Məhkəmə qərarları › İş №2-1(114)-1316/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1316/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1316/2020 03.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N1-N2-ci illərdə Qazax rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında tağım komandiri vəzifəsində hərbi xidmətdə olmuş və xx.xx.N3-cü il tarixli 179 saylı əmrlə şəxsi heyətin siayhısından çıxarılmışdır. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 11/4036 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı barəsində tədqim edilmiş xx.xx.2019-cu il tarixli 9/2-17821 nömrəli arayışa əsasən N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli 179 nömrəli əmrində hərbi xidmətdən hansı səbəblərə görə azad olunması səbəbi göstərilmədiyindən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-ci il tarixli, 1/A-18372 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli 179 nömrəli əmrində hərbi xidmətdən hansı səbəblərə görə azad olunmasının səbəbi göstərilmədiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 39N nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N nömrəli hərbi hissəsənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuş və xx.xx.N3-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 179 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin yanvar 2005-ci tarixli məktubunun surətindən görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş və komandirin xx.xx.N3-cü il tarixli 179 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılmış, bütün növ təminat növlərindən silinmiş, hərbi xidmətdən azad edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 122-22035-1220 nömrəli məktubundan görünür ki, İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 Məlumat Mərkəzində heç bir məlumat yoxdur. -İddiaçı məxsus qeydiyyat kartasından görünür ki, sonuncu N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli 01/36 nömrəli və Qazax rayon Hərbi Prokurorluğunun 1.09.2006-cı il tarixli 12/HP- 3197 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdə hərbi uçota götürülmüşdür. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il 9/2-8612 nömrəli məktubunda bildirilir ki, N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli 179 nömrəli əmrində briqada mühafizə və xidmət bölüyünün hərbi qulluqçusu, İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətdən azad edilmiş və N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N3-cü il tarixli 245 №-li əmrilə onun xx.xx.N3-cü il tarixdən briqada maddi təminat taburunun 4 bölüyünə tibb təlimatçısı vəzifəsinin icrasına buraxılmaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmasına baxmayaraq, N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, həmin hərbi hissənin xx xxxxxxxx N3-cü il tarixli 245 №-li əmrilə xx.xx.N3-cü il tarixdən briqada maddi təminat taburunun 4 bölüyünə tibb təlimatçısı vəzifəsinin icrasına buraxılmaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilsə də qanuni əsaslarla ehtiyyata buraxılması barədə sübut mövcud deyildir.Nəticə etibarilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli 01/36 nömrəli və Qazax rayon Hərbi Prokurorluğunun 1.09.2006-cı il tarixli 12/HP-3197 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdə hərbi uçota götürülmüşdür. Göründüyü kimi iddiaçı qanuni əsaslarla deyil, hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar