklər cədvəli”nin 5b maddəsinin İİİ qrafası və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 12160 nömrəli xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, insanın immun çatışmazlığı virusu ilə yoluxma “ümumi xəstəlikdir”, Sağ gözün sadə miopik astiqmatizmi 1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalma korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla. Vegetativ damar distoniyası. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakultəsinin hərbi qulluqçusu tibb xidməti baş leytenantı Eminov X2 Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi Rəisinin xx.xx.2024-cü il tarixli, 9 nömrəli əmrindən çıxarışdan görünür ki, Hərbi Tibb Fakültəsinin Rezidentura və Təkmilləşdirmə kursunun rezidenti tibb xidməti baş leytenantı İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2024-cü ilin hesabından 90 (doxsan) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 11 aprel 2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, xx.xx.2023-cü ildə Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu və “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə və “Sağ gözün sadə miopik astigmatizmi 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla. Vegetativ damar distoniyası” diaqnozu və “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək düzgün şəhadətləndirilmiş və yenidən şəhadətləndirilməsi və ya səbəb əlaqəsinin dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi RHK-sı tərəfindən 2018-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2023cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5”b” maddəsinin İİİ qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin e) yarımbəndinə əsasən “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. -Xəstəlik ilk dəfə İddiaçı 2023-cü ilin oktyabr ayında MN Mərkəzi Hərbi Poliklinikasında dispanser müayinəsi zamanı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş və diaqnoz təsdiq olunmuş və o dispanser qeydiyyatına götürülmüşdür. İddiaçı hərbi tibb fakültəsi rəsinin xx.xx.2023-ci il tarixli, 1425 nömrəli göndərişi ilə MN MHP-da tibbi şəhadətləndirilmiş, SQ BKH-da infeksionist tərəfindən konsultasiya olunmuşdur. İddiaçı aid tibbi sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkimmütəxəssisi-terapevt tərəfindən araşdırılmış və İddiaçı yoluxma olduğu nəzərə alınmış və MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyasının qərarı MN MHHK-sı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli 12160 nömrəli xəstəlik haqqında şəhadətnaməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından 2 nüsxədə Hərbi Tibb Fakültəsinə göndərilmişdir. Göndərilmiş məktuba əsasən şəhadətnamənin 1 nüsxəsi Hərbi Tibb Fakültəsində saxlanılmış, digər nüsxəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilmişdir. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.13. tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; e) “Ümumi xəstəlikdir”. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. İş üzrə iddia müddəti bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Hərbi Tibb Fakultəsinin hərbi qulluqçusu İddiaçı xx.xx.2023-cü il tarixdən QİÇS diaqnozu ilə (İİV 1207 23, müayinə kodu №111) Respublika QİÇS mərkəzində olunan immunoblot müayinəsinin nəticəsi pozitiv olmuşdur. xx.xx.2023-cü il tarixli göndərişə əsasən, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı “İnsan immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə hərbi xidmətə yararlılıq dərəcəsini müəyyən etmək üçün Hərbi Tibb Fakultəsi tərəfindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 12160 nömrəli xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, İddiaçı qoyulmuş insanın immun çatışmazlığı virusu ilə yoluxma diaqnozu “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. İddiaçı hazırkı iddia ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək “insan immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozunun səbəb əlaqəsinin “ümumi xəstəlikdir”-dən “xəstəlikdir - hərbi xidmət dövründə alınmışdır”a dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.1-ci bəndinə görə, hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Əsasnamənin 7.2-ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; e) “Ümumi xəstəlikdir”. “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; Əsasnamənin tələblərindən göründüyü kimi, əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarı qəbul edilir. Əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa, “Ümumi xəstəlikdir” qərarı qəbul edilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Kmissiyasının xx.xx.2014-cü il tarixli yekun tibbi şəhadətləndirilmənin keçirilməsinə dair qərarından görünür ki, İddiaçı Hərbi Tibb Fakültəsinə daxil olmağa yararlıdır. Həmçinin tibbi şəhadətləndirmə haqqında 2646 nömrəli kartaya əsasən, İddiaçı barəsində müvafiq tibbi müayinələrin nəticələrində normaldır, sağlamdır, yararlıdır qeydləri aparılmışdır. Göründüyü kimi, iddiaçı Hərbi Tibb Fakültəsinə daxil olarkən müvafiq tibbi müayinələrdən keçmiş, onda hər hansı xəstəliyin olması aşkar edilməmiş, nəticədə İddiaçı Hərbi Tibb Fakültəsinə daxil olmağa yararlı hesab edilmişdir. Daha sonra hərbi xidməti dövründə iddiaçı müvafiq tibbi müayinələrdən keçmiş və sonuncuda “insan immun çatışmazlığı virusu” aşkar olunmuşdur. Bu baxımdan məhkəmənin qənaətinə görə İddiaçı qeyd olunan xəstəliyi hərbi xidmət keçdiyi dövrdə yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək “insan immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozunun səbəb əlaqəsinin “ümumi xəstəlikdir”-dən “xəstəlikdir - hərbi xidmət dövründə alınmışdır”a dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı barəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək “insan immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozunun səbəb əlaqəsinin “ümumi xəstəlikdir”-dən “xəstəlikdir - hərbi xidmət dövründə alınmışdır”a dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1309/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1309/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver