Məhkəmə qərarları › İş №2-1(114)-1312/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1312/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1312/2021 13.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdehlər Ağdam Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mənzilə dəymiş ziyana görə 10.500 manat maddi ziyanın alınmasına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə isə mənzilin təmir edilib, bərpa edilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə dəymiş ziyana görə Ağdam Rayon İcra Hakimiyyətindən 10.500 manat maddi ziyanın alınması, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə isə mənzilin təmir edilib, bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı mübahisə üzrə cavabdeh qismində prosessual həmiştirakçılar çıxış edə bilməyəcəyindən, habelə hazırkı tələblərlə əvvəlcədən cavabdehlərə müraciət olunmadığından iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı 1) Ağdam Rayon İcra Hakimiyyətindən 10.500 manat maddi ziyanın alınmasını; 2) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə mənzilin təmir edilib, bərpa edilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Qanunvericiliyə görə prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Hazırkı mübahisə üzrə Ağdam Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fərqli dövlət qurumları olmaqla yanaşı, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir və müştərək hüquqi maraqlara malik deyildirlər. Bu səbəbdən də cavabdeh qismində prosessual həmiştirakçılığa yol verilə bilməz. Həmçinin, iddiaçı hazırkı tələbi üzrə qeyd edilən cavabdehlərdən hər hansı birinə müraciətinin olmasına dair sübut təqdim etməmiş, hər bir cavabdehə münasibətdə iddia tələbi ayrıca göstərilməklə, ayrıca iddia qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 3.3-cü bəndinə əsasən iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu 08.06.2021-ci il tarixli sərəncamla iddiaçının diqqətinə çatdırmış və həmin halların aradan qaldırılması üçün 24.06.2021-ci il tarixədək müddət təyin etmişdir. Göründüyü kimi, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən 08.06.2021-ci il tarixli sərəncamla iddiaçıya zəruri hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı iddia ərizəsində yol verilən nöqsanları aradan qaldırmamışdır. Ali Məhkəmənin Plenumununun yuxarıda qeyd olunan qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Ağdam Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mənzilə dəymiş ziyana görə Ağdam Rayon İcra Hakimiyyətindən 10.500 manat maddi ziyanın alınması, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə isə mənzilin təmir edilib, bərpa edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar