Məhkəmə qərarları › İş №2-1(114)-1312/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1312/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1312/2025 22.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7 və X3) “Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarının X1 torpaq sahəsinin ayrılmasına dair hissəsində etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X8 (Hidayət) qızının adına Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nörməli qərarı ilə JN-219A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum əri X10 1980-ci illərdə Şəmkir rayonu, Sarıtəpə kəndində motorist işləmişdir. 1988-ci ildə mərhum ərinin adına torpaq sahəsi ayrılmış, 1990-cı ildə isə həmin torpağın üzərində ev, tövlə və digər yardımçı tikililər inşa edilmişdir. Həmin tikililər Vəli Nağıyev tərəfindən inşa edilmişdir. İddiaçı ev inşa edildiyi vaxtdan bu günədək orada yaşayır. Ona başqa yerdən 0.18 ha torpaq sahəsinə dair Şəhadətnamə də verilmişdir. O, torpaq sahəsinin üzərində ev inşa edərkən Raifə adlı şəxsi tanınmamışdır. Evi inşa edən zaman habelə bundan sonra evin tikintisinə hər hansı şəxsin narazılığı olmamış və torpaq sahəsini özünə məxsus bilib orada ev inşa etmişdir. İddiaçının əri evi inşa edən zaman Arif Rzayev həmin kənddə qonşuluqda başqa evdə yaşamışdır. İddiaçının istifadəsində olan torpaq sahəsi heç bir qanuni əsas olmadan Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə JN-219A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Gədəbəy rayonu, Fərzalı kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, İsalı kəndində yaşayan X8 (Hidayət) qızının mülkiyyətinə verilmişdir. Halbuki, həmin şəxs heç vaxt Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmamış və orada yaşamamışdır. 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarda X2 adı aşkar edilməmişdir. Həmin JN-219A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” heç bir qanuni əsas olmadan X8 (Hidayət) qızının mülkiyyətinə verilmişdir. Raifə Mirzəliyevanın torpaq sahəsi 40-94 reyestr nömrəli, 21 fevral 2006-cı il tarixli alqısatqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmiş və sonuncunun adına RX seriyalı, ******* saylı, 09 dekabr 2016-cı il tarixli reyestrdən çıxarış verilmişdir. Hansı ki, üçüncü şəxs Raifə Mirzəliyeva həmin torpaq sahəsinin Arif Rzayeva satılmasından ümumiyyətlə məlumatı olmadığını bildirir. Həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinə məxsusdur. Uzun illərdir qanuni əsaslarla onun sahibliyində və istifadəsindədir. Cavabdeh olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və üçuncü şəxslər tərəfindən torpaq mülkiyyətçisi olaraq onun hüquqları heç bir əsas olmadan pozularaq, mübahisəli torpaq sahəsi onun istifadəsində olduğu halda torpaq sahəsi heç bir əsas olmadan JN-219A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X8 (Hidayət) qızının mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair üçüncü şəxs X8 (Hidayət) qızının adına JN-219A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilməsini qanunsuz və əsassız hesab edir. İşin faktiki hallarından göründüyü kimi, onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair üçüncü şəxs X9 (Hidayət) qızının adına JN-219A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Ona görə də, iddiaçı hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X9 (Hidayət) qızının adına Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə verilmiş JN-219A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3882/2024 nömrəli qərardadı ilə X7 və X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1312/2025 nömrəli qərardadı ilə cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1312/2025 nömrəli qərardadı ilə iddia tələbi “Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarının X1 torpaq sahəsinin ayrılmasına dair hissəsində etibarsız hesab edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları JN - 219A KOD 50405038 “Topağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarına əsasən X4 Şəmkir rayonu, Sarıtəpə kəndindən 0.12 ha torpaq sahəsi verilmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarına əlavə edilmiş Şəmkir rayonu, Sarıtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı topraq sahələrinə aid cədvələ əsasən X4 0.12 ha torpaq sahəsi verilmişdir. Cavabdeh 14 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarının X1 torpaq sahəsi ayrılmasına dair hissəsində etibarsız hesab edilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Fəsil 27 (1 yanvar 2011-ci il tarixədək qüvvədə olmuşdur) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 56 nömrəli qərarının X1 torpaq sahəsinin ayrılmasına dair hissəsində etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. 2011-ci il 1 yanvar tarixindən sonra və hal-hazırda inzibati mübahisələr üzrə iddia müddəti tətbiq edilən iddialara dair iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 2011-ci il 1 yanvar tarixinədək isə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materialları ilə İddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarını və həmin qərarın X1 torpaq sahəsinin ayrılmasına dair hissəsini xx.xx.2011-ci il tarixədək mübahisələndirdiyi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixədək iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarının X1 torpaq sahəsinin ayrılmasına dair hissəsini mübahisələndirmək hüququ olmasına baxmayaraq, mübahisələndirməmiş, Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulan müddəti ötürmüş və onun həmin qərarı məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7 və X3) “Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarının X1 torpaq sahəsinin ayrılmasına dair hissəsində etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7 və X3) “Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarının X1 torpaq sahəsinin ayrılmasına dair hissəsində etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar