Məhkəmə qərarları › İş №2-1(114)-132/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-132/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-132/2023 11.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək qabiliyyətinin itirilmə faizinin dəqiqləşdirilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək qabiliyyətinin itirilmə faizinin dəqiqləşdirilməsi və ona uyğun sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq hərbi xidmət qulluqçu kimi hərbi xidmət keçmişdir, hal-hazırda hərbi xidmət dövründə düçar olduğu xəstəlikdən əziyyət çəkir. Həkimlər tərəfindən ona xroniki "c" virus hepatiti, qara ciyərin serrozu, portal hipertenziya, onurğa sütunun döş nahiyəsinin zirvəsi Th11 cismi olmaqla sağa doğru təsbit olunmayan 2(ikinci) dərəcəli skoliozu diaqnozu qoyulmuşdur. Səhhəti gündən-günə pisləşir. Müalicələrə ehtiyacı artır. Bu illər ərzində dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Tibb müəşisələrində və mülki xəstəxanalarda dəfələrlə müalicələr almış, hal-hazırda keçmişdə aldığım xəsarətləri və keçirdiyi xəstəliklər ona əziyyət verir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 249 №-li xəstəlik haqqında şəhadətnaməsində qeyd olunur ki, "xəstəlik hərbi xidmət dövründə alınmışdır". İddiaçı hazırda xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsi almaq istəyir. xx.xx.2022-ci il tarixində iddiaçıya aid 88 nömrəli forma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK-ə) sisteminə vurulmuş, lakin ona əlillik verilməsindən imtina edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə X3 adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 – Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.2 - Xroniki virus mənşəli C hepatiti; Diaqnozun mətni Virus mənşəli xroniki C hepatiti, Xroniki virus hepatiti C.Skolioz, Onurğa sütunun döş nahiyəsinin zirvəsi Th11 cismi olmaqla sağa doğru təsbit olunmayan 2 dərəcə skoliozu.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir;" səbəbi ilə imtina verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “sosial müavinətin təyin edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 249 №-li xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, iddiaçıya “xroniki "c" virus hepatiti, qara ciyərin serrozu, portal hipertenziya, onurğa sütunun döş nahiyəsinin zirvəsi Th11 cismi olmaqla sağa doğru təsbit olunmayan 2(ikinci) dərəcəli skoliozu” “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının cavabından görünür ki, İddiaçı əlillik verilməsindən “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbilə imtina edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2019-cı il tarixli 143511 nömrəli, xx.xx.2019-cu il tarixli 143383 nömrəli, xx.xx.2020-ci il tarixli 126756 nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli stasionar xəstənin tibbi kartasından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Gəncə şəhər Yolxucu xəstəliklər xəstəxanasında stasionar müalicə almışdır. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, T 496/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Forma-88-də qeyd edilən "virus mənşəli xroniki "C" hepatiti, xroniki virus hepatiti "C", skolioz, onurğa sütununun döş nahiyəsinin zirvəsi TH11 cismi olmaqla sağa doğru təsbit olunmayan 2 dərəcə skoliozu" diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nin təyininə dair meyarların hər hansı bir bəndinə aid etmək mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 249 №-li xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçıya “xroniki "c" virus hepatiti, qara ciyərin serrozu, portal hipertenziya, onurğa sütunun döş nahiyəsinin zirvəsi Th11 cismi olmaqla sağa doğru təsbit olunmayan 2 (ikinci) dərəcəli skoliozu” “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. Bundan sonra iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona əlillik təyin edilməsini xahiş etsə də, cavabdeh tərəfindən bundan imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:- 1.0.1-ci bəndinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.17-ci bəndinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci bəndinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən imtina edilmişdir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, Forma-88-də qeyd edilən "virus mənşəli xroniki "C" hepatiti, xroniki virus hepatiti "C", skolioz, onurğa sütununun döş nahiyəsinin zirvəsi TH11 cismi olmaqla sağa doğru təsbit olunmayan 2 dərəcə skoliozu" diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nin təyininə dair meyarların hər hansı bir bəndinə aid etmək mümkün olmamışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın müvafiq qərarı və imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək qabiliyyətinin itirilmə faizinin dəqiqləşdirilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar