Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-131/2022 12.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X44 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X17 və X21) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X3 və X5 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin faktiki halları: Göygöl rayonu, Toğana kəndi üzrə 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabların 45 nömrəli şəxsi hesabdan görünür ki, X4 təsərrüfatında 1960-cı il təvəllüdlü X13, 1972-ci il təvəllüdlü X23, 1995-ci il təvəllüdlü X29 və 1993-cü il təvəllüdlü X24 ailə üzvü kimi qeyd olunmuş, təsərrüfatda 1959-cu ildə tikilmiş, sahəsi 36 kv.m olan yaşayış evi və 0,10 ha torpaq sahəsi mövcud olmuşdur. 1991-1995-ci illər üzrə 46 şəxsi hesab nömrəli X5 təsərrüfatında isə yalnız 0,12 ha torpaq sahəsi qeyd olunmuşdur. 1996-2000-ci illər üzrə X4 təsərrüfatında (şəxsi hesab nömrəsi 40) ailə üzvü qismində yalnız 27.06.1972-ci il təvəllüdlü X23 qeyd olunmuş, təsərrüfatda 1959-cu ildə tikilmiş ev və 0,18 ha torpaq sahəsi mövcud olmuşdur. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Xanlar (indiki Göygöl) rayonu, Toğana kənd sakini X14 və ailə üzvü X9 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 30.01.2006-cı il tarixdə 50810018 kodlu JN-106A nömrəli “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Həmin həyətyanı torpaq sahəsinin qaiməsindən /sertifatından/ görünür ki, 1503,6 kv.m torpaq sahəsinin 34,9 kv.metri yaşayış evi, 1468,7 kv.metri isə suvarılan əkin torpağıdır. X15 03 oktyabr 2007-ci il tarixdə, X23 18 avqust 2014-cü il tarixdə vəfat etmişlər. İddiaçı, X13, X16, X25, mərhum X23 və 08 iyun 1993-cü il tarixdə vəfat etmiş X26 bacı-qardaş olmaqla, X3 övladlarıdırlar. Göygöl Rayon Məhkəməsinin 16.08.2016-cı il tarixli 2(066)-1364/2016 nömrəli qətnaməsi ilə Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair JN- 106A KOD50810018 saylı “torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə”də X14 deyil, X15, X18 deyil, X27 olması və həmin sənədin X6 və X19 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.04.2021-ci il tarixli 2(104)- 899/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X10, X7, X20 və üçüncü şəxs Göygöl rayon Notariat kontoruna qarşı “anası X2 və qardaşı X11 miras qalmış Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2021-ci il tarixli 2(102)-5525/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin .04.2021-ci il tarixli 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X3 vərəsəsi İddiaçı (bundan sonra mətndə - iddiaçı) “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması” barədə 15.07.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh 30.07.2021-ci il tarixli məktubla vətəndaşın müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən müraciətə əlavə olunmuş 30.07.2015-ci il tarixli 194 saylı arxiv arayışı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. İddiaçı tərəf: İddiaçı 15.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması və bu barədə hüquqların dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəyişdirilməsi haqqında” ərizə təqdim edərək Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X3 və X5 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 08.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X15 03.10.2007-ci ildə, qardaşı X23 isə 18.08.2014-cü ildə vəfat etmişlər. X22 və Elşən Həsənovun vəfatından sonra Göygöl rayonu, Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. İddiaçı iddia edir ki, anası və qardaşı vəfat etdikdən sonra miras qalmış torpaq sahəsi və fərdi yaşayış evini faktiki olaraq qəbul etmişdir. Eyni zamanda, anası Cəmilə Hüseynova 17.09.2007-ci il tarixdə Göygöl rayon Dövlət notariat kontorunda həmin evini iddiaçıya vəsiyyətnamə ilə vermişdir. Hazırda həmin ev üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını istəsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Püstə Həsənova nənəsi, yəni anasının anası, Tünzalə Həsənova bacısı, Həqiqət Həsənova isə rəhmətlik qardaşı Namiqin həyat yoldaşıdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili də iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf: Cavabdeh 04.10.2021-ci il tarixli **********17 nömrəli etirazla iddiaya dair münasibət bildirmişdir. Etirazda imtinanın əsasları təkrar olaraq qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş arayış 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabdakı qeydlər əsasında tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın əsaslarını müdafiə edərək bildirmişdir ki, iddiaçı inzibati orqana müraciət edən zaman 30.07.2015-ci il tarixli 194 saylı arxiv arayışı, 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarış təqdim etmiş, əvvəlki illər üzrə təsərrüfatbaşına kitabdan çıxarış və ya heç bir sübut təqdim etməmişdir. Üçüncü şəxs: X17 və X21 məhkəmənin 08.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxslərdən X21 07.01.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiasını əsassız hesab edir. Çünki iddiaçı onlara qarşı mirasa dair vəsiyyət və ya qanun üzrə payın müəyyən edilməsi tələbinə dair iddia qaldırmış və həmin iddialar rədd olunmuşdur. Ona görə də İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X21 ərizəsində qeyd olunanları müdafiə etmiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Digər üçüncü şəxs X17 iddiaya dair münasibət bildirməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 30.07.2021-ci il tarixli **********76 nömrəli imtinası, 17 sentyabr 2007-ci tarixli vəsiyyətnamənin ksero-surəti, Göygöl Rayon Məhkəməsinin 16.08.2016-cı il tarixli 2(066)-1364/2016 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti, Gəncə Apellyasiya Məhkəməsinin 01.11.2019-cu il tarixli 2(104)-3622/2019 nömrəli qətnaməsi, cavabdehin 04.10.2021-ci il tarixli **********17 nömrəli etirazı, Göygöl rayonu İcra Hakimiyyəti başçısının Toğanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 06.10.2021-ci il tarixli 222 nömrəli arayışının surəti, 05.01.2021-ci il tarixli 04 və 05 nömrəli arayışları, Göygöl rayonu İcra Hakimiyyəti başçısının Toğanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Toğana kəndi üzrə 1990-1995, 1996-2000, 2001-2005 və 2006- 2010-cu illərə aid təsərrüfatbaşına kitablardan çıxarışların təsdiqlənmiş surəti, 50810018 kodlu JN-106A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surəti, texniki pasportun təsdiqlənmiş surəti, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.04.2021-ci il tarixli 2(104)-899/2021 nömrəli qətnaməsinin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2021-ci il tarixli 2(102)-5525/2021 nömrəli qətnaməsinin surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Göygöl rayonu, Toğana kənd sakini mərhum X3 təsərrüfatında 1959-cu il tarixində tikilmiş, ümumi sahəsi 0,36 kv.m olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi olmuşdur. Aqrar islahat zamanı həmin torpaq sahəsi X4 və ailə üzvü X12 mülkiyyətinə verilmişdir. Həyətyanı torpaq sahəsinin qaiməsində /sertifatında/ sonuncuların istifadəsində sahəsi 34,9 kv.m olan fərdi yaşayış evinin olduğu qeyd olunmuşdur. Hazırda iddiaçı həmin fərdi yaşayış evi üzərində X3 və X5 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13.01.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aşağıdakılar daxil edilmişdir: Azərbaycan Respublikası SSRİ tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26- dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. (1-ci bənd). Azərbaycan Respublikası SSRİ tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar (2-ci bənd). Qeyd olunan normalardan göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə iddianın hüququ əsası fərdi yaşayış evinə dair təsərrüfatbaşına kitablardan çıxarışdır. Xanlar rayonu Texniki İnventar Bürosu tərəfindən 24.09.1987-ci ildə X15 və X5 adına tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportunda 1959-cu ildə tikilmiş fərdi yaşayış evinin sənəd üzrə 2200 kv.m, faktiki olaraq isə 2439 kv.m torpaq sahəsində yerləşdiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə görə kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1- dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4-cü bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdəndir. Fərdi yaşayış evinin texniki pasportu X15 və X5 adına tərtib olunmuş olsa da, iş materiallarına əlavə edilmiş təsərrüfatbaşına kitablarda yalnız X3 təsərrüfatında fərdi yaşayış evi olduğu qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia mərhum X6 münasibətdə təmin edilməli, onun 50810018 kodlu JN-106A nömrəli “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamədə qeyd olunan Göygöl rayonu, Toğana kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Göygöl rayonu, Toğana kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mərhum X3 mülkiyyət hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd olunsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-131/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-131/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver