Məhkəmə qərarları › İş №2-1(114)-1316/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1316/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1316/2021 30.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, İsgəndərov Tural Mahir oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat - Səfərbərlik İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı imtina qərarının inzibati akt hesab edilməsi, həmin aktın etibarsız hesab edilməsi və hərbi xidmətə yenidən qəbul olunma tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat - Səfərbərlik İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin 20/442 saylı 22.01.2021-ci il tarixli imtinasının, imtina qərarının inzibati akt hesab edilərək həmin aktın etibarsız hesab edilməsi barədə və onun vəzifəyə, yəni hərbi xidmətə yenidən qəbul olunmağına dair cavabdeh təşkilatın üzərinə vəzifə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu, Qazaxyolçular kəndində xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 04.04.2013-ci il tarixdə Daşkəsən rayon Səfərbərlik Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunlarda hərbi qulluq keçmiş və həqiqi hərbi xidmətini Daxili Qoşunlarda başa vurmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra müraciəti əsasında 01.01.2015-ci il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi müqavilə əsasında hərbi xidmətə qəbul olunmuş və baş əsgər rütbəsi ilə manqa komandiri təyin edilmişdir. Heç bir pozuntuya və intizamsızlığa yol vermədən 2 noyabr 2018-ci il tarixədək müqavilə əsasında hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri onu həmin tarixli əmrlə xidmətdən uyğunsuzluqla azad etmişdir. Hansı ki, onun həmin tarixdə heç bir pozuntusu olmamışdır və heç bir günahı olmamışdır. Çünki hərbi hissədə xidmət apararkən N mart 2018-ci il tarixdə ehtiyatsızlıqdan Hüseyn Axundova dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, barəsində isə bu hadisə ilə bağlı 29 avqust 2018-ci il tarixdə Gəncə Hərbi Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Barəsində hökm çıxarılmasına baxmayaraq 2 noyabr 2018-ci il tarixədək N saylı hərbi hissədə xidmət aparmış və həmin ərəfələrdə də heç bir pozuntuya yol verməmişdir. Yəni komandir tərəfindən xidmətdən uyğunsuzluqla bağlı ehtiyata buraxılmağı heç bir maddi hüquq norması ilə əsaslandırılmamışdır, göstərilən maddi hüquq norması isə onun uyğunsuz kimi ehtiyata buraxılmağına əsas norma deyil və aidiyyatı yoxdur. X1 Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və məhkumluğu olmayan şəxs hesab edilmişdir. Ona görə də onun yenidən xidmətə bərpa olunmağı üçün heç bir maneə qalmamış, heç bir uyğunsuzluq olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə qəbul olunmağı üçün bir neçə dəfə müraciət etmiş. lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsi ona imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 04.06.2021-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş, yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmənin sərəncamı iddiaçı tərəfindən 10.06.2021-ci il tarixdə təhvil alınsa da, sərəncamın tələblərinə riayət edilməmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi hissə göstərilməli olduğu halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsi cavabdeh kimi qeyd edilmişdir. Bundan başqa, iddia ərizəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilatı-Səfərbərlik İdarəsinin 20/442 saylı 22.01.2021-ci il tarixli imtinasının, imtina qərarının inzibati akt hesab edilməklə həmin aktın etibarsız hesab edilməsi və vəzifəyə, yəni hərbi xidmətə yenidən qəbul olunmağı məsələsini də qoymuşdur. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (kokret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlındığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13.06.2013-cü il tarixli qərarı). Beləliklə, hazırda mübahisə predmeti olan 20/442 saylı 22.01.2021-ci il tarixli imtina məktubu yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar