Məhkəmə qərarları › İş №2-1(114)-131/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-131/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-131/2023 25.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan 21932 manat pulun tutulmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra və Probasiya Şöbəsindən iddiaçıya “İcraata başlamaq haqqında qərar” və “Bildiriş” təqdim edilmişdir (xx.xx.2022-ci ildə). İcra Şöbəsinin qərarı və bildirişindən məlum olur ki, Bərdə rayonu Samuxlu Bələdiyyəsi tərəfindən 05 nömrəli xx.xx.2022-ci il tarixdə iddiaçıdan 21982 manat pulun alınmasına dair qərar qəbul olunmuşdur. Lakin o vaxta qədər Bələdiyyənin belə qərarı ona təqdim edilməmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsindən göstərilən qərar və bildirişi aldıqdan sonra, Cavabdehnə ərizə ilə müraciət edərək barəsində qəbul edilmiş qərarın ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə Samuxlu Bələdiyyəsinin sədri tərfindən imzalanmış məktuba qoşmada Bələdiyyənin xx.xx.2022-ci il tarixli qərarı ona təqdim olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh Samuxlu Bələdiyyəsinin xx.xx.2022-ci il qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarın məzmununda, guya, iddiaçıya xx.xx.2022-ci il tarixli 03 saylı qərarla icarəsində olan 103 ha torpaq sahəsinə görə icarə haqqı borcu olduğu və ödənilməsi üçün 10 gün vaxt verildiyi yazılmışdır. Lakin icarədə olan torpaq sahəsinə görə iddiaçının borcunun olduğuna dair ona belə bir qərar verilməmişdir. Bələdiyyənin qərarından göründüyü kimi, həmin qərarın qəbul olunduğu iclasda iddiaçı iştirak etməmişdir. 2002-ci ildən Bələdiyyə fəaliyyətə başladığı və 76 ha torpaq sahəsi mənim icarəmə verildiyi vaxtda - iddiaçıya icarəyə verilmiş torpaq sahəsində məcburi köçkünlərin yaşaması üçün çadır şəhərcikləri yerləşmişdi. Həmin ərzaidə təxminən 1000- ə yaxın çadır-evlər vardı. İşin bu halı hər kəsə məlum həqiqətdir və Bələdiyyənin özünün məktub və sənədlərində də təsbit olunmuşdur. Yalnız 2007-ci ildə məcburi köçkün şəhərciyi sökülməyə başladı və bu proses 2009-2010cu ilədək çəkdi. Ondan sonra ərazinin təmizlənməsi, orada yaşayan sakinlər tərəfindən özbaşına tikililərin aradan qaldırılması və s. iddiaçı tərəfindən öz vəsaiti hesabına həyata keçirildi. Yalnız 2012-ci ildə torpaq sahəsini qismən istifadəyə yararlı vəziyyətə gətirmək mümkün olmuşdur. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək 2002-ci il 31 may tarixli müqavilə ilə istifadəsində olan 46 ha torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmiş, 15 may 2012-ci ildə X1 tərfindən istifadəsində olan 13 ha və 33 ha torpaq sahəsinə dair plan və ölçü təsdiq olunmuşdur. Yalnız ondan sonra iddiaçı torpaq sahəsindən balıqçılıq təsəsrrüfatı üçün istifadə etməyə başlamış və ondan sonrakı dövr üçün icarə haqqını da mütəmadi olaraq Bələdiyyəyə ödəmişdir. Bələdiyyənin şikayət olunan qərarında iddiaçıdan 21932 manat pulun alınmalı olduğu yazılmış, lakin bu məbləğin hansı müddət üçün necə əmələ gəldiyinə dair hər hansı bir əsaslandırma yoxdur. Ona görə ki, iddiaçının Bələdiyyəyə belə məbləğdə borcu mövcud deyildir. Ona görə də mübahisələndirilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsi var, həmin ərazinin təqribən 40 hektarında 1995-ci ildən 2008-ci ilədək qaçqınlar məskunlaşmışdır, qalan 63 hektar isə qaçqınlara örüş sahəsi kimi ayrılmışdır. Ona görə də sahədən 2011-ci ildən sonra istifadə etməyə başlamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 nömrəli qərarının məzmunundan görünür ki, Bərdə rayon Samuxlu kənd sakini İddiaçı 21982 manat icarə haqqı borcunun tutularaq Samuxlu bələdiyyəsinin hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 nömrəli qərarı İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı mübahisələndirilən qərarı xx.xx.2022-ci il tarixdə əldə etdiyindən iddianın müddətlə bağlı mümkünlüş şərtinə əməl edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının icarəsində olan bələdiyyə mülkiyyətinə aid 103.0 ha torpaq sahəsinə görə onun 21982 manat icarə haqqı borcu qaldığını hesab edərək xx.xx.2022-ci il tarixli, 05 nömrəli qərarla həmin borcun ondan tutularaq Samuxlu bələdiyyəsinin hesabına ödənilməsinin təmin edilməsini qərara almış, sözügedən qərar icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı hazırda bələdiyyənin həmin qərarını mübahisələndirərək sözügedən bələdiyyə qərarının ləğv edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun:- -2.1. maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2. maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -6.3. maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. -4.0.4. maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aid edilmişdir. -11.9. maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. -19.1. maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. -19.4. maddəsinə əsasən torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. -27.2. maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Mübahisələndirilən qərarın məzmununda qeyd edilmişdir ki, Cavabdeh 10 mart 2022ci il tarixli 03 saylı qərarı ilə Samuxlu kənd sakini İddiaçı Fərhad oğlunun icarəsində olan bələdiyyə mülkiyyətinə aid 103.0 ha torpaq sahəsinə görə icarə haqqı borcu olduğundan ona borcunu ödəməsi üçün 10 gün vaxt verilmiş, verilmiş könüllü müddət ərzində İddiaçı Fərhad oğlu 23982 manat icarə haqqından 2000 manatını bələdiyyə büdcəsinə ödəmiş, 21982 manat icarə haqqı borcu qalmışdır, bu səbəbdən də həmin borcun ondan tutularaq Samuxlu bələdiyyəsinin hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı sözügedən qərarın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması məqsədilə cavabdeh orqana xx.xx.2022-ci il tarixdə sərəncam göndərilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən sərəncam icra edilmədiyindən məhkəmə tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə eyni məzmunlu sərəncam göndərilərək sözügedən qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb edilsə də, cavabdeh orqan hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə qeyd olunanları cavabdehin inzibati aktın qanuniliyini əsaslandıra bilməməsi kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisələndirilən qərarın məzmununda iddiaçıya borcun könüllü ödənilməsi üçün müddət verildiyi bildirilsə də iddiaçı belə bir məlumatın verilmədiyini bildirmiş, eyni zamanda sözügedən qərarın qəbulunda iddiaçının iştirakı təmin edilməmişdir. Göründüyü kimi cavabdeh orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.1. maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1. maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 21.1. maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 58.1. maddəsinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 62.1. maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar