Məhkəmə qərarları › İş №2-1(114)-1311/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1311/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1311/2024 28.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilmiş xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Kəlbəcər rayon Zar kənd orta məktəbində Pioner baş dəstə rəhbəri, xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon Zəylik kənd 8 illik məktəbində riyaziyyat müəllimi, xx.xx.1979-cu ildən xx.xx.1985-ci il tarixədək həmin məktəbdə direktor, xx.xx.1985-ci ildən xx.xx.1993-cü il tarixədək riyaziyyat müəllimi işlədiyi əmək fəaliyyətinin sosial siğorta stajina əlavə edilərək pensiya hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü il taixədək Kəlbəcər rayon Zar kənd orta məktəbində Pioner baş dəstə rəhbəri işləmişdir. 1973-cü ildə H.Zərdabi adına Gəncə (o zamankı Kirovabad) X2 riyaziyyat müəllimi ixtisası üzrə əyani təhsil almış, xx.xx.1977-ci ildə ixtisası üzrə Kəlbəcər rayon Zəylik kənd 8 illik məktəbinə müəllim təyin edilmiş, xx.xx.1979-cu ildə vəzifədə irəli çəkilərək həmin məktəbə direktor təyin edilmiş, xx.xx.1985-ci ildə həmin vəzifədən azad edilmiş və məlum hadisələrə qədər, yəni 1993-cü ilin 02 aprel tarixinədək Kəlbəcər rayon Zəylik kənd məktəbində riyaziyyat müəllimi işləmişdir. xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayon 1 nömrəli orta məktəbinə müəllim təyin edilmişəm və xx.xx.1994-cü il tarixdə vəzifədə irəli çəkilərək Kəlbəcər rayon Təhsil Şöbəsinə metodist təyin edilmiş, xx.xx.1995-ci il tarixdə vəzifədən azad edilərək Kəlbəcər rayon 100 saylı orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.2002-ci il tarixdə həmin məktəbə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmiş və çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçının 65 yaşı tamam olub, təqaüdə çıxmışdır, lakin onun xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü ilədək olan iş fəaliyyəti nəzərə alınmayaraq sğorta stajına daxil edilmir. Səbəb kimi xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək olan dövr üçün işə daxil olma və çıxma əmirlərinin nömrə və tarixinin qeyd olunmadığı, xx.xx.1977-ci il tarixdən xx.xx.1993cü ilədək olan dövrün arxiv sənədlərinin işğal zonasında qaldığı üçün əmək haqqı alıbalmamağının müəyyənləşdirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Halbuki, qeyd olunanların hamısı əmək kitabçasında qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o hazırda pensiya alır, lakin Kəlbəcər rayonunda işlədiyi 1971-1993-cü illəri cavabdeh sosial sığorta stajı kimi nəzərə almamışdır. Ona məxsus əmək kitabçasını 1993-cü ilin sentyabr ayında Gəncə şəhərində Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri Əşrəfov Vaqif adlı şəxs doldurmuş, əvvəlki əmək kitabçası Kəlbəcərdə qaldığına görə dublikat vermişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının doldurulma qaydası pozulduğuna görə 1971-1993-cü illər nəzərə alınmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1977-ci il tarixli, 12417 nömrəli diplomdan görünür ki, İddiaçı 1973-cü ildə H.Zərdabi adına X3 İnstituna daxil olmuş və 1977-ci ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1993-cü il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda ayrı-ayrı müəssisələrdə işləməsi qeyd edilmişdir. -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-7-1/2M-265950/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə iş stajını təsdiq edən sənədlərlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasının doldurulma qaydası pozulduğuna görə onun 1971-1993-cü illər üzrə əmək stajını sosial sığorta stajı kimi nəzərə almaqdan imtina edərək onun müraciətini təmin etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın:- -1.1. bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -1.2. bəndinə görə əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. 3.1. bəndinə görə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2. bəndinə görə işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: -İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyinatı aparılan zaman ona məxsus xx.xx.1993-cü il tarixli, ******* nömrəli əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun doldurulmadığına görə cavabdeh orqan onun xx.xx.1971ci il tarixdən xx.xx.1993-cü il tarixədək fəaliyyət dövrünü sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Mübahisələndirilən dövrlə bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən əmək kitabçası işə götürən tərəfindən əsas iş yerində açılır və əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda digər qurumlar tərəfindən aparılır. İşdə olan iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən olunur ki, sözügedən sənəddə iddiaçının əmək fəaliyyətinə 1971-ci ildən başlaması barədə qeydlər olsa da, əmək kitabçasının doldurulma tarixi 1993-cü ilin avqust ayına təsadüf etmişdir. Bu hal isə qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə zidd olmuşdur. Həmçinin, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında ona məxsus əmək kitabçasının işğal zonasında qalması səbəbindən əmək kitabçasında 1971-1993-cü illəri əhatə edən qeydlərin işğaldan sonra başqa şəxs tərəfindən müvafiq ilkin sənədlərə istinad edilmədən doldurulduğunu etiraf etmişdir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında 1971-1993-cü illəri əhatə edən qeydlər mötəbər hesab edilə bilməz və bu barədə iddiaçının iddiası təmin edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina ilə bağlı hərəkətləri əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar