Məhkəmə qərarları › İş №2-1(114)-1310/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1310/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1310/2024 23.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki 3 illik dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş müharibə veteranlarına verilən sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayon Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli 321 nömrəli arayışından məlum olur ki, İddiaçı Tərtər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1998-ci il tarixdə M/V 024728 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

2. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2006-cı il tarixli 118 nömrəli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən sosial müavinət təyin edilmişdir.

3. Daha sonra İddiaçı müharibə veteranı vəsiqəsini itirdiyindən, ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə təkrarən M/V 054435 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

4. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2012-ci il tarixli 216 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilmiş və xx.xx.2019cu il tarixədək tam məbləğdə ödənilmişdir.

5. Sözügedən müavinət xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü ilə əvəz edilmiş və 80 manat məbləğində olmaqla iddiaçıya hər ay ödənilməsi davam etdirilir.

6. İddiaçı ona ödənilməmiş müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözügedən müavinət növü ləğv edildiyindən, eyni zamanda xx.xx.2016-cı il tarixindən əmək pensiyası aldığı üçün (11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə hesablanan əlavə ödənildiyi üçün) ona ərizədə qeyd etdiyi dövr üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin dekabr 2009-cu il tarixdən dekabr 2012-ci il tarixədək hesablanıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər rayonunda anadan olmuşdur. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində ərazi bütövlüyü uğrunda işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında 1992-1994-cü illər ərzində iştirak etdiyi üçün xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 054435 saylı “Müharibə veteranı” vəsiqəsi verilmişdir. O, 2023-cü il oktyabr ayında əvvəlki illərə ödənilməli olan sosial müavinətin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına iddiaçı ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubu vasitəsi ilə həmin müavinətin verilməsindən imtina edilmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş müharibə veteranlarına verilən sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı əvvəlki 3 illik dövr üçün müharibə veteranlarına verilən sosial müavinətin ödənilməsi barədə ərizə ilə cavab orqana müraciət etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina qərarının cavabdehə çatdırılması üçün olan müddət də nəzərə alınmaqla, iddiaçı tərəfindən hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən, İddiaçı veteranlar üçün nəzərdə tutulmuş M/V 054435 nömrəli vəsiqə xx.xx.2012-ci il tarixdə verilmiş, həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilmiş və xx.xx.2019-cu il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçı veteran vəsiqəsini aldığı xx.xx.2012-ci il tarixdən əvvəlki üç ilə görə sözügedən müavinətin verilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-257107/2023 nömrəli cavab məktubu ilə iddiaçıya sözügeden müavinətin ləğv olunduğu üçün həmin dövrlər üzrə müavinətin təyin olunmasının və ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, veteran vəsiqəsini aldığı tarixdən əvvəlki üç ilə görə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Veteran vəsiqəsi Müdafiə Nazirliyinin İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmişdir. Bununla əlaqədar hesab edirlər ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər "Veteran vəsiqəsi" təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçıya "Veteran vəsiqəsi" verildiyi tarixdən (xx.xx.2012) xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə komunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. İddiaçı müraciəti ilə əlaqədar olaraq bildirilir ki, iddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, müavinətin 3 il geriyə ödənilməsi iddiaçının veteran vəsiqəsini aldığı xx.xx.2012-ci il tarixdən yox, müvafiq tələblə müraciət etdiyi xx.xx.2023-cü ildən əvvəlki 3 ilə aid edilməlidir. Lakin xx.xx.2019-cu il tarixdən müharibə veteranları ücün nəzərdə tutulan müavinət prezident təqaüdü ilə əvəzləşdirilmişdir və qanunvericilikdə prezident təqaüdünün müraciət edilməzdən əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı norma nəzərdə tutulmamışdır. Həmçinin iddiaçıva müavinət almaq hüququnun varandığı gündən - veteran vəsiqəsini aldığı xx.xx.2012-ci il tarixdən müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət tam şəkildə ödənilmişdir. Buna görə də hesab edirlər ki, İddiaçı “əvvəlki üç ilə görə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müharibə veteranı vəsiqəsini ilk dəfə xx.xx.1998-ci il tarixdə almış, daha sonra veteran vəsiqəsini itirdiyinə görə ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə təkrarən M/V 054435 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

22. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya əvvəlki dövr üçün sosial müavinətin ödənilməsindən imtina edilən zaman ona müharibə veteranı vəsiqəsinin ilk dəfə 1998-ci ildə verilməsi məlum olmadığından həmin məsələyə münasibət bildirilməmişdir. Həmin hal məhkəmə icraatı çərçivəsində müəyyən edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2012-ci il tarixdə M/V 054435 nömrəli müharibə veteranı vəsiqəsi; - Tərtər rayon Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli 321 nömrəli arayışı; - Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2006-cı il tarixli 118 nömrəli qərarı; - Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2012-ci il tarixli 216 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2/2-438 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2024-cü il tarixli 3-25-2/2-A- 90xx-xx/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçısını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Tərtər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1998-ci il tarixdə M/V 024728 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Daha sonra İddiaçı müharibə veteranı vəsiqəsini itirdiyindən, ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə təkrarən M/V 054435 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən etibarən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilərək ödənilməyə başlamış, xx.xx.2019-cu il tarixdən isə sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edildiyindən həmin təqaüdün iddiaçıya ödənilməsinə başlanılmışdır və hazırda da ödənişi davam etdirilir.

26. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı vəsiqəsinin təkrar verildiyi xx.xx.2012-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. İddiaçı vəsiqəni aldığı xx.xx.2012-ci il tarixdən əvvəlki üç il (xx.xx.2009-xx.xx.2012-ci illər üzrə) ödənilməmiş sosial müavinətin hesablanaraq ona ödənilməsini cavab orqandan xahiş etmiş və sonuncu tərəfindən sözügedən müavinət növünün ləğv edilməsi əsas gətirilməklə, iddiaçının müraciəti təmin edilməmişdir.

27. Məhkəmə icraatı zamanı isə cavabdeh tərəfin nümayəndəsi İddiaçı Tərtər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1998-ci il tarixdə M/V 024728 nömrəli müharibə veteranı vəsiqəsinin verildiyini və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2006cı il tarixdə İddiaçı xx.xx.2006-cı il tarixdən sosial müavinət təyin edilərək, ödəmələrin həmin vaxtdan həyata keçirildiyini bildirmişdir.

28. Təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2006-cı il tarixli 118 nömrəli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən sosial müavinət təyin edilmişdir. Daha sonra İddiaçı müharibə veteranı vəsiqəsini itirdiyindən, ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə təkrarən M/V 054435 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2012-ci il tarixli 216 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilmiş və xx.xx.2019cu il tarixədək tam məbləğdə ödənilmişdir.

29. Göründüyü kimi, İddiaçı tələb etdiyi xx.xx.2009-xx.xx.2012-ci illər üzrə sosial müavinət təyin edilərək ödənildiyindən həmin dövr üzrə yenidən ona sosial müavinətin ödənilməsi mümkün deyildir və belə olan halda, cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

30. Belə ki, “Sosial müavinətlər haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.

31. Hazırkı iş üzrə icraat materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2009-ci il tarixdən xx.xx.2012-ci il tarixədək dövr üçün sosial müavinət ödənilmişdir. Bu halda iddiaçıya həmin dövr üçün təkrar sosial müavinətin ödənilməsi yolverilməzdir.

32. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar