Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1315/2020 04.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mirzəhüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Mirzəhüseyn oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, oğluna, yəni iddiaçıya xx.xx.1999-cu il tarixdə ******* nömrəli veteran vəsiqəsi verilmiş və ləğv olunmamışdır. Hazırda iddiaçı sosial müavinətin təyin olunması məqsədilə sənədlərini hazırlayır. Bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə müraciət etsə də, sonuncu iddiaçını Müdafiə Nazirliyinə yönləndirmişdirlər. Ona görə də, iddiaçı Müdafiə Nazirliyinə qarşı iddia qaldırmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2-8582 nömrəli məktubuna əsasən iddiaçıya aid xx.xx.1999-cu il tarixdə verilmiş veteran statusunun (vəsiqəsinin) ləğv edilməsinə əsas olunmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 800 nömrəli məlumata əsasən İddiaçı Mirzəhüseyn oğlunun hansı tarixədək hərbi hissənin qazan təminatında olması və pul cədvəlində adının olmasının dəqiqləşdirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi arxivinə xx.xx.2020-ci il tarixli 796 nömrəli sorğu göndərilmiş, həmin sorğu məktubuna cavab alındıqdan sonra ona verilmiş Azərbaycan Respublikası Müharibə veteranı adının və vəsiqəsinin ləğv edilib-edilməməsi barədə qərarın ləğv edilməsi üçün SHXÇDX-nın aparatına məruzə ediləcəkdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 2.3, 4.1 və 8.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1). İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2). Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.1999-cu il tarixdə ******* nömrəli veteran vəsiqəsi verilmiş və hazırda iddiaçının müharibə veteranı statusu qüvvədədir. Bu hal Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin məhkəməyə ünvanladığı məktubun məzmunundan aydın olur. Göründüyü kimi, hazırkı mübahisə üzrə cavabdeh qismində qeyd edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hərhansı hüququ və qanunla qorunan maraqları pozulmamış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iş üzrə iddia tələbinə cavab verməli orqan deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mirzəhüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1315/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1315/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver