Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1313/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Şərqub oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şərqub oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 04.04.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli 8(104)-142/2021 saylı qərardadı ilə Gəncə şəhəri üzrə İcra İdarəsinin borclu X3 X7 ilə birgə nikah dövründə əldə etdiyi ünvan 2 ünvanda olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması haqda təqdimatı təmin edilmişdir. Bundan sonra Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən əmlak qiymətləndirilmiş və hərraca çıxarılmamışdan əvvəl əmlakın ½ hissədə əldə etmək üçün iddiaçıya təklif məktubu göndərilmiş və iddiaçı tərəfindən əmlakın borc əvəzi qəbul edilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin təklif qəbul edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 13.01.2022-ci il tarixli qərarı ilə tələbkar olaraq borc əvəzində Gəncə şəhəri, Cavadxan küçəsi 41A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsini qəbul etməyi nəzərə alınaraq ½ hissədə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq sənədlər cavabdeh 3 saylı Gəncə Ərazi idarəsinə göndərilmişdir. Cavabdeh 3 saylı ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı özü də yenidən eyni məsələ ilə bağlı müraciət etmiş, ancaq cavabdeh 30.03.2022-ci il tarixli məktubla müraciətindən imtina etmişdir. İddiamı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 28.04.2022-ci il tarixli, **********50 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Gəncə şəhəri, Cavadxan küçəsi 41A ünvanda yerləşən qeyri-yaşayış binasının ½ hissəsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun 13.01.2022ci il tarixli qərarı qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslardan biri olmadığı müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 12.01.2022-ci il tarixli İ/Q120608/19 nömrəli təklif məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2027/2019 saylı, 09.04.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 8(044)-28/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadına əsasən borclu X5 ilə X4 birgə nigah dövründə əldə etdikləri ünvan 5 ünvanında yerləşən 19,5 kv.m qeyri- yaşayış sahəsinin ½ hissəsinin üzərinə həbs qoyulmuş və tələbin icrası həmin hissəyə yönəldilmişdir, "xxxx" MMC-nin 398 nömrəli, 18.11.2021-ci il tarixli əmlakin qiymətləndirməsi barədə hesabatı ilə ünvan 5 ünvanında yerləşən 19,5 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinin dəyəri 40000 (qırx min) manat müəyyən edilmiş, göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsini rəhbər tutuaraq ünvan 5 ünvanında yerləşən 19,5 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsi 40000 (qırx min) manata İddiaçı təklif olunmuşdur. -surəti işə əlavə edilmiş 12.01.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən 19,5 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsi 40000 (qırx min) manata qəbul edilməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinin 12.01.2022-ci il tarixli təklifini qəbul etmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 30.03.2022-ci il tarixli, **********31 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2027/2019 saylı, 09.04.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 8(044)-28/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadına əsasən borclu X5 ilə X4 birgə nigah dövründə əldə etdikləri ünvan 5 ünvanında yerləşən 19,5 kv.m qeyri- yaşayış sahəsinin ½ hissəsinin üzərinə həbs qoyulmuş və tələbin icrası həmin hissəyə yönəldilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən ünvan 5 ünvanında yerləşən 19,5 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsi 40000 (qırx min) manata İddiaçı təklif olunmuş, sonuncu tərəfindən təklif qəbul edilmişdir. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, cavabdeh orqanın imtinasının əsasını icra məmurunun qərarının qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslardan biri kimi müəyyən edilməməsi təşkil etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(044)-222/2019 saylı qətnaməsi ilə X1 38.920 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iş üzrə Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin 85.500 manat həcmində təmin edilməsi və həmin pulun X6 ödənilməsi qət edilmişdir. Bundan sonra icra tədbiri olaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli 8(104)-142/2021 saylı qərardadı İlə Gəncə şəhəri üzrə İcra İdarəsinin borclu X2 X7 ilə birgə nikah dövründə əldə etdiyi Gəncə şəhəri, Cavadxan küçəsi 41A ünvanda olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması haqda təqdimatı təmin edilmişdir. Gəncə İcra və Probasiya İdarəsinin 13.01.2022-ci il tarixli qərarı ilə tələbkar olaraq borc əvəzində ünvan 6 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin ½ hissəsini 85.500 manat borcun 40.000 manat hissəsində iddiaçının qəbul etməyi nəzərə alınaraq qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əssasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Qanunun müvafiq maddəsinin tələbindən görünür ki, əmlakın borc müqabilində ilk olaraq, yəni hərraca çıxarılmamışdan əvvəl tələbkara təklif edilməsi nəzərdə tutulmuşdur. İcra sənədi ilə bağlı əmlak hərraca çıxarılmazdan əvvəl tələbkara təklif edilməsi hüquqi mahiyyət etibarı ilə əmlakın hərracdan satılmasına bərabərdir. Məhkəmə qeyd edir ki, hər bir halda qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə daha az zaman istifadə edilməklə və hərracla bağlı xərclərdən azad olmaqla əsas hədəfə, məqsədə çatılması məhkəmə qətnaməsinin icrasını eyni hüquqi əsasla basa çatdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi istər əmlakın tələbkara təklifi, istərsə də əmlakın hərracdan satılması hüquqi baxımdan eyni hüquqi qüvvəyə malik olmaqla son nəticədə qətnamənin icrasını təmin edir. Belə olan halda hərracın nəticəsinə dair protokolun əmlakın reyester xidmətində tələbkarın adına qeyd edilməsi üçün əsas olması qədər də tələbkarın əmlakı qəbul etməsi barədə təklifi qəbul etməsinə dair icra məmurunun qərarı əmlakın tələbkarın mülkiyyət hüququ ilə qeydə alınması üçün qanuni əsasdır. Məhz borcla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi borclunun əmlakının tələbkarın mülkiyyətinə keçməsi və borcun bir hissəsinin həmin əmlak hesabına ödənilməsi nəticəsi olaraq baş vermiş olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Cavadxan küçəsi 41A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə İddiaçı Şərqub oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1313/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1313/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver