Məhkəmə qərarları › İş №2-1(114)-132/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-132/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-132/2022 31.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti, X4 və X8) şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 16.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 05.06.2004cü il tarixli JN-5043 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 24.06.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi veteranı kimi ona və digərlərinə Gəncə şəhərinin “Xarabayeri” adlanan ərazisinin Şərq küçəsinin şimal qurtaracağında “Atlant” firmasının istifadəsində olan 14,53 ha torpaq sahəsindən 9,5 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan ayrılmış torpaq sahəsindən istifadə edir. İş üzrə üçüncü şəxslər X4 və X8 torpaq sahəsinin onlara məxsus olmasını iddia edərək, 05.06.2004-cü il tarixli JN-5043 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə təqdim edib, ona və digərlərinə qarşı torpaqdan çıxarılma və tikililərin sökülməsinə dair iddia ərizəsi ilə 2017-ci ildə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin vaxt iddiaçının adı çəkilən JN-5043 nömrəli şəhadətnamədən məlumatı olmuşdur. Qeyd olunan şəhadətnamə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozur, bu səbəbdən də şəhadətnamənin ləğv olunmasını tələb edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin ərazidə o və digər şəxslər yaşayış evləri tikmişlər və yaşayırlar. Əntiqə Mustafayeva ümumi məhkəmədə onların həmin ərazidən çıxarılması və evlərin sökülməsi barədə iddia qaldırmışdır, hazırda Gəncə Apellyasiya Məhkəməsində həmin işin icraatı dayandırılmışdır. İddiaçının vəkili X9 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən şəhadətnamə barədə idarənin elektron bazasında məlumat vardır, lakin həmin sənədin mübahisələndirilməsi ilə bağlı iddia müddəti ötürülmüşdür. Üçüncü şəxs X1 vəkili X7 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus sahə ilə mübahisələndirilən şəhadətnamə ilə müəyyən edilmiş sahə üst-üstə düşmür. Digər üçüncü şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 05.06.2004-cü il tarixli JN-5043 nömrəli şəhadətnamənin surətindən görünür ki, Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin 11.07.1990-cı il tarixli 11 saylı qərarı və 05.05.2004-cü il tarixli 193 saylı icarə müqaviləsi ilə istehsalat sahəsi yaratmaq üçün X3 və X5 2.025 hektar torpaq sahəsi 25 il müddətinə müvəqqəti istifadə üçün verilmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən 05.06.2004-cü il tarixli JN-5043 nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş hüquqi sənəd (05.05.2004-cü il tarixli 193 saylı icarə müqaviləsi) qüvvədə olduğu halda həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi iddiaçı mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş sənədləri mübahisələndirmək əvəzinə həmin sənədlər əsasında verilmiş şəhadətnaməni mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar